Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-47/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1, qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 05 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərar qəbul edilərək vəzifəli şəxs X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən 2.000 (iki min) manat məbləğində cərimə təyin olunmuşdur. Mübahisələndirilən qərarla bağlı bildirir ki, o, bu qərarı tam qanunsuz və əsassız hesab edir. Belə ki, AQTA-nın ona qarşı çıxarılmış qərarının olması barədə məlumatı 15 dekabr 2023-cü il tarixdə Nəsimi rayon İcra şöbəsindən əldə etmişdir. “X7” Məhdud Məsuliyyətli Cəmiyyətində o, 07 yanvar 2022-ci il tarixdən əmək müqaviləsi bağlayaraq hüquqşünas kimi fəaliyyət göstərmişdir. Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən etibarnamə əsasında öz səlahiyyətlərini icra etmiş, xx.xx.2023-cü il tarixdə direktorun 16/ia əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. "a" maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Ona qarşı çıxarılan qərarın qanunsuz hesab etməsi səbəbi vəzifəli şəxs olaraq cərimə olunmasıdır. Onun əmək müqaviləsinə əsasən 2022-ci il yanvar ayının 7-dən 2023-cü ilin iyul ayının 11-nə kimi MMC-də hüquqşünas kimi fəaliyyət göstərmişdir. MMC tərəfindən ona vəzifəli şəxs hesab olunması üçün səlahiyyət verilməmişdir. Tərtib olunmuş 05 iyun 2023-cü il tarixli qərarla razılaşmadığına görə məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Həmçinin qeyd etdiyi xüsusat üzrə sənədlərin surətləri şikayət ərizəsinə əlavə edilmişdir. AQTA-nin Bakı regional bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə müvafiq olaraq cərimə tətbiq olunmasını qanunun ona qarşı pozulması hesab edir. AQTA-nin Bakı regional bölməsi tərəfindən onu vəzifəli şəxs hesab etməsi nəticəsində düzgün qərar qəbul edilməmişdir. Göründüyü kimi ona qarşı tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qərəzli olaraq tərtib olunmuş, əsassız olmaqla yanaşı işin heç bir halı ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Qeyd olunanları nəzərə alıb AQTA-nin Bakı regional bölməsinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X4 bildirmişdir ki, “X7” MMC-nin vəzifəli şəxsi X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş "Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”-ə dair sanitariya-epidemioloji qaydalar və normativlərə cavab verməyən və “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 302 nömrəli qərarının 2.21.3-cü yarımbəndinə əsasən məcburi sertifikatlaşdırılmalı olan, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gətizdirilmiş ümumi çəkisi 41900 kq. təşkil edən ərzaqlıq kartof məhsullarından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sınaq üçün nümunələri götürüldükdən sonra həmin məhsulları sertifikatlaşdırılmadan satdığına, bununla da, Azərbaycan Respublikası İXM-ın 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması yolu ilə istehlakçıların hüquqlarını pozma inzibati xətasını törətdiyinə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmış və həmin araşdırmanın nəticəsinə uyğun olaraq qərar qəbul edildikdən sonra icra olunması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. Həmin inzibati qayda pozuntusunun baxılmasının yeri və vaxtı barədə qanunvericiliyin tələblərinə uyğun olaraq şikayət vermiş tərəfə bildiriş göndərilmiş və bildirişdə qeyd olunan tarixdə işə baxılaraq qərar qəbul edilmişdir. Qəbul olunan qərarın əsaslı olduğunu nəzərə alıb, məhkəmədən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “X7” MMC-nin vəzifəli şəxsi X3 tərəfindən xx.xx.2022-ci il İD********** nömrəli və xx.xx.2022-ci il İD ********** nömrəli müraciətlərlə idxal olunan ərzaqlıq kartof məhsul partiyalarına qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olduğu halda sertifikatlaşdırılmadan satışı faktı aşkar olunmuş və Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. - inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində vəzifəli şəxs X3 (FİN:1FGHQYK) barəsində Azərbaycan Respublikası İXM-nin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və material baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. - əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 16/ia nömrəli əmrdən görünür ki, hüquqşünas vəzifəsində işləyən X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. "a" maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X3 tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İXMnin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-47/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-47/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver