Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4705/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1965-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 333.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 sentyabr 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 21 sentyabr 2025-ci il tarixdə, saat 15:01 radələrində Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospektində “Toyota Prado” markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı, bundan başqa həmin Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokola dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, o, Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. **-GF-*** Prado markalı maşını ilə 21 sentyabr 2025-ci saat təxminən 15:00-15:30 radələrində Heydər Əliyev prospekti ilə üzü Neftçilər tərəfə hərəkət etmişdir. “Madonna” şadlıq sarayının yanından dairəvi yolu gözləyən YPX 653 nömrəli maşın ona saxla əmri vermişdir. Saxlayanda YPX maşınına sənədləri ilə yaxınlaşmışdır, sükan arxasında serjant, yanında isə kapitan əyləşmişdir. Demişlər ki, “sənə TŞ kamerası “zaderjaniya” verib, manevr etmisən”. O, kamera görüntüsü tələb etmişdir. Ona demişlər ki, “məhkəmədən sonra baxa bilərsən”. Fikrincə bu, absurd bir şeydir, araşdırmağa dəyər. Belə çıxır ki, onu şərləyə bilərlər, o da rahatlığını itirib, hər işindən ayrılıb get-gələ düşməlidir. Nə isə, sonra içkili olduğunu soruşmuş, yox cavabından sonra alkotestlərlə yoxlamışlar. Guya 0,4 promil göstərmişdir. Əvvəlcə iki fərqli alkotesterdən istifadə etmişlər. Guya yenə 0,4 promil göstərmişdir. Demişdir ki, içkili deyil. İdarəyə gedəsi olmuşlar. Ailəsi də maşında olmuşdur. Yoldaşı şəkər xəstəsidir, o da prediabet. Nizami YPŞ-ə getmişlər, serjant kapitan Zeynallı Fəridi ona şöbə rəisinin müavini kimi təqdim etmişdir. Kapitan ona izahat yazdırmış və həkimə getmək istəyirsənmi demişdir. Demişdir yox, burda araşdırın. Həm arxayındır ki, içkili deyil. Ona yazdırmışrdır ki, testor 0,4 promil göstərib, onda demişdir ki, nümayəndə verin, həkimə gedək, imtina etmişdir. Özü narkoloji mərkəzdən arayış almışdır. Test 0 göstərmişdir. Geri qayıtmış və gizlənpaç oyunu başlamışdır. Növbətçi gah demişdir kapitan yoxdur, gah demişdir ərazidədir. Bu kapitanı tapmaq çətinləşmişdir, nəhayət özləri gedib “Madonna” şadlıq sarayının yanından tapmışlar. Kapitanın ilk sözü bu olmuşdur: “Nə bilim nə yolla almısız”. Demişdir ki, Dövlət idarəsindən bura nə yol var ki? Onda bunların alkotestlərinə inanmalıdır? Başqa vətəndaşlar niyə inansın? Bəlkə bu testlər elə hökumətin deyil, şəxsidir. Bəlkə Sədərəkdən alıb. Tələb edir ki, bu araşdırılsın”. Bu testlərin qeydiyyat nömrəsini tələb edir. Bundan istifadə edəndə, fikrincə qəbzi olmalıdır (hər yoxlama üçün). Və bu alkotestrlər ildə bir dəfə kalibrovka olmalıdır. Yəni, texniki baxışdan keçməlidir. Bunlar varmı? Bunların araşdırmasını tələb və xahiş edir. Nə isə, kapitan Zeynallı Fərid müəllim müxtəlif bəhanələrlə maşını və sənədləri verməmək üçün ondan qaçmağa başlamışdır. Sonra növbəti gün səhər saat 10:00 gəlmələri sifarişini göndərmişdir. Lakin o, getməyib gözləmişdir. Təxminən saat 19:10 radələrində təsadüfən gəlmişdir. O, maşını götürmək istədiyini demişdir. Demişdir ki, protokol yazsın, sonra. Saat 19:27-də protokol yazmış və Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsi ilə onu 400 manat cərimə etmişdir. Guya o, sərxoş olmuşdur. Əlimdə sərxoş olmamağı barədə arayış ola-ola təxminən saat 15:20- 15:40-da saxlanmışdır. Saat 16:55-də ayıqlıq arayışı almışdır. Saat 19:27-də isə sərxoş olmağı haqqında protokol tərtib olunur. Burada hansı qanuna uyğunluq var? Sual olunur ki, protokol tərtib etmək üçün 4 saat vaxt lazım idi? Və niyə yerində yox, idarədə tərtib olunur. Saat 16.55-də arayışı almışdır. Saat 19:27-də protokol tərtib olunub. Fikrincə bu, dərəbəylikdir. Azərbaycan Dövlətinin qanunlarını saymamazlıqdır. O, nəyəsə görə - kiminsə səhvinə və ya qərəzli addımına görə əziyyət çəkməlidir? Məhkəmə və digər orqanlara get-gəl eləməlidir? Cənab Prezident məmurlara həmişə tapşırır ki, xalqa xidmət edin. Bunlar isə xalqı incitməklə məşğul olurlar. Yəni, bunlar heç kimi saya almırlar? Deməli, forma geyinsə o, haqlıdır? Yazıb xahiş edir ki, bu işlərin qanuniliyini araşdırıb doğru və ədalətli qərarın çıxarılmasına kömək edilsin. Ona yazılan protokol və cərimənin ləğv olunması təmin ediısin. Həm də o, 653 nömrəli YPX maşınında xx.xx.2025-ci ildə növbə aparan kapitan Fərid Zeynallı və həmin serjantın cəzalandırılmasını tələb edir. xx.xx.2025-ci il tarixində “102” və “902”-yə zəng etmişdir. Hələ cavab yoxdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs barəsində olan inzibati araşdırma onun tərəfindən aparılmış, şəxsin izahatı alınmışdır. Şəxs şifahi və yazılı izahatında alkoqol qəbul etdiyini etiraf etmiş, alkostrin göstəcisi ilə razılaşaraq həkim müayinəsindən keçməyi tələb etməmişdir. Həmin şəxsə qarşı qanunsuz hərəkətə yol verilməmişdir. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yazılı etirazında göstərilən məzmunda izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 21 sentyabr 2025-ci il tarixdə Heydər Əliyev prospekti ilə hərəkətini davam etdirib “Madonna” dairəsinə daxil olarkən yol polisi əməkdaşı onu saxlamışdır. Yol polisi ona demişdir ki, qayda pozuntusu TŞ kamerasına düşmüşdür, o, manevr etmişdir. Daha sonra onu alkotestr ilə yoxlamışlar, 0,4 promil sərxoşluq çıxmışdır. Lakin bununla bağlı qəbz verməmişlər. Sonra şöbəyə getmişlər. Orada polis əməkdaşlarının dedikləri kimi izahat yazmışdır. Polis əməkdaşları əvvəlcə ona həkimə getməyi təklif etmişlər. Sonra bölmədə olan zaman o, polis əməkdaşlarına onu həkimə aparmaqlarını söyləmiş, polis əməkdaşları isə özünün gedib həkim müayinəsindən keçməsini bildirmişlər. Özü gedib həkim müayinəsindən keçmiş, sərxoşluq halı aşkar olunmamışdır. Polis əməkdaşlarına bu sənədi göstərdikdə, bunu hansı yolla əldə etdiyini soruşmuşlar. Daha sonra isə protokol yazmışlar. O, protokoldan narazıdır. Alkotestrin nəticəsini ona göstərməmişlər. Təxmini saat 4-ün yarısı onu saxlamışlar, sonradan onun həkim müayinəsindən keçməsi heç 2 saat çəkməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün istifadə edilmiş xüsusi texniki vasitənin nəticəsindən görünür ki, Şəxs 21 sentyabr 2025-ci il tarixdə, saat 15:01-də keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 4,177 % olmuşdur. İşdə olan Şəxs 21 sentyabr 2025-ci il tarixli izahatından görünür ki, o, spirtli içki içdiyini etiraf etmiş, alkotestrin nəticəsi onu qane etdiyindən həkim müayinəsinə ehtiyac olmadığını göstərmişdir. Şəxs təqdim etdiyi “Sərxoşluq vəziyyətinin tibbi müayinə”sinə dair 21 sentyabr 2025-ci il tarixli, 2/54266 nömrəli protokolun surətindən görünür ki, onun həmin tarixdə saat 16:55-də keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdiyi izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə tövsif olunmuşdur. Sözügedən maddənin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə 21 sentyabr 2025-ci il tarixdə, saat 15:01-də yerində aşkar olunmuş, Şəxs isə saat 16:55-də tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa inzibati araşdırma zamanı, 21 sentyabr 2025-ci il tarixdə Şəxs yazılı izahat verib həmin göstərici ilə razılaşaraq, tibbi müayinə üçün həkim müayinəsindən keçməyə ehtiyac olmadığını göstərmişdir. Ona görə məhkəmə həmin şəxsin hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müharibə veteranı olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Bundan başqa, məhkəmə inzibati xətalara dair qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarı ilə gəldiyi hüquqi mövqeyə əsasən qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 327.1-ci maddəsi nəzərdə tutulmamışdır. Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4705/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4705/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver