Məhkəmə qərarları › İş №3(007)-4687/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4687/2025

16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4687/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X2 iclas katibliyi, şikayətçi – X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı, 29659184 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29659184 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, qərarı ləğv edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasında verdiyi izahatında şikayətini onunla əsaslandırdı ki, Nizami rayon Məhkəməsinin 3(103)-3933/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 şikayət ərizəsi geri qaytarılmış və X4 barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan qərar şikayətə əlavə edilməklə inzibati xətanın törədildiyi yer üzrə və yaxud vəsatətinə əsasən yaşadığı yer üzrə ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah edilmişdir. Qərardadda göstərilənlərə müvafiq olaraq, Nizami DYP-yə müraciət olunmaqla EQ/29659184 saylı protokol və qərarın surəti xx.xx.2025-ci il tarixində rəsmi qaydada əldə edilmişdir. Odur ki, təkrar məhkəməyə müraciət edir və hesab edir ki, EQ/29659184 saylı protokola əsasən onun İXM-nin 327.1 və 332.3-cü maddələri ilə (Nəqliyyat vasitəsini idarəetmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) 400 manat cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixli qərar ləğv edilməli və o inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, Nizami rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilmişdir, işdəki, EQ/29659184 saylı protokola əsasən onun İXM-nin 327.1 və 332.3-cü maddələri ilə (Nəqliyyat vasitəsini idarəetmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) 400 manat cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixində qərar qəbul olunmuşdur. Halbuki, o, məhdudlaşdırlmaya əsas olmuş cəriməni apellyasiya instansiyasında qərar qəbul edilənədək ödəmiş həmin işin xitam olunması barədə Nizami rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixində müraciət etmişdir. Ərizəsi xx.xx.2025-ci il tarixində 3(007)- 1885/2025 saylı işə əlavə olunmuşdur. Buna baxmayaraq, ərizəsi üzrə hər hansı hərəkət edilməmişdir. Nəticədə o, xx.xx.2025-ci il tarixində 400 manat cərimə olunmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinə əsasən 1. Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir. Göründüyü kimi tərəfindən EQ24810590 saylı Protokol əsasında verilmiş cərimə xx.xx.2025-ci il tarixində yəni EQ/29659184 saylı protokola əsasən onun İXM-nin 327.1 və 332.3-cü maddələri ilə (Nəqliyyat vasitəsini idarəetmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi) 400 manat cərimə edilməsi barədə xx.xx.2025-ci il tarixində qərardan xeyli əvvəl ödənilmişdir. Bütün bunları nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı, 29659184 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı, 29659184 saylı qərara əsasən “Mercedes Benz E200” minik markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 xx.xx.2025-ci il tarixdə, saat 12:52-də “Buzovna” dairəsi ünvanında Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.3-cü maddələri ilə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan qərardan şikayət vermiş şəxs X3 xx.xx.2025-ci il tarixli ərizəsində görünür ki, X5 məhkəməyə müraciət edərək EQ24810590 nömrəli elektron qərar üzrə tətbiq edilmiş cərimə ödənildiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X3 nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılmış, X5 xx.xx.2025ci il tarixdə məhkəməyə vəsatətlə müraciət edərək cəriməni ödədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına xitam verilməsini xahiş etmiş, lakin vəsatət dərhal baxılmalı olduğu halda yalnız 02 aydan sonra – xx.xx.2025-ci il tarixdə həmin qərara xitam verilmişdir. X5 tərəfindən hazırki inzibati xəta hadisəsi isə xx.xx.2025-ci il tarixdə, yəni X5 cəriməni ödədikdən və vəsatətlə məhkəməyə müraciət etdikdən sonra törədilmişdir. Qərarından şikayət verilmiş inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilərək sübutları təqdim etməsi təklif edilmiş, inzibati orqan tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X3 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, işin yuxarıda istinad olunan, faktiki müəyyən edilmiş hallarına əsasən X3 şikayəti təmin edilməli, xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı, 29659184 saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində İXM-in 327.1 və 332.3-cü maddələri ilə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ/ seriyalı, 29659184 saylı qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar