Məhkəmə qərarları › İş №3(007)-467/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-467/2020

21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-467/2020 21.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin nümayəndəsi X4 iştirakları ilə, Şəxs-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1 və 275.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X14 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 ünvanında yerləşən tikintiyə mane olan üç ədəd şam ağacı, ekspertiza rəyi olmadan, məhv edilərək ərazidən götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi X12 protokolda qeyd edilənlərə uyğun izahat vermiş, inzibati araşdırmanın vətəndaş X10 müraciəti əsasında başlanaraq aparıldığını, aktlar tərtib edildiyini göstərmiş, iş üzrə hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnin nümayəndəsi X11 izahatında göstərmişdir ki, Şəxs-nın tikinti apardığı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 ünvanında yaşayan şəxslər tərəfindən ərazidə mövcud olmuş üç ədəd şam ağacı çıxarılaraq başqa yerə aparılmış, MTK-nın işçiləri də onlara yardım etmişlər. Buna baxmayaraq, şam ağaclarının yerindən çıxarılmasına görə tətbiq edilmiş 5000 manat cərimə sakinlərin əvəzinə, MTK tərəfindən ödənilmişdir. Lakin bu hal, yəni artıq cərimənin ödənildiyi nəzərə alınmayaraq, MTK-nın barəsində ikinci dəfə tədbir görülmüş, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ekologiya və X9 əməkdaşları yerində araşdırma apararkən inzibati xəta hadisəsini müəyyən etmədən, vətəndaşın şikayəti əsasında protokol tərtib etmişlər. Hansı ki, vətəndaş X17 qərəzli olaraq MTK-dan şikayət etmişdir, hazırda isə məhkəməyə ərizə ilə müraciət edərək bunu etiraf etmiş, şikayət etməkdə məqsədinin MTK ilə olan mübahisənin, işin yubadılması olduğunu bildirmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X9 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, İdarənin xx xxxxxx 2020-ci il tarixli 44 nömrəli sərəncamına əsasən və Nazirliyin Dövlət Ekspertiza İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 22/129 nömrəli məktubu əsasında Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsi, 2400-cü məhəllə ünvanında Şəxs tərəfindən inşası nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binalarının tikinti layihəsinə rəy bildirilməsi ilə bağlı müraciətinə DEİ-də baxılmışdır. Baxış zamanı məlum olmuşdur ki, K.Balakişiyev küçəsinə paralel istiqamətdə yerləşən 2 mərtəbəli köhnə yaşayış binasının yerləşdiyi ərazinin hasarlandığı, binanın söküntü işlərinin başa çatdığı və ərazidə mövcud olmuş məhəllədaxili yaşıllıqların götürüldüyü müəyyən olunmuş və müvafiq tədbir görülməsi üçün idarəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdə Şəxs-nın sədri X2 iştirakı ilə əraziyə baxış keçirən zaman ərazidən götürülmüş ağacların cinsi, diametrlərini müəyyən etmək mümkün olmadı. Bununla da, Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 10, 13-cü maddələri pozulmuş, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsi qaydaları”na əməl olunmamışdır. Akt 11 saylı ETSİ-nin əməkdaşları Ş.M.Quliyev, R.Y.Bayramov və Şəxs-nın nümayəndəsi X7 tərəfindən imzalanmışdır. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X9 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Kamil Balakişiyev küçəsi, 32 ünvanında yoxlama aparılarkən aşağıdakılar aşkar edilmişdir: İdarənin xx.xx.2020-ci il tarixli 44BD nömrəli sərəncamına əsasən ünvan 2 ünvanında yaşayan X17 tərəfindən Nazirliyə daxil olmuş videoçəkilişlə əlaqədar ərazidə araşdırma aparıldı. Aparılan araşdırmada məlum oldu ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində mövcud yaşayış və qeyri-yaşayış sahələrinin sökülərək yerində hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi “xxxxxxxxx” MTK-ya həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 104 saylı “xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamın addan ada keçirilməsi” haqqında sərəncamına əsasən Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsində yaşayış tikintisinin layihələndirilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli 154 saylı sərəncamı və tərtib edilmiş 12899 saylı inşaat pasportu Şəxs-nın adına sənədləşdirilmişdir. Qeyd edilən ərazi 1,9276 ha torpaq sahəsi yüksəkmərtəbəli yaşayış binalarının tikintisi üçün Şəxs-ya verilmişdir. Şəxs hüquqi ünvanı AZ1060, ünvan 3 VÖEN ********** istifadəsinə verilmişdir. Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Dövlət Ekspertiza İdarəsinə müraciət edilmişdir. Araşdırmada Şəxs-nın sədri X7 iştirak etdi. Nizami rayonu, K.Balakişiyev küçəsi bina 30, mənzil 9-da yaşayan X17 tərəfindən təqdim olunan videoçəkilişdə 3 ədəd şam ağaclarının qanunsuz götürülməsi, məhv edildiyi aşkar olundu, ərazidə hündürmərtəbəli binanın tikilməsi üçün hazırlıq işlərinin görülməsi müəyyən edildi. Bununla da, Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 10, 13-cü maddələri pozulmuş, Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların mühafizəsi qaydaları”na əməl olunmamışdır. Akt 11 saylı ETSİ-nin əməkdaşları Ş.M.Quliyev, Ə.B.Qasımov, E.S.Həsənov və şikayətçi E.R.Yaqubov tərəfindən imzalanmış, Şəxs-nın nümayəndəsi X7 akta imza etməkdən imtina etmişdir. -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx xxxx 2020-ci il tarixli ER-22/124 nömrəli rəyindən görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin tələblərinə əsasən Nizami rayonu, 2400-cü məhəllə, K.Balakişiyev, M.Abbasov və Nəsimi küçələrinin kəsişməsi ünvanda, Şəxs tərəfindən tikintisi nəzərdə tutulmuş yaşayış binasının (Baş Plan üzrə 1 saylı bina) inşası zamanı əsas ekoloji tələblərin nəzərdə tutulduğunu və yol verilmiş nöqsanlarla əlaqədar cərimə sanksiyasının tətbiq edildiyini nəzərə alaraq təqdim olunmuş layihə sənədlərini razılaşdırır. -“xxxxxxxxxxxx” ASC-yə məxsus, surəti Şəxs tərəfindən təsdiq olunmuş ödəniş qəbzlərinin surətindən görünür ki, MTK-nın qanuni təmsilçisi Elşən İsmayılovun adından 11 saylı regional ETSİ-nin hesabına xx xxxxxx 2020-ci il tarixdə 2500 manat, xx xxxxxx 2020-ci il tarixdə 2500 manat olmaqla, cərimə qismində cəmi 5000 manat pul ödənilmişdir. -İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin məhkəməyə təqdim etdiyi X8 xx xxxxxx 2020-ci il tarixli izahatından görünür ki, o, 11 saylı Bakı Regional Ekologiya və X9 rəisinə ünvanladığı izahatda aşağıdakıları göstərmişdir: “Yazıb Sizə bildirirəm ki, ağacların məhv edilməsi ilə bağlı video görüntülər mənim tərəfimdən çəkilmiş və nazirliyin elektron poçt ünvanına göndərilmişdir. Video çəkilişi mən təxminən xx.xx.2020-ci il tarixdə axşam saatlarında çəkmişəm. Video görüntülərində göründüyü kimi Nizami rayonu, K.Balakişiyev küçəsi 32 ünvanında gecə saatlarında 3 ədəd iri gövdəli şam ağacı ağır texnika vasitəsi ilə aşırdılaraq məhv edildi. Xahiş edirəm bu faktla bağlı araşdırma aparılsın və lazımlı tədbir görmək üçün köməklik göstərəsiniz. İzahatı özüm yazdım və imza ilə təsdiq edirəm. İmza (imza var) Yaqubov Emil. xx.xx.2020” -X10 məhkəmənin dəftərxanası vasitəsi ilə xx xxxxxxx 2020-ci il tarixdə daxil olmuş ərizəsində aşağıdakılar göstərilmişdir: “2020-ci ilin yanvar ayında Qarayev City MTK ailəmin üzvü (anamı) məhkəməyə verərək “zəbt edilmiş ərazi sökülməsi və istifadə olan bağ sahəsini” iddia qaldırmışdılar. X20 rəhbərlik arasında danışıqlarımız mübahisəyə səbəb oldu. Mübahisələri aydınlıq gətirmək üçün Qarayev City MTK Kamil Balakişiyevdə fəaliyyət göstərməyi üçün metro Qara Qareyevə yaxınlıqda olan “İmperial” adlı ofisinə yaxınlaşdım. Şəxs hüquqşünasla aramızda mübahisə yarandı. Bir neçə gün sonra sərəncamın ləğvi iddiası ilə məhkəməyə müraciət elədim. Daha sonra isə tikinti başlanmasından ötəri ekologiya və təbii sərvətlər nazirliyinə zəng edərək şikayət etdim. Bildirmək istəyərdim ki, həmin vaxt MTK ərazisində heç bir tikinti və söküntü işləri getmirdi və heç bir ağır texnika yox idi. Üç şam ağacının həmin ərazidən nə zaman və kimin tərəfindən kəsilməsindən heç bir xəbəri yox idi. Şikayət etməkdə məqsədi MTK ilə olan mübahisə və işin yubadılması səbəbi idi. Yanvar ayında MTK-ya dair Ekologiya Nazirliyinə verən məlumat əsəbi və qərəzli idi. İmza (imza var) X17”. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunur ki, məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və X9 əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixli aktlarla, X1 xx xxxxxx 2020-ci il tarixli izahatı və digər iş materialları ilə müəyyən və sübut olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 ünvanında yerləşən tikintiyə mane olan üç ədəd şam ağacı, ekspertiza rəyi olmadan, məhv edilərək ərazidən götürülmüşdür. Bununla da, müəyyən edilir ki, inzibati xəta hadisəsi (inzibati xəta) törədilmişdir; inzibati xəta Şəxs tərəfindən törədilmişdir, inzibati xətanın törədilməsində həmin MTK-nın təqsiri vardır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsi, habelə qanunsuz kəsilməsi (götürülməsi) - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. İnzibati xəta haqqında protokolda şikayətçinin təqdim etdiyi videogörüntünün olması barədə qeyd aparılmış, eləcə də belə bir videogörüntünün olması işdə olan aktlarda və digər iş materiallarında da öz əksini tapmışdır. Lakin sonradan həmin videogörüntü protokola əlavə edilməmiş, məhkəməyə təqdim olunmamış, təqdim edilməmənin səbəbi isə izah edilməmişdir. Məhkəmə həmin hala hüquqi qiymət verərək qeyd edir ki, videogörüntü iş üzrə inzibati xəta hadisəsinin törədilməsini və inzibati xəta törətmiş şəxsi müəyyən və təsdiq edəcək sübutlardan yalnız biri olmuşdur, hazırda həmin sübutun hansısa səbəblərdən mövcud olmaması barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən inzibati xətanın törədilməməsi və ya təqsirinin olmaması demək deyildir, belə hüquqi nəticəyə gəlinməsi üçün əsaslar yoxdur. Şəxs-nın nümayəndəsi iş üzrə verdiyi izahatında K.Balakişiyev küçəsi, 30 ünvanında mövcud olmuş üç ədəd şam ağacının həmin ərazidə yaşayan şəxslər tərəfindən çıxarılaraq başqa yerə aparıldığını, MTK-nın işçilərinin də onlara yardım etdiklərini göstərsə də, nəzərə alınmalıdır ki, həmin ərazidəki tikinti işləri ərazidə yaşayan şəxslər tərəfindən deyil, MTK tərəfindən aparılmalı olmuş və aparılmışdır, ərazidəki ağacların çıxarılaraq köçürülməsində də sakinlər yox, MTK maraqlı olmuşdur. Ona görə də irəli sürülən bu dəlil yalnız MTK-nın inzibati məsuliyyətdən yayındırılmasına cəhd edilməsi kimi qiymətləndirilir. X1 məhkəməyə ünvanladığı, xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində “yanvar ayında MTK-ya dair Ekologiya Nazirliyinə məlumatı verərkən əsəbi və qərəzli olması” barədə göstərilənlərə münasibətdə məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-1203/2020 nömrəli qərardadından görünür ki, iddiaçı Şəxs-nın cavabdehlər X5 və X3 (X1 ailə üzvü) qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddiadan iddiaçının imtinası qəbul olunmuş, həmin iş üzrə icraata xitam verilmişdir. Buradan da aydın olur ki, tərəflər arasında mülki mühakimə icraatı qaydasında aparılmış işin icraatı başa çatmış, iddiaçı cavabdehin xeyrinə iddiasından imtina etmişdir. Yalnız bundan sonra, xx xxxxxxx 2020-ci il tarixdə şikayətçi X13 yuxarıda qeyd olunan qaydada ərizə verərək xx xxxxxx 2020-ci il tarixdə Şəxs tərəfindən Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, 30 ünvanında yerləşən tikinti yerində üç ədəd şam ağacının məhv edilərək ərazidən götürülməsi barədə məlumatı əsəbi və qərəzli olduğu üçün verdiyini bildirmişdir. Məhkəmə şikayətçinin qeyd olunan ərizəsini qeyri-obyektiv müraciət kimi qəbul edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin maraqları naminə, MTK-nın onun ailə üzvünə qarşı iddiasından imtinasının müqabilində yazılmış, Şəxs-nı inzibati məsuliyyətdən yayındırmağa hesablanmış hərəkət kimi qiymətləndirir. Bundan başqa istinad edilən bank qəbzlərindən görünür ki, həmin qəbzlər üzrə cəmi 5000 manat məbləğində pul Şəxs-nın qanuni təmsilçisi Elşən İsmayılovun adından cərimə qismində xx xxxxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərdə ödənilmişdir. Hüquqi şəxs Şəxs-nın barəsindəki inzibati protokol isə xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuşdur. Nəzərə alındıqda ki, hüquqi şəxslər barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir, inzibati xəta haqqında protokol ona əlavə edilən sənədlərlə birlikdə baxılması üçün məhkəməyə xx xxxx 2020-ci il tarixdə daxil olmuşdur və inzibati icraatın başlandığı maddənin sanksiyasında hüquqi şəxsin otuz beş min manat məbləğində cərimə olunması nəzərdə tutulmuşdur, işə baxılaraq yekun məhkəmə aktı çıxarılmadan Şəxs tərəfindən maddənin sanksiyasında nəzərdə tutulmayan həddə cərimə ödənilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin qəbzlərin olması belə, iş üzrə gəlinmiş hüquqi nəticəyə hər hansı təsir göstərmir. Beləliklə, məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci- maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MTK-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokola əsasən Şəxs eyni zamanda Azərbaycan Respublikası İXM-nin 275.1-ci maddəsi ilə də inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin maddənin tələbinə əsasən ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, həmin xətaya görə yalnız fiziki və vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur, Şəxs isə hüquqi şəxsdir. Eyni zamanda İXM-nin 275.1-ci maddəsində (275.1.1 - 275.1.10) ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasının halları ayrılıqda göstərilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs-nın hərəkətlərinin İXM-nin 275.1-ci maddəsinin təsiri altına düşməsini yoxlamaq üçün qanuni əsaslar yoxdur, həmin maddəyə münasibətdə MTK-nın hərəkətlərində inzibati xəta hadisəsi olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin müvafiq prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Mənzil-Tikinti Kooperativi Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 35.000 (otuz beş min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Mənzil-Tikinti Kooperativinin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 275.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar