Məhkəmə qərarları › İş №3(007)-4662/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4662/2023

29.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4662/2023 29.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi-əmək müfəttişi X5, həmin orqanın nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi və vəkili-Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 38A olan Şəxs QSC tərəfindən X9 23 may 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə (xidmətə) cəlb olunmasına baxmayaraq, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsi bağlanılmamış və elektron informasiya sisteminə daxil edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin direktoru tərəfindən inzibati xəta haqqında protokola dair yazılı etiraz verilmiş, etiraz onunla əsaslandırılmışdır ki, 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə təqsirli bilindikləri inzibati xətanı törətmədiklərinə görə həmin protokol ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. İlk növbədə bildirir ki, vətəndaş X6 müraciəti və Şəxs QSC-nin 3-17-5/1-21539/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu nəzərə alınsa, protokol düzgün yazılmayıb və cəmiyyət hec bir əsas olmadan Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilir. Vətəndaşın müraciəti və A-Kond 1 QSC-nin cavab məktubu nəzərə alınsa, cəmiyyətin təqsiri subuta yetirilmiş olduğu halda Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) təqsirləndirilə bilərdi. Bildirir ki, vətəndaş X9 xx.xx.2023-cü il tarixdə A-Kond 1 QSC-nin kadrlar şöbəsinə yaxınlaşaraq qaynaqçı vəzifəsinə işə düzəlmək üçün ərizə yazmışdır. Ərizə ilə birlikdə digər sənədləri kadrlar şöbəsinə təqdim etmişdir. Kadrlar şöbəsində mütəxəssislər tərəfindən ona işə qəbul edilməsi üçün qaynaq işlərinə aid bir neçə suallar verilmiş, suallara kafi cavab vermiş, eyni zamanda qaynaqçı peşəsini bilməsini təsdiqləyən hər hansı bir sənədinin (sertifikat, diplom) olub-olmaması soruşulmuş, o isə sənədinin olmasını bildirmiş, səhər gətirərəm deyərək kadrlar şöbəsindən çıxmış və bir daha geri qayıtmamışdır. Bu şəbədən də onun peşəkarlıq səviyyəsi yetərincə olmadığı bəlli olmuş və sistemdə əmək müqaviləsi işəgötürən tərəfindən imzalanmamışdır. Eyni zamanda cəmiyyətlə X10 arasında əmək münasibəti olmamış və o, heç vaxt cəmiyyətdə işləməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX-ə ünvanladıqları xx.xx.2023-cü il tarixli 3-17-5/1-21539/2023 nömrəli cavab məktubundan da göründüyü kimi vətəndaş X9 ilə cəmiyyət arasında xx.xx.2023-cü tarixdə əmək müqaviləsi bağlanılması üçün “Əmək və məşğulluq” (ƏMAS) altsistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınsa da görəcəyi işin peşəkarlıq səviyyəsi qane etmədiyindən müvafiq bildiriş imzalanmamış və buna görə də qüvvəyə minməmişdir. Əmək Məcəlləsinin məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İşin hallarından göründüyü kimi bildirişin qeydiyyata alınması barədə işəgötürənə elekton qaydada məlumat göndərilməmişdir. Bu səbəbdən də, Şəxs QSC-nin inzibati xəta törətməsi barədə təqsirliliyi sübuta yetirilmir və cəmiyyətin inzibati xətanın törətməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi-əmək müfəttişi X11 protokolda qeyd edilənlərə uyğun izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 göstərmişdir ki, hüquqi şəxsin rəhbərinin yazılı etirazında qeyd olunanların hüquqi əsası yoxdur, əmək münasibətlərinin pozulması, yəni vətəndaş X6 23 may 2023-cü il tarixdən 22 iyun 2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Şəxs QSC tərəfindən işə (xidmətə) cəlb olunmasına baxmayaraq, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsinin bağlanılmaması və elektron informasiya sisteminə daxil edilməməsi faktı aşkardır. İnzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, Şəxs QSC-nin barəsində tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi və vəkili Vəkil yazılı etirazın dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X6 Şəxs QSC-yə işə qəbul edilməsini və işçi kimi işləməsini təsdiq edən hər hansı sübut yoxdur, inzibati orqan buna dair sübut təqdim etməmişdir. Özlərinin məhkəməyə təqdim etdikləri sübutlarla, o cümlədən QSC əməkdaşlarının 2023-cü ilin may və iyun ayları üzrə iş vaxtlarının uçotu tabeli ilə də təsdiq olunur ki, QSC-nin belə adda işçisi olmamış, ona iş günü və əmək haqqı yazılmamışdır. X6 usta kimi işləməsi və ona 750 manat əmək haqqı ödənilməsi barədə təqdim etdiyi aktın mötəbərliyi təsdiq olunmur, ksero surət olan akta əlavə edilən, aktda adları qeyd olunmuş işçilərə dair elektron sistemdən çıxarışları Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən sistemdən çıxarıla bilər. Video görüntü də sübut kimi qəbul edilə bilməz, onun hansı tarixdə, hansı şəraitdə çəkilməsi müəyyən deyildir. İrəli sürdükləri dəlilləri nəzərə almaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərmişdir ki, o, işə qəbul edilməsi üçün Şəxs QSC-yə müraciət etmiş, heç bir yoxlama aparılmadan QSC-yə qaynaqçı işinə qəbul edilmişdir. Sonra qaynaqçı kimi işi onları qane etmədiyi üçün QSC-də ona bildirilmişdir ki, yavaş işləyir, ona görə işdən azad edilir, özü ərizə yazıb işdən çıxsın. 23 may 2023-cü il tarixdən etibarən 01 ay müddətində Şəxs QSC-də qaynaqçı vəzifəsində işləmiş, əmək haqqı da almışdır. İşə qəbul edilərkən onunla müqavilə bağlanmamış, müqavilənin bir nüsxəsi ona verilməmişdir. Amma hansısa sənədlərə ona imza etdirilmişdir. Sonra QSC-nin Füzuli şəhərində tikintisində iştirak etdiyi məktəb binasında aparılan işlərə cəlb edilmiş, orada işləmişdir. Onunla əmək müaviləsi bağlanmadığı üçün X14 şikayət vermişdir. O, işdən azad edilərkən QSC-nin Babək prospektində yerləşən ofisində akt tərtib edilmiş, həmin akt QSC-nin işçiləri tərəfindən imzalanmış, onun tərəfindən imzalanmamışdır. Aktda qeyd olunmuşdur ki, o, 23 may 2023-cü il tarixdə Füzuli məktəb layihəsinə qaynaqçı usta kimi qəbul edilmişdir, hazırda verilən tapşırığı yerinə yetirə bilmədiyi üçün işdən azad edilir, işlədiyi müddətə görə 750 azn məbləğlə təmin edilir. Həmin aktı və onun həqiqətən Şəxs QSC-də qaynaqçı vəzifəsində işlədiyini təsdiq edən digər sübutu, yəni iş yerindən çəkdiyi video görüntülərin olduğu 01 ədəd CD diski məhkəməyə təqdim etmişdir. Aktın surəti ona verilməmişdir, imza etməsi üçün ona təqdim edilərkən telefonu ilə şəklini çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, 2012-ci ildən Şəxs QSC-də sürücü-təchizatçı vəzifəsində işləyir. QSC-nin Bakı şəhərində yerləşən ofisində və ya digər iş yerlərində, həmçinin Füzuli şəhərində apardığı tikinti işlərində işləyərkən X6 həmin yerlərdə işlədiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 izahatında göstərmişdir ki, o, 2018-ci ildən Şəxs QSC-də sanitar qovşaqlar üzrə usta vəzifəsində işləyir. İşlədiyi müddətdə X6 həmin QSC-də işlədiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərmişdir ki, o, 2018-ci ildən Şəxs QSC-də sanitar qovşaqlar üzrə usta vəzifəsində işləyir. İşlədiyi müddətdə, o cümlədən 2023-cü ilin iyun ayında şirkətin Füzulidə apardığı tikinti işlərinə kömək üçün getdiyi 10 gün müddətində X6 həmin QSC-də işlədiyini görməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Bakı DOST Mərkəzində 142 Çağrı mərkəzi vasitəsi ilə 12 iyun 2023-cü il tarixdə qeydə alınmış 18NW2DP230007 nömrəli müraciətdən görünür ki, X9 aşağıdakı məzmunda müraciət etmişdir: “23 may 2023-cü il tarixdə Şəxs QSC-də (**********) İVK/SK üzrə qaynaqçı 1 vəzifəsi üzrə işə qəbul edilmişdir (22 iyun 2023-cü il tarixədək). Əmək müqaviləsinə müqavilə müddəti tamam olmadan xitam verilsə də, xitam maddəsi göstərilməmişdir, o, ərizə yazmadan, müqavilə müddəti tamam olmadan işdən çıxarıldığı və xitam maddəsi göstərilmədiyi üçün şikayətçidir”; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsinin 20 iyun 2023-cü il tarixli 3-17-5/2-22407/2023 nömrəli məktubundan görünür ki, vətəndaş X6 1 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətin araşdırılması üçün həmin müraciətə aydınlıq gətirilməsi və zəruri sənədlərin təqdim olunması Şəxs QSC-dən xahiş edilmişdir; -Şəxs QSC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsinə ünvanlanmış 25 iyul 2023-cü il tarixli 07/128 nömrəli cavab məktubundan görünür ki, Şəxs QSC ilə vətəndaş X9 arasında 23 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanılması üçün “Əmək və məşğulluq” (ƏMAS) altsistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınsa da, görəcəyi işin peşəkarlıq səviyyəsi qane etmədiyindən müvafiq bildiriş imzalanmamış və buna görə də qüvvəyə minməmişdir; -Şəxs QSC-nin bir neçə əməkdaşı tərəfindən tərtib olunmuş 23 may 2023-cü il tarixli aktdan görünür ki, vətəndaş X9 həmin QSC-də heç vaxt işləməmiş və cəmiyyətlə onun arasında heç bir əmək münasibəti olmamışdır; -Şəxs QSC-nin bir neçə əməkdaşının adından 28 sentyabr 2023-cü il tarixdə Füzuli rayon poçt şöbəsindən göndərilmiş teleqramdan görünür ki, vətəndaş X9 ümumiyyətlə onlarda işləməmişdir, onu tanımırlar, görməmişlər. Onlar Füzulidə işləyən əmək kollektividirlər, xahiş edirlər ki, nəzərə alınsın; -Şəxs QSC-nin əməkdaşları sahə mühəndisi Əsgərov Müşfiq, kadrlar üzrə menecer Şirəliyeva Yana, sənədləşmə üzrə koordinator Hacıyev Hacı və sahə mühəndisi Muradov Tofiqin iştirakları ilə tərtib olunmuş aktın surətindən görünür ki, həmin akda aşağıdakılar qeyd edilmişdir: “X9 xx.xx.2023-cü ildə Füzuli məktəb layihəsinə qaynaqçı-usta kimi qəbul edildi. Hal-hazırda verilən tapşırığı yerinə yetirə bilmədiyi üçün işdən azad edilsin. İşlədiyi müddətə görə 750 azn məbləğlə təmin edilsin”. Həmin akt adı çəkilən şəxslər tərəfindən imzalanmışdır, aktda “Qaynaqçı. Mirzəyev Sərvan. Haqqım olan məbləği aldım:” sözləri yazılsa da, imzalanmamışdır. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin iştirakı ilə X6 təqdim etdiyi 01 ədəd CD diskdəki 02 ədəd video faylda olan görüntülərə baxış keçirilmişdir. Baxış zamanı X6 Şəxs QSC-nin Füzuli şəhəri ərazisində aparılan məktəb binasının tikintisində qaynaqçı kimi gördüyü işlər, onun gördüyü işlərin hansı səbəbdən QSC-nin rəhbərliyi tərəfindən qəbul edilmədiyi, lakin onun bu məsələni əsassız hesab edərək əslində qaynaqbirləşdirmə işlərinin məhz hansı qaydada aparılmalı olduğunu izah etməsi, bundan başqa Füzuli şəhərində Özbəkistan Respublikasının ayırdığı vəsait hesabına tikilən məktəb binasının tikintisində işləyən özbək millətindən olan ustaları nümayiş etdirməsi müşahidə olunur. Həmin vaxt ustanın özbək dilində danışığı da video görüntüdə qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, Şəxs QSC tərəfindən X9 23 may 2023cü il tarixdən 22 iyun 2023-cü il tarixədək olan müddət üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən qaynaqçı kimi işə (xidmətə) cəlb olunmuş, peşəkarlıq səviyyəsi qane etmədiyindən onunla əmək müqaviləsi bağlanılmamış və elektron informasiya sisteminə daxil edilməmişdir. Bu fakt, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı öz təsdiqini tapmışdır. Eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin direktoru özünün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhər idarəsinə ünvanlanmış 25 iyul 2023-cü il tarixli 07/128 nömrəli cavab məktubunda da inzibati xəta hadisəsini etiraf etmiş, qeyd etmişdir ki, Şəxs QSC ilə vətəndaş X9 arasında 23 may 2023-cü il tarixdə əmək müqaviləsi bağlanılması üçün “Əmək və məşğulluq” (ƏMAS) altsistemində əmək müqaviləsi bildirişi qeydiyyata alınsa da, görəcəyi işin peşəkarlıq səviyyəsi qane etmədiyindən müvafiq bildiriş imzalanmamış və buna görə də qüvvəyə minməmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Baxılan işə münasibətdə məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs QSC tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs QSC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs QSC tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçinin əmək müqaviləsi bağlanılmadan və elektron informasiya sisteminə daxil edilmədən, peşəkarlıq səviyyəsinin müəyyən olunmasınadək işə cəlb edilməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslərin və şahidlərin irəli sürdükləri dəlilləri əsassız hesab edir və hüquqi şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilməsi kimi qiymətləndirir, hansı ki, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Belə ki, məhkəmə bir daha xatırladır ki, vətəndaş X6 Şəxs QSC-yə qaynaqçı işinə qəbul olunaraq işləməsi, lakin onunla əmək müqaviləsi bağlanılmaması və elektron informasiya sisteminə daxil edilməməsi işin mübahisəsiz halıdır, bu hal, QSC-nin direktorunun rəsmi məktubunun özü ilə etiraf edilir, bundan başqa QSC-nin səlahiyyətli şəxslərinin iştirakı ilə tərtib olunmuş akt əsasında həmin şəxsin işlədiyi göstərilməklə yanaşı əmək haqqı olaraq 750 manat pul ödənilmişdir. Eyni zamanda, təqdim edilmiş video görüntüdən də görünür ki, X1 Respublikasının ayırdığı vəsait hesabına tikilən məktəb binasında Şəxs QSC-nin işçisi olaraq gördüyü qaynaq işləri barədə məlumat verir, habelə orada işləyən özbək ustaları da nümayiş etdirir. Hansı ki, bu video görüntülərin şübhə altına alınması, mötəbər olmayan sübut qismində yanaşılması üçün əsaslar yoxdur, nəzərə alınmalıdır ki, kənar şəxslər belə tikinti sahələrinə, həmçinin həmin tikinti işləri işğaldan azad edilmiş Füzuli şəhərində həyata keçirildiyindən, iş və ya digər xüsusi icazəsi olmayan şəxslər həmin ərazilərə buraxılmırlar, ona görə də X6 da işçi kimi qeydiyyatdan keçirilib icazəsi olmadan qeyd olunan ərazilərə, tikinti sahəsinə getməsi mümkünsüz olardı. Şəxs QSC-nin əməkdaşları tərəfindən tərtib olunmuş akt isə belə sübutlar fonunda mötəbər sübut qismində qəbul edilə bilməz, ona görə ki, həm QSC-nin direktorunun yuxarıda istinad olunan etiraf məktubu mövcuddur, həm də aktın tərtib olunduğu qeyd edilən 23 may tarixində tərəflər arasında belə əmək mübahisəsi yaranmamışdı, X3 Əmək Müfəttişliyinə şikayətini bundan sonra, 12 iyunda etmişdir. Adlarından teleqram göndərilmiş işçilərin (inzibati səlahiyyəti olmayan şəxslərin) isə digər işçini tanımamaları normaldır, çünki təqdim edilmiş uçot tabelindən də görünür ki, QSC-nin çoxsaylı işçiləri vardır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs QSC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş hüquqi şəxsin barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin hüquqi şəxsi (müvafiq vəzifəli şəxslərinə münasibətdə) qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 20000 (iyirmi min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar