Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-469/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızının sədrliyi, X3 iclas katibliyi, Qərardan şikayət vermiş "xxxx" MMC-nin direktoru X4 və vəkili “Xəzər Konsaltinq” vəkil bürosunun vəkili Nümayəndə1 , Qərarından şikayət verilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X4 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin direktoru X9 məhkəməyə şikayət ilə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-də sabiq əməkdaşı X5 xx.xx.2021ci il tarixdən “satış təmsilçisi” vəzifəsində işləmişdir. İşlədiyi müddətdə vəzifə öhdəliklərini kobud şəkildə pozmuş, eləcə də şirkətə maddi ziyan vurmuşdur. Züleyxa Həsənova işlədiyi 11 ay ərzində şirkətə məxsus olan 7182 manat məbləğində pulu mənimsəməsi ilə bağlı şirkət tərəfindən daxili audit yoxlaması keçirilmişdir. Daxili Audit yoxlamasının rəyinə əsasən Züleyxa Həsənova işlədiyi 11 ay ərzində şirkətə məxsus olan 3740 (üç min yeddi yüz qırx) manat dəyərində məhsulun pulunu, eləcə də şirkətin marketinq məqsədilə ayırdığı 3442 (üç min dörd yüz qırx iki) manat pulunu, ümumi şəkildə 7182 AZN (yeddi min yüz səksən iki) manat pulunu mənimsəyərək israf etmişdir. X7 həmin haqqın ödənilməsinin tələb edilməsinə baxmayaraq, bu pulu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də, qeyd olunan mənimsəmə faktı ilə əlaqədar aidiyyəti əməkdaşlarla birlikdə akt tərtib edilmiş və sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsində qeyd edilən mənimsəmə cinayətini törətməsi ilə əlaqədar toplanmış materiallar prokurorluq orqanlarına göndərilmişdir. Daha sonra Züleyxa Həsənovanın “əsassız olaraq işdən çıxarılması” ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsinə müraciət etmiş və Züleyxa Həsənovanın “əsassız olaraq işdən çıxarılması” ilə bağlı qeyri-qanuni protokol tərtib edilmişdir. Belə ki, Bakı şəhər idarəsinin xx.xx.2022-ci il tarixli, MN №0020938 seriya və nömrəli “İnzibati tənbeh vermə haqqında Qərarı”ndan vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (“İXM”) 192.6-cı maddəsi ilə (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) təqsirli bilinmiş, İXM-nin 114.1.2-ci maddəsində əsasən 1800 manat inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında əsassız qərar qəbul edilmişdir. Belə ki, İXM-nin 116-cı maddəsində İnzibati cərimənin şərti olaraq tətbiq edilməsinin əsasları müəyyən edilib. Lakin nə qərarın çıxarılmasına səbəb və əsas olan halların, nə də İXM-də göstərilən müvafiq hüquqlarından istifadəyə şərait yaradılmamışdır. Protokol tərtib edilərkən və ya inzibati işə səlahiyyətli vəzifəli şəxs tərəfindən baxılarkən mövcud qanunvericilikdə nəzərdə tutulmuş hüquqları pozulmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Bakı şəhər idarəsi sözügedən qərarı qanunvericiliyə zidd olaraq qəbul etmiş, sübutlar hərtərəfli, tam və obyektiv qiymətləndirilməmişdir.Həmçinin işə baxan vəzifəli şəxs iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməmişdir. Çünki iş üzrə toplanmış sübutlar yalnız vəzifəli şəxslərin topladığı sübutlar olub (akt, protokol və s.), onlar da kifayət qədər şübhəli və əsassız olmuşdur. Züleyxa Həsənovanın işdən çıxarılması zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş hər hansı pozuntu olmamış, heç bir əmək münasibətləri pozulmamışdır. Odur ki, inzibati xəta hadisəsi ümumiyyətlə baş verməmiş, bu hadisədə formal olaraq inzibati xəta tərkibi mövcud deyildir. Əks halda səlahiyyətli orqan bu pozunutunu qanunvericiliklə müəyyən olunmuş qaydada sübuta yetirməli idi. Əgər sübuta yetirməyibsə,aparılan icraat çoxsaylı pozuntularla aparılıbsa, heç bir hüququ təmin edilməmişdirsə, inzibati xəta hadisəsi baş verməmiş və səlahiyyətli orqan qərəzli və qanunsuz halda qərar çıxarmışdır. Bu halda da iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi "xxxx" MMC-nin direktoru X9 və onun vəkili Nümayəndə1 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərarı”nın ləğv edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirmişdir ki, vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə daxil olmuşdur. Həmin müraciət əsasında araşdırma aparılmış, xx.xx.2022-ci il tarixli məktubla "xxxx" MMC-yə müraciət edərək sənədlər tələb edilmişdir. Onların məktubuna "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə cavab verilmişdir. Təqdim olunmuş sənədlərə əsasən məlum olmuşdur ki, X5 ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 ilə bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71 və 84-cü maddəsinin tələbləri pozulmuşdur. Əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi işəgötürən tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsinə uyğun olaraq "xxxx" MMC-nin direktoru X4 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2022ci il tarixli qərar qəbul edilmişdir və 30 gün müddətində hüquqpozmanın aradan qaldırılması tapşırılmışdır. Lakin inzibati xəta bu günə kimi aradan qaldırılmamışdır. İXMnin 192.6-cı maddəsində nəzərdə tutulmuş xəta uzanan inzibati xətadır və inzibati xətanın hüquqi nəticələri aradan qaldırılmamışdır. İnzibati xəta aşkar olunandan sonra inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qəbul edilmiş qərar qanuni olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X1 əmək müqaviləsinə AR ƏM-nin 71.3–cü maddəsinin tələbləri əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə X9 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1800 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubun surətindən görünür ki, vətəndaş X1 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə ünvanladığı müraciətinə X8 Xidmətinin Bakı şəhər İdarəsində baxılır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq X1 müraciətinə aydınlıq gətirmək və ona aid olan sənədlərin surətlərinin (imza, möhür, əsli ilə düzdür qeydi) 7 iş günü ərzində X8 Xidmətinin Bakı şəhər İdarəsinə ( ünvan: Bakı şəhər, Yasamal rayonu, H.B.Zərdabi pr., 877A) təqdim olunması "xxxx" MMC-nin rəhbərliyindən xahiş olunmuşdur. - "xxxx" MMC-nin direktoru E.S.Nağıyev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 17/X/22 nömrəli əmrin surətindən görünür ki, “Ofis” bölməsində “Satış üzrə təmsilçi” vəzifəsində işləyən X5 ilə bağlanmış 540MUES000700 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. xx.xx.2021 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 20 məzuniyyə gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC-nin direktoru X9 ilə “İşçi” X5 arasında bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmaqla ləğv edilmişdir. X5 "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. X2 ərizəsi X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılmış və X5 ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin tələbləri pozulmaqla ləğv edilməsi müəyyən olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyinə görə X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuş və X9 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 1800 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC tərəfindən işçi X5 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərini pozmaqla xitam vermişdir. Belə ki, "xxxx" MMC-də “satış üzrə təmsilçi” vəzifəsində işləyən X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmr kifayət qədər əsaslandırılmamış, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuş, beləliklə İXM-nin 192.6 cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş bank hesabından çıxarışa əsasən müəyyən edilmişdir ki, işçi X5 ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2022-ci il tarixdə verilməsinə baxmayaraq, işçiyə istifadə edilməmiş 20 məzuniyyət günü üçün pul əvəzi xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi "xxxx" MMC-nin baş direktoru X4 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X9 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi H.T.Ədhəmov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərardan X4 verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli
Məhkəmə qərarları › İş №3(007)-469/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-469/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver