Məhkəmə qərarları › İş №3(007)-461/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-461/2024

26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-461/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, X1 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Göyçay rayonu, Qaraməryəm ərazi dairəsi, Qarayazı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 4 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsindən daxil olmuş 26 yanvar 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarxidə Nizami rayonu, Koroğlu metrostansiyasının yaxınlığında “Alov” park adlanan yerdə 1 nömrəli tədbir zamanı Nizami RPİ-nin PPXB-nin əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi, polis kapitanı X8 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası CM-nin 149.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış və onun dediyi məlumata əsasən 6 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Azərbaycan Respublikası CM-nin 149.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmış və 6 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını tam çəkib qurtarmayıb. Cəzasını 4 saylı Cəzaçəkmə Məntəqəsində çəzasını çəkir və fevral ayının biri cəzası qurtarır. O, müharibədə iştirak etməyib və əlilliyi yoxdur. O, polisə müqavimət göstərməyib, polisin paqonun cırmayıb. O, bu gün səhər saatlarında tutulub. Onun anası xəstəxanada olduğu üçün tələsirdi. Polis ona dayanmalı olduğunu deyəndən sonra onu buraxmasını xahiş edib. O, əməlində peşmandır, amma polisə qarşı tabesizlik etməyib. Qeyd etdiklərinin nəzərə alınmasını və barəsində inzibati həbslə bağlı olmayan cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X9 izahatında X5 barəsində daha yüngül cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri polis serjantı X4 izahatında göstərmişdir ki, bu gün xidmətdə olarkən bir nömrəli tədbirin keçirilməsi zamanı 09:00 radələrində şəxsə gözləməli olduğu bildirdi. Şəxs isə ona əli ilə işarə edərək, “yerin altı da, üstü də sizindir, nə istiyirsiz edirsiz” məzmununda sözlər demişdir. Ona yaxınlaşıb, polis əməkdaşlarının yanında dayanmalı olduğunu, tədbirin davam etdiyini bildirdi, lakin həmin şəxs onun sözlərinə məhəl qoymamışdır. Şəxs işə tələsdiyini bildirdirir, onu itələyir və yaxasından tuturdu. Digər polis əməkdaşı köməyə gəldi. Bundan sonra həmin şəxsi polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü manqa komandiri polis baş serjantı X7 izahatında göstərmişdir ki, bir nömrəli tədbirin keçirilməsi zamanı şəxs polisinin qanuni tədbirinə əməl etməyib, polis əməkdaşını təhqir etmişdir. Sonra həmin şəxsi polis bölməsinə aparıblar. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar və Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbsinin başlanğıcı tutulduğu vaxtdan, yəni 26 yanvar 2024-cü il saat 09:35-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 26 yanvar 2024-cü il saat 09:35-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X6 "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar