Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4601/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonunun Mil qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri Nərimanov rayonu, Montin qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 sentyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 18 sentyabr 2024-cü il tarixdə saat 19:50 radələrində ünvan 1 ünvanında yerləşən “Spar Market”in daxilində yerləşdirilmiş Zərərçəkmiş şəxs MMC-yə məxsus 54655 nömrəli “Milliön” aparatının ekranına yumruğu ilə bir dəfə vurub, aparatın 150 manat dəyərində sensor şüşəsini və 520 manat dəyərində monitorunu qəsdən zədələyərək şirkətə az miqdarda - 670 manat məbləğində maddi zərər vurmuşdur. İşə baxılmasının yeri və müddəti barədə vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 18 sentyabr 2024-cü il tarixdə saat 19:50 radələrində o, alışveriş etmək və metro kartına pul yükləmək məqsədilə ünvan 1 ünvanında yerləşən “Spar Market”ə daxil olmuşdur. Metro kartına pul yükləmək üçün mağazanın içərisindəki “Millön” aparatına yaxınlaşmış, metro kartını aparata daxil etmiş, 3 manat ödəniş etmişdir. Lakin ödəniş etdiyi pul metro kartına yüklənməmişdir. Bu səbəbdən aparatı 2-3 dəfə silkələmiş, aparat yenə ödənişi qəbul etməmiş, 3 manat pulu isə geri qaytarmamışdır. Ona görə anidən qəzəblənmiş və bir dəfə yumruqla həmin aparatın ekranına zərbə endirmiş, aparatın ekranı zədələnmişdir. Etdiyi əməldən peşmandır, bir daha belə bir hallara yol verməyəcəyinə söz verir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs MMC-nin 19 sentyabr 2024-cü il tarixli PPO-SEC/1487/2024 nömrəli məktubundan görünür ki, naməlum şəxs tərəfindən ünvan 2 ünvanında yerləşən “Spar Market”in binasının daxilində quraşdırılmış, şirkətin şəxsi mülkiyyəti olan 51655 nömrəli ödəmə aparatının ekranına zərbə endirərək 150 manat dəyərində sensor şüşəni və 520 manat dəyərində monitoru zədələyərək sındırmışdır. Ödəmə aparatının zədələnməsi nəticəsində şirkətə 670 manat məbləğində maddi ziyan vurulmuşdur. Hadisə nəticəsində ödəmə aparatının fəaliyyəti pozulmuş və vətəndaşların haqlı narazılıqlarına səbəb olmuşdur (videogörüntü iş materiallarına əlavə edilmişdir). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin təhqiqatçısının 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Azərbaycan Respublikası İXM-nin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə tədbir görülməsi üçün 23-cü polis bölməsinə təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz onun tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Məhkəmə, işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs MMC-yə az miqdar hesab olunan 670 manat dəyərində maddi ziyan vurmuşdur və o, vurduğu həmin maddi ziyanı ödəməmiş, zərərçəkmiş şəxslə barışmamışdır. Belə olan halda, İXM-nin 39.2-ci maddəsində müəyyən edilən qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi ziyan ödənilmədiyindən, zərərçəkmiş hüquqi şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, 670 (altı yüz yetmiş) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4601/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4601/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver