Məhkəmə qərarları › İş №3(007)-4710/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4710/2025

28.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4710/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Rakhib Rasulovun iştirakı ilə, Hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mehdi Abbasov küçəsi, ev 12, mənzil 16 ünvanı olan Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 12971,97 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabından 06 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı vaxtdan 02 (iki) ildən artıq müddət keçməsinə baxmayaraq, 12971,97 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə 25 sentyabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Rakhib Rasulov bildirmişdir ki, həmin ödənişin müqabilində ölkəyə mal gətirilmiş, bəyan edilmişdir. Malı bəyan etmək üçün gömrükdən pin kod verilmiş, onun əsasında mal bəyan edilmişdir. Bəyan üçün aldıqları pin kodda invoys sentyabr ayına aid olmuş, malin üzərində gələn invoysda isə oktyabr ayı yazılmışdır. Bununla əlaqədar yanlışlığın aradan qaldırılması üçün gömrük orqanına müraciət edilmiş, lakin onlara bildirilmişdir ki, invoyslar düz gəlmədiyinə görə YGB-nə həmin invoys əlavə edilə bilməz, yəni yanlışlığı aradan qaldırmaqdan imtina etdilər. Bundan sonra ölkəyə xx.xx.2025-ci il tarixdə həmin məbləğdə mal gətirmişdir. Həmin mallar əvvəlki invoysda göstərilən məbləğ və nömrəyə uyğun gəlmiş, lakin çeşid fərqli olmuşdur. Beləliklə, qeyd olunan mallar artıq ölkəyə idxal olunmuşdur. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanladığı 09 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Şəxs tərəfindən 06 sentyabr 2023-cü il tarixdə 12971,97 ABŞ dolları məbləğində vəsait qabaqcadan ödəniş edilmiş, lakin 02 (iki) il tamam olmasına baxmayaraq həmin vəsait hesabına alınan malların idxal edilməsini təsdiqləyən sənədlər təqdim olunmamış və qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmamışdır. Azərbaycan Respublikası Mərkəzi X1 28 noyabr 2016-cı il tarixli, 45/1 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3 bəndinə və 4.3.1.3-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 02 (iki) il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edir. Məhkəmə iclası zamanı MMC-nin nümayəndəsi qeyd olunan vəsait hesabına alınan malların ölkə ərazisinə idxal olumasını bildirsə də, təqdim olunan bəyannaməyə əsasən mallar xx.xx.2025-ci il tarixdə, yəni inzibati xəta hadisəsinin törədilməsindən sonra ölkəyə idxal olunmuş, həmçinin invoysdakı mallarla eynilik təşkil etməmişdir. O cümlədən MMCnin nümayəndəsi əvvəlki məhkəmə iclaslarında malların 2023-cü ildə ölkəyə idxal olunduğunu, lakin texniki səhv səbəbi ilə bəyannamənin təsdiq edilmədiyini bildirərək həmin texniki səhvin aradan qaldırılması məqsədilə məhkəmə iclaslarının təxirə salınmasını xahiş etsə də, nəticədə gömrük orqanının texniki səhvin aradan qaldırılmasından imtina etdiyini bildirmiş, o cümlədən keçən müddət ərzində məhkəmə iclaslarının təxirə salınmasından istifadə edərək inzibati məsuliyyətdən yayınmaq məqsədilə eyni məbləğ müqabilində ölkəyə yenidən mal idxal etmişdir. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, toplanmış sübutlarla onun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 25.5-ci maddəsinə əsasən inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş 12971.97 ABŞ dollarının 20%-i məbləğində, yəni 2594.40 ABŞ dolları (iki min beş yüz doxsan dörd dollar 40 sent) (ödəmə günü Azərbaycan manatına məzənnə ilə) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakimi Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar