Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4719/2025 01.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai rayonu, Sarayevo küçəsi, ev 22, mənzil 173-də qeydiyyatda olan, Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsi, ev 201, mənzil 174-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 01 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs, xx.xx.2017-ci il təvəllüdlü X2 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:30-a qədər, hər həftənin şənbə günləri isə saat 16:00-dan 20:00-a qədər Zərərçəkmiş şəxs ilə saxlanılmasına dair ünsiyyət qaydasının müəyyən edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(011)- 4660/2019 nömrəli icra sənədi üzrə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, icra sənədi onun icraatına 2024-cü ilin noyabr ayında verilmişdir. Uşaq atası ilə aqressiv olaraq münasibət saxlayır, atası ilə təmasa girmək istəmir. Razılaşdırırlar, lakin uşaq evə gedib-gəldikdən sonra atasını görmək istəmir. Uşaq təmasda olanda anası uşağı qoyaraq durub gedir, uşaq da onunla getmək istəyir. Borclu ilə bağlı aktlar vardır. Borclu uşağa ünsiyyətlə bağlı təzyiqlər edir. Uşaq görüşə aqressiv formada gəlir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, uşağa heç bir təsir göstərməmişdir. İcra məmuru hara deyibsə uşağı ora aparmışdır. Görüş vaxtı saat 5-dədir. Elə vaxt olub uşağı dərsdən ağlaya-ağlaya çıxardıb görüşə aparmışdır. Uşağın atası 2 il Türkiyə Rüspublikasında olmuşdur. Özü uşağı nənə və babası ilə görüşdürmüşdür. Uşağı doldursa idi, həmin vaxtdan doldura bilərdi. Bir dəfə servisdən düşəndə icra məmuru ona demişdir ki, qıraqda dursun, onu görməsinlər. O da qıraqda durmuşdur. Atası həmin vaxt uşağı tutub sürüyərək maşına mindirmiş, ağzını tutmuşdur. Uşaq ağlamışdır. Uşaq müəlliməsinə demişdir ki, atası ona demişdir ki, növbəti dəfə onunla görüşmək istəməsə onu qaçıracaq və verməyəcəkdir. Sonuncu dəfə ötən 6-cı gün uşaq atası ilə görüşmüşdür, uşağı görüşə özü aparmışdır. O, tələbkarın uşaqla görüşüb ünsiyyət saxlamasına maneçilik törətməmişdir. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili Vəkil göstərmişdir ki, Leyla əsgər kimi nə vaxt deyiblərsə uşağı həmin vaxt ünsiyyətə aparmışdır. Borclu əlindən gələni edib ki, uşağı görsünlər. Atası uşağı sürüyərək aparmışdır. Uşaq daha atasını görmək istəmir. Anası uşağı 2025-ci ilin iyun-avqust ayları ərzində 9 dəfə psixoloji seansa aparmışdır. Uşağın ananın təsiri altında olması ilə bağlı mütəxəssis rəyini verən tibb müəssisəsi lisenziyasız fəaliyyət göstərməklə psixoloji mərkəz hesab olunmur. Həmin tibb müəssisəsinin qanunsuz olaraq fəaliyyət göstərdiyi də müəyyən edilmişdir. Rəydə uşağın müsahibəsi olmalıdır. Əsas məsələ uşağın fikrini formalaşdırmaqdır. Ananın uşağa təsiri hansı testlə müəyyən olunmalıdır, aydın deyildir. Şəxs barəsindəki inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, anası uşağı ona qarşı öyrədir. Bununla bağlı videoları da vardır. 2021-ci ilə qədər uşağı normal görmüşdür. 2021-ci ildə qarşı tərəf uşağı xaricə aparmaq və görüş vaxtlarını 4 gündən 1 günə salmaq barədə məhkəməyə müraciət etmişdir. Borclu görmüşdür ki, məhkəmədə uduzur, daha sonra ondan acıq çıxmağa çalışmışdır. 2025-ci ilin may ayında uşaqla görüşün əvvəli, ortası və görüşün sonu ilə bağlı videosu da vardır. Qəyyumluq rəy vermişdir ki, psixoloqa müraciət etsinlər. Psixoloji mərkəz rəy vermişdir ki, anası uşağı seanslara gətirmir. Uşaq anasının himayəsindədir. Uşağın psixoloji sağlamlığından anası cavabdehdir. Qarşı tərəf qərəzlidir. Anası uşağı xaricə aparmaq və orada ömürlük qalmaq istəmişdir. Məhkəmə bu məsələ ilə bağlı mövqeyini bildirmişdir. O, bütün hüquqi yollara əl atmışdır. Uşaqla ünsiyyət qaydasında olsaydı o, “finansal” kömək etməyə də hazır idi. Uşaq psixoloji istismar olunur. Qanuna müvafiq qərar qəbul edilməsini, borclunun barəsində “sanksiya” tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati xəta haqqında protokola görə, Şəxs, xx.xx.2017-ci il təvəllüdlü X2 hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-dan 19:30-a qədər, hər həftənin şənbə günləri isə saat 16:00-dan 20:00-a qədər Zərərçəkmiş şəxs ilə saxlanılmasına dair ünsiyyət qaydasının müəyyən edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(011)-4660/2019 nömrəli icra sənədi üzrə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hansı ki, tərəflər arasında olan mübahisəli məsələ üzrə yeni məhkəmə qərarları qəbul edilmişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 8(011)- 206/2025 nömrəli qərardadı ilə borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(011)-4660/2019 nömrəli icra sənədi üzrə icra qaydasının dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilmiş, həmin icra sənədi üzrə icra qaydasının aşağıdakı formada həyata keçirilməsi qərara alınmışdır: “...Yay, payız və qış tətil günləri həmçinin iş günü hesab edilməyən bayram günləri istisna olmaqla, hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X4 onun təhsil aldığı "xxxx" MMC-nin nəzdində tam orta məktəbin yerləşdiyi Nəsimi rayonu, Bülbül prospekti 74 ünvanında birbaşa təhvil alsın və saat 19:30-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X4 borclu faktiki yaşadığı ünvan 2 ünvanında uşağı bocluya təhvil versin. Yay, payız və qış tətil günlərinə, həmçinin iş günü hesab edilməyən bayram günlərinə təsadüf edən həftənin bazar ertəsi, çərşənbə və cümə günlərində saat 17:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X4 borclunun faktiki yaşadığı ünvan 2 ünvanında borcludan təhvil alsın və saat 19:30- da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X4 borclunun faktiki yaşadığı ünvan 2 ünvanında uşağı bocluya təhvil versin. Hər həftənin şənbə günü saat 16:00-da tələbkar xx.xx.2017-ci il təvəllüdlü X4 borclunun faktiki yaşadığı ünvan 2 ünvanında borcludan təhvil alsın və saat 20:00-da ünsiyyət bitdikdən sonra tələbkar xx.xx.2017-ci il təvəllüdlü X4 borclunun faktiki yaşadığı ünvan 2 ünvanında uşağı bocluya təhvil versin...” Göründüyü kimi, icra sənədi üzrə icra qaydasının dəyişdirilməsi barədə yeni məhkəmə qərarı mövcuddur, icra sənədi üzrə icra qaydasının göstərilən formada həyata keçirilməli olduğu müəyyən edilmişdir və buna dair 05 may 2025-ci il tarixli məhkəmə qərardadı dərhal qüvvəyə minmişdir. Buna baxmayaraq, icra məmuru tərəfindən borclu, icra qaydası dəyişdirilmiş icra sənədi üzrə inzibati məsuliyyətə cəlb edilmişdir. Bu ünsiyyətin forma və qaydalarına nisbətdə borclunun öhdəlikləri daha fərqli formada müəyyən edilmişdir, hansı ki, həmin öhdəliklərin pozulması halında borclunun inzibati məsuliyyət məsələsinin müəyyən edilməsi də fərqli qayda və xarakter daşıyacaqdı. Hətta, ilkin icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi baxımından və icra məmurunun təqdim etdiyi sübutlar əsasında yanaşıldıqda belə, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində müəyyən edilmiş inzibati xətanı törətməsi, onun bu xətanın törədilməsində təqsirli olması barədə qənaətə gəlinməsinə hər hansı əsaslar yoxdur. Məhkəməyə sübut qismində yalnız 05 fevral 2025-ci il tarixli akt təqdim edilmişdir ki, həmin aktda da borclunun uşağın məktəbdə olduğu əsası ilə tələbkarın onunla ünsiyyətinin mümkün olmamasını bildirməsi göstərilmişdir. Digər yandan, təxminən 8 aya yaxın müddət əvvəl tərtib edilmiş bu məzmunlu akt, borclunun inzibati məsuliyyətə cəlb edilməsində mötəbər sübut qismində qəbul edilə bilməz, əks halda bu, işin faktiki və real halları ilə mütənasiblik təşkil etməzdi. Məhkəmə razılaşır və qəbul edir ki, tələbkar Zərərçəkmiş şəxs bir valideyn, ata olaraq öz övladı ilə görüşüb ünsiyyət saxlamaq və bundan irəli gələn məsələlərin həllində iştirak etmək kimi hüquqları vardır, borclu Şəxs da bir valideyn, ana olaraq bu hüquqların həyata keçirilməsində maraqlı olmalıdır, həmçinin məhkəmə qərarı icra olunmalıdır, borclu məhkəmə qərarını icra etmədiyi təqdirdə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıdığını və sonda təqsiri müəyyən edildiyində, barəsində təsiredici tədbirlər tətbiq edilə biləcəyini bilməlidir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 oktyabr 2011-ci il tarixli Qərarında da göstərilmişdir ki, ailə qanunvericiliyinə və uşaq hüquqları ilə bağlı beynəlxalq hüquq normalarına uyğun olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqla birlikdə yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Qanunvericilik uşaqlarla ünsiyyət hüququnun birbaşa məhkəmə müdafiəsi qaydasını yalnız ayrı yaşayan valideynlərə aid etmişdir. Bütün bu göstərilənləri ümumiləşdirərək, məhkəmə qeyd edir ki, hazırkı halda məhkəmə İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələbləri baxımından inzibati xəta hadisəsinin törədilib-törədilməməsini, borclu Şəxs bu inzibati xətanın törədilməsində təqsirinin olub-olmamasını və s. halları müəyyən edərək həll etməlidir. Hansı ki, cari iş üzrə borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, burada, sübutetmə vəzifəsi üzərinə qoyulmuş icra məmuru tərəfindən bununla bağlı hər hansı, o cümlədən mötəbər hesab olunacaq sübut məhkəməyə təqdim olunmamış, məhkəmə tədqiqi zamanı da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə həmin şəxsin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxsin hüquqları məhkəmə iclasında müqavilə əsasında vəkili tərəfindən müdafiə edildiyindən, ona dövlət büdcəsinin hesabına əmək haqqı ödənilməsi barədə məsələnin müzakirəsinə əsas yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4719/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4719/2025
01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver