Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4642/2023 04.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 1999-cu il tarixdə Salyan rayonunun Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Salyan rayonunun Qarabağlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 04 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 20:30 radələrində müştəri qismində daxil olduğu Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən mobil telefonların alqı-satqısı mağazasında mağaza sahibi Zərərçəkmiş şəxs baxıb bəyənmək üçün təqdim etdiyi 200 manat dəyərində 01 ədəd “Samsung A02S” markalı və 280 manat dəyərində 01 ədəd “X7 9S” markalı mobil telefonları, Zərərçəkmiş şəxs bayıra çıxmasından istifadə edərək, gizli yolla oğurlayıb cibinə qoyaraq bayıra çıxmış, oradan uzaqlaşaraq mobil telefonları başqa şəxslərə satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 480 manat məbləğində maddi ziyan vurmaqla özgə əmlakını xırda talamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, təxminən 10-15 gün əvvəl işləmək üçüb Bakı şəhərinə gəlmişdir. Bir neçə gün özünə iş axtarsa da tapa bilməmiş, ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 01 sentyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığına gələrək mobil telefonların satışı ilə məşğul olan mağazaya daxil olmuş, satıcıya mobil telefon satdığını və çoxlu sayda ucuz telefonlar almaq istədiyini demişdir. Satıcı çoxlu sayda mobil telefon göstərdikdən sonra ona qutu gətirməsini və bəyəndiklərini qutuya yığacağını bildirmişdir. Təxminən 6-7 ədəd mobil telefon bəyəndikdən sonra ümumi qiyməti deməsini istəmiş, satıcı ümumilikdə 950 manat pul ödəməli olduğunu demişdir. Satıcıya ödənişi kart vasitəsi ilə ödəyəcəyini deyərək karta pul gələcəyini demiş, həmin şəxs onunla razılaşdıqdan sonra içəri keçmiş, bu zaman iki ədəd mobil telefonu götürərək cibinə qoymuşdur. Bundan sonra satıcıya su alacağını bildirib çölə çıxmış, bir qədər mağazanın çöl hissəsində gəzişdikdən sonra oranı tərk edərək çıxıb getmiş, oğurladığı “Samsung A02s” markalı mobil telefonu “28 May” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 100 manata, digər “X7 9s” markalı mobil telefonu isə 80 manata satmış, əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. Maddi imkanı olmadığına görə dəymiş zərəri ödəyib zərərçəkmişlə barışıq əldə edə bilməmişdir. O, Vətən müharibəsinin iştirakçısı olmaqla Xudafərin istiqamətində, Qubadlı və Zəngilan rayonları ərazisində torpaqların erməni işğalçılarından azad olunmasına iştirak etmişdir, müharibə veteranıdır. Qeyd etdiklərini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 74 ünvanında yerləşən mağazada mobil telefonların alışı və satışı ilə məşğuldur. 01 sentyabr 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində bir nəfər tanımadığı şəxs mağazaya daxil olmuş, “Samsung A52” markalı mobil telefonu olduğunu, həmin mobil telefonu satmaq istədiyini, əlavə olaraq ucuz mobil telefonlar almaq istədiyini bildirmişdir. O, həmin şəxsə problem olmadığını bildirmiş, həmin şəxs vitrinə baxdıqdan sonra təxminən müxtəlif markalı mobil telefonları qutuya yığdırmışdır. O, bu mobil telefonların ümumi qiymətini 950 manat hesablamış, həmin şəxs qiymətlə razılaşdıqdan sonra üzərində pulunun az olduğunu, kart vasitəsi ilə pul gələcəyini bildirib çölə çıxmışdır. Həmin şəxs bir qədər mağazanın qarşısında gəzişmiş, təxminən yarım saat gözlədikdən sonra çölə çıxmış, çölə baxan zaman həmin şəxsin çıxıb getdiyini aşkar etmişdir. Sonradan qutuya baxan zaman həmin şəxsin “Samsung A02s” markalı və “X7 9s” markalı mobil telefonları oğurladığını aşkar etmişdır. “Samsung A02s” markalı mobil telefon 200 manat dəyərində, “X7 9s” markalı mobil telefon isə 280 manat dəyərində olmuş, bununla da baş vermiş hadisə nəticəsində ona ümumilikdə 480 manat maddi ziyan dəymişdir. Oğurluğu törətmiş Şəxs polislər tərəfindən müəyyən olunaraq saxlanılmışdır, lakin o, vurduğu maddi ziyanı ödəmədiyinə görə onunla barışmamışdır, şikayətçidir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 03 mart 2023-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və hadisəni törədən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti 24-cü PŞ-nin aidiyyəti sahə inspektoruna təqdim olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməlindən səmimi peşman olmasını, Vətən müharibəsinin iştirakçısı, müharibə veteranı olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində ictimai iş növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bundan başqa hesab edir ki, Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablanmalı, Azərbaycan Respublikası İXM-nin 28.3-1-ci maddəsinin tələbinə uyğun olaraq, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalı, qərarın icrası yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından görünür ki, Şəxs hazırkı iş üzrə 03 sentyabr 2023-cü il tarixdə saat 17:00-da inzibati qaydada tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, o, tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilmədiyi müəyyən edilmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 180 (bir yüz səksən) saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilsin və o, tutmadan azad edilsin. Şəxs inzibati tənbeh müddətinin əvvəli qərarın faktiki icraya başlandığı vaxtdan hesablansın. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4642/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4642/2023
04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver