Məhkəmə qərarları › İş №3(007)-4601/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4601/2023

06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4601/2023 06.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, 00100-02150/23 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-022078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raporta və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Vahid X1 informasiya resursunun banklarla DGK arasında “Forma 3.9.2.1” elektron hesab sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC (VÖEN: **********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumilikdə 11478.1 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 11478.1 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət verərək, Şəxs MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən 24 avqust 2023-cü il tarixdə tərtib edilmiş protokolun ləğv edilməsini, İXM-nin 53-cü maddəsinin tələblərini əsas tutaraq inzibati işə xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, protokol və qərardad əsassızdır. Dövlət Gömrük Komitəsi qərardadda qeyd edir ki, Cəmiyyətə dəfələrlə bildiriş, xəbərdarlıq və dəvət məktubu göndərilmişdir. Halbuki, iş materiallarına əlavə edilən sənədlərin heç birinin həqiqətən Cəmiyyətə göndərilməsini təsdiq edən sənəd, poçt bildirişi işə əlavə edilməmişdir. İXM-nin 57-ci maddəsində birbaşa göstərilir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bununla da Dövlət Gömrük Komitəsi Şəxs MMC barəsində işə baxarkən İXM-nin 57-ci maddəsinin tələblərini pozmuşdur. İkinci hal isə ondan ibarətdir ki, qərardadda göstərilir ki, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə ümumillikdə 11478,1 ABŞ dolları məbləğində vəsait müvəkkil bankda olan hesaba köçürülməyib. Dövlət Gömrük Komitəsi burada dəqiq hansı bəyannamə üzrə, yəni bəyannamənin tarixini qeyd etməmiş, qeyri-müəyyən formada “xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirirlən 1 gömrük bəyannaməsi” kimi qeyd etmişdir. Halbuki işə əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, 11478,1 ABŞ dolları məbləğində malların bəyan edildiyi bəyannamənin tarixi xx.xx.2021-ci il tarixidir. OOO "xxxx" ilə "xxxx" MMC arasında bağlanmış müqaviləyə əsasən 2021-ci ilin dekabr ayında mallar "xxxx" MMC şirkətinə göndərilmişdir. Göndərilən mallar qablaşdırma siyahısının tarixinə əsasən 2021-ci ilin noyabr ayında istehsal edilmiş və 2021-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının gömrük sərhədindən keçmişdir. Lakin, Rusiya Federasiyasında gömrük rəsmiləşdirilməsi və ərzaq idxalına nəzarət edən Baytarlıq Xidməti Təşkilatının rəsmiləşdirməni gecikdirməsi nəticəsində, eyni zamanda sərhəddə böyük növbənin olması ilə əlaqədar olaraq həmin malların Rusiya Federasiyasının gömrük sərhədindən keçməsi və OOO "xxxx"-nun ünvanına çatmasında xeyli gecikmələr olmuşdur. Bu gecikmə nəticəsində şirkət tərəfindən mallar təhvil alınan zaman onların istifadəyə yararlılıq müddəti bitmək üzrə olmuş və bu səbəbdən həmin malları pərakəndə satış şəbəkələrinə verərək satışını təşkil etmək qeyri-mümkün olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq OOO "xxxx" həmin malları qəbul etməkdən və malların ödənişini həyata keçirməkdən imtina etmişdir. Eyni zamanda OOO "xxxx" tərəfindən onlara malların utilizasiyasında nümayəndənin iştirakını təmin etmələri üçün məktub göndərilmişdir. Utilizasiyada nümayəndənin iştirakını təmin edə bilməsələr də, qeyd olunan malların utilizasiya olunduğunu təsdiq edən scan sənədlər OOO "xxxx" tərəfindən onlara göndərilmişdir. Tərəflərindən xx.xx.2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinə yuxarıda qeyd edilən məzmunda məktub ünvanlanmış, həmin məktuba OOO "xxxx" ilə olan müqavilənin, "xxxx" tərəfindən onlara ünvanlanmış məktubun, malların idxalını və ixracını təsdiqləyən gömrük bəyannamələrinin surəti, qablaşdırılma siyahısının surəti, CRM-nın surəti, malların utilizasiya aktlarının surəti əlavə edilmişdir. Həmin sənədlər hazırkı vəsatətə əlavə edilərək məhkəməyə təqdim edilir. Bununla da, tərəflərindən DGK-nin qarşısında təsdiq edilmiş olur ki, həmin sözügedən bəyannamə üzrə mallar faktiki olaraq alıcıya çatmamış, sərhəd keçidində uzun müddət qaldığına görə məhv edilmiş və utilizasiya edilməsi barədə aktlar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş bəyannamənin tarixi xx.xx.2021-ci ildir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın V fəsil, 12-ci maddəsində göstərilir ki, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onlara bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Mərkəzi Bank tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Mərkəzi Banka ötürürlər. Mərkəzi Bank müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir. Əgər xx.xx.2021-ci il tarixdə gömrük bəyannaməsi yazılmışdırsa, 2022-ci ilin iyunun 1-də 180 gün tamam olmuşdur. DGK-nin Bakı Baş Gömrük İdarəsi tərəfindən “inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında” qərardad isə xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. İXM-nin 38.1-ci maddəsində göstərilir ki, bir sıra inzibati xətalar, o cümlədən gömrük qaydaları əleyhinə inzibati xəta törədildiyi gündən ən geci bir il keçənədək şəxs barəsində inzibati tənbeh verilə bilər. “İXM-nin 483-cü maddəsinin şərh edilməsi barədə 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarında İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətin yaranmasının əsaslarına dair qeyd edir ki, “İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın ictimai təhlükəliliyi iqtisadi fəaliyyət sahəsində stabilliyin pozulmasında ifadə olunur. İnzibati məsuliyyətin yaranması üçün iki əsas nəzərdə tutulmuşdur: 1) xarici valyuta vəsaitinin xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilməsi; 2) əldə edilmiş və məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmaması. Həmin maddə ilə nəzərdə tutulan hüquqazidd əməlin subyekti kimi xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki və ya hüquqi şəxs çıxış edir. Şərh olunan maddədə nəzərdə tutulan inzibati xətanın obyektiv cəhəti məcburi qaydada köçürülməli olan vəsaitin xaricdən qaytarılmamasında ifadə olunur. Bu əməl həmin şəxslər tərəfindən hərəkət və ya hərəkətsizliklə törədilə bilər. Eyni zamanda qeyd edilməlidir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə inzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) kimi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 3 və 12.1-ci maddələri). Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini müəyyən etməlidir. Bəzi hallarda hüquqi və fiziki şəxslərin ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müvəkkil bankda olan hesablara köçürülməsi şəxsin iradəsindən asılı olmayan səbəblərdən (məsələn qarşı tərəfin öhdəliyi icra etməməsi və s.) baş tutmaya və ya qanunvericilikdə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər. Buna görə məhkəmə işin bu hallarını şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirməlidir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə müəyyən edilmiş tənzimləmə xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxsin mülkiyyət hüququna qanunla nəzərdə tutulmuş müdaxilə olmaqla, dövlətin mənafeyinin qorunmasına və xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxslərin ölkənin iqtisadi inkişafına töhfə verməsinə yönəlmişdir. Lakin qeyd edilən maddədə nəzərdə tutulmuş cərimənin əsassız olaraq həmin şəxslərdən hesablanaraq tutulması, son nəticədə ixracedənin maliyyə vəziyyətinin pisləşməsi ilə yanaşı, işgüzar nüfuzunun zədələnməsi nəticəsində gələcəkdə əldə edilə bilən gəlirdən də məhrum olunmasına səbəb ola bilər.” Şəxs MMC tərəfindən göndərilən mallar alıcıya çatmadığına və utilizasiya olunduğuna görə Şəxs MMC tərəfindən İXM-nin 483-cü maddəsinin tərkib hissəsini yaradan əməl törətmiş hesab edilə bilməz. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə vəsatətin məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2021-ci il tarixli, **********2205 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən “OOO FudAqro” şirkəti ilə arasında bağlanmış xx/xx/2021 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Bakı Baş Gömrük İdarəsində xx.xx.2021-ci il tarixdə **********2205 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb 11478,10 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. - 3-33-/3-1-022078/2023 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Vahid X1ndə, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 11478,1 ABŞ dolları məbləğində vəsait sözügedən hesabatda öz əksini tapmamışdır. - Sənədlərə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hüquqi şəxs Şəxs MMC ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan OOO "xxxx" arasında bağlanılmış müqaviləyə uyğun olaraq, ümumilikdə 1 gömrük bəyannaməsi üzrə malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 11478.1 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - xəbərdarlıqdan və bildirişdən görünür ki, Şəxs MMC-nin rəhbərliyinə konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair Bakı Baş Gömrük İdarəsi tərəfindən xəbərdarlıq və bildiriş göndərilmişdir. - Utilizasiyanın həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 01 nömrəli və 737 nömrəli aktlardan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 300-Y/21 nömrəli müqavilə əsasında 2820 kq qida tullantılarının (ət məhsullarının) utilizasiyası həyata keçirilmişdir. - Utilizasiyanın həyata keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, 02 nömrəli və 739 nömrəli aktlardan görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 300-y/21 nömrəli müqavilə əsasında 380 kq qida tullantılarının (ət məhsullarının) utilizasiyası həyata keçirilmişdir. - Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Şəxs MMC Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məktub ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC Azərbaycan Respublikasında süd və ət məhsullarının istehsalı və satışı ilə məşğul olan yerli hüquqi şəxsdir. xx.xx.2021-ci il tarixdə Şəxs MMC ilə Rusiya Federasiyasının hüquqi şəxsi olan "xxxx" MMC arasında kolbasa və ət məhsullarının alqı-satqı müqaviləsi ilə bağlı 300-Y/21 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən 2021-ci ilin dekabr ayında mallar "xxxx" MMC şirkətinə göndərilmişdir. Göndərilən mallar qablaşdırma siyahısının tarixinə əsasən 2021-ci ilin noyabr ayında istehsal edilmiş və 2021-ci ilin dekabr ayının 10-da Azərbaycan Respublikasının gömrük sərhədindən keçmişdir. Lakin, Rusiya Federasiyasında gömrük rəsmiləşdirilməsi və ərzaq idxalına nəzarət edən Baytarlıq xidməti təşkilatının rəsmiləşdirməni gecikdirməsi nəticəsində, eyni zamanda sərhəddə böyük növbənin olması ilə əlaqədar olaraq həmin malların Rusiya Federasiyasının gömrük sərhədindən keçməsi və "xxxx" MMC-nin ünvanına çatmasında xeyli gecikmələr olmuşdur. Bu gecikmə nəticəsində şirkət tərəfindən mallar təhvil alınan zaman onların istifadəyə yararlılıq müddəti bitmək üzrə olmuş və bu səbəbdən həmin malları pərakəndə satış şəbəkələrinə verərək satışını təşkil etmək qeyri-mümkün olmuşdur. Qeyd olunanlarla əlaqədar olaraq "xxxx" MMC həmin malları qəbul etməkdən və malların ödənişini həyata keçirməkdən imtina etmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən onlara malların utilizasiyasında nümayəndələrinin iştirakını təmin etmələri üçün məktub göndərilmişdir. Utilizasiyada nümayəndələrinin iştirakını təmin edə bilməsələr də qeyd olunan malların utilizasiya olunduğunu təsdiq edən sənədləri təqdim etmişlər. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC Şəxs MMC-yə məktub ünvanlayaraq bildirmişdir ki, xx.xx.2021-ci ildə aralarında xx/xx/2021 nömrəli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, mallar 2021-ci ilin dekabrında “Aqrofood”a göndərilib. Göndərilən məhsul qablaşdırma vərəqəsinin tarixinə uyğun olaraq xx.xx.2021-ci ildə istehsal edilib və saxlama müddəti 45 gündür. xx.xx.2021-ci il tarixində həmin mallar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilib. Həmin vaxt Yeni il qabağı Rusiya Federasiyasına yük daşıyan çoxlu yük maşınları olmuş, buna görə də Rusiya gömrük idarəsində qeydiyyat üçün uzun növbə yaranmış və ərzaq məhsullarının Rusiya Federasiyasına idxalına nəzarət edən Baytarlıq xidməti müxtəlif bəhanələrlə idxal sənədlərinin işlənməsini gecikdirmiş, nəticədə isə həmin mallar Rusiya Federasiyasının gömrük sərhədindən keçib və onların ünvanlarına çatmasında xeyli gecikmələr olub. Bu ləngimə nəticəsində məhsullar onlara gətirilərkən yararlılıq müddəti başa çatmaq üzrə olmuşdur. Bu baxımdan həmin malların pərakəndə satış şəbəkələrinə paylanaraq satışını təşkil etmək mümkün olmamışdır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq, onlar bu malları qəbul etməkdən imtina etmişlər və yuxarıda göstərilən səbəblərə görə malların ödənişi onlar üçün mümkün deyildir. Məhsul utilizasiya edilməli olmuşdur, bu da xx.xx.2022-ci il tarixli, 1 nömrəli və xx.xx.2022-ci il tarixli, 2 nömrəli utilizasiya aktları ilə təsdiqlənir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları” nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş malların müqabilində köçürülməli olan 11478,1 ABŞ dolları məbləğində vəsait Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına köçürülməmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, habelə digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında nümayəndənin izahatında göstərdiyi hallara dair, yəni Şəxs MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş və xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 11478.1 ABŞ dolları məbləğində malların Rusiya Federasiyasında gömrük rəsmiləşdirilməsinin gecikməsi nəticəsində "xxxx" MMC-nin ünvanına gec çatmasını və utilizasiya edilmiş 380 kq və 2820 kq qida məhsulunun xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş məhsul olmasını təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi qanunvericiliyə əsasən Şəxs MMC xx.xx.2021-ci il tarixdən 180 gün ərzində, yəni xx.xx.2022-ci il tarixədək ixrac etdiyi məhsulun dəyəri olan 11478.1 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə olduğu təqdirdə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, inzibati xəta hadisəsinin törədildiyi xx.xx.2022-ci il tarixdən hazıradək bir ildən artıq müddət keçmişdir. Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokol inzibati xətanın törədildiyi vaxtdan bir ildən artıq müddət keçdikdən sonra, yəni 24 avqust 2023-cü ildə tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs MMC inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar