Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4720/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 21 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, 21 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Nizami Residence” yaşayış binasında keçirilən yanğın-texniki müayinəsi zamanı YTQ 01-2001 bənd 6.1, 10.4, 8.1 tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş X8 Xidməti 3-cü ərazi X8 İdarəsinin nümayəndəsi gəlməmişdir, məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilən ünvan 1 ünvanında Şəxs MMC-yə məxsus heç bir çoxmənzilli yaşayış binası mövcud deyildir. Şəxs MMC bina inşası ilə məşğul olan şirkət deyildir. Qeyd olunan ünvanda yerləşən çoxmənzilli yaşayış binası “H+A” MMC-yə məxsusdur. Yaşayış binası istismara qəbuldan keçməmişdir, həmin MMC-nin də mülkiyyətindədir. Şəxs MMC həmin binada yalnız təmizlik xidməti göstərir və avtodayanacağa xidmət edir, bir sözlə, kommunal xidmətləri həyata keçirir. Belə olduqda isə, Şəxs MMC-nin əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. İşin icraatına həmin əsasla xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 3-cü ərazi X8 İdarəsinin 17 avqust 2023-cü il tarixli 5099 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Nizami Residence” yaşayış binasında 17 avqust 2023-cü il tarixdən 21 avqust 2023-cü il tarixədək – Sual 143. Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələr) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində vəzifələri (YTQ № 01-2001 bənd 1.9 – 1.9.12); Sual 249. Yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkili. (YTQ № 01-2001 bənd 2.1 – 2.6); Sual 251. Binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri. (YTQ № 01-2001 bənd 4.1 – 4.17); Sual 253. Elektrik qurğularına dair yanğın təhlükəsizliyi tələbləri. (YTQ № 01-2001 bənd 6.1 – 6.10); Sual
255. Yanğına qarşı su təchizatına dair tələblər. (YTQ № 01-2001 bənd 8.1 – 8.8); Sual
256. Yanğın baş verdiyi hallarda insanların təhülkəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər (Köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsinə, avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularına olan tələblər). (YTQ № 01-2001 bənd 9.1 – 9.12); Sual 257. Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri. (YTQ № 01-2001 bənd 10.1 – 10.4) – plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır; İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X8 Xidmətinin 3-cü ərazi X8 İdarəsinin əməkdaşı tərəfindən 21 avqust 2023-cü il tarixdə tərtib edilmiş 5099 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Nizami Residence” yaşayış binasında həmin tarixdə keçirilən yoxlama zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: Obyektin elektrik təsərrüfatına profilaktik baxış keçirilərək akt tərtib edilməyib. (YTQ 01.2001 bənd 6.1 – 6.10); Obyektdə mövcud olan ödsöndürən balonlarla tam təmin edilməyib (YTQ 01.2001 bənd 10.1 – 10.4); Obyektin texniki mərtəbəsində yenidənqurma işləri aparılması ilə bağlı daxili yanğın su kranları ilə təmin olunmamışdır. (YTQ 01.2001 bənd 8.1 – 8.8); Obyektdə mövcud olan yanğın xəbərverici siqnalizasiya işlək vəziyyətdə deyil. (YTQ 01.2001 bənd 9.1). -Məhkəməyə təqdim edilmiş idarəedici təşkilat hesab olunan Şəxs MMC ilə çoxmənzilli binanın mülkiyyətçisi “H+A” MMC arasında bağlanmış “Çoxmənzilli binanın kommunal xidmətlərinin idarə edilməsinə dair” 01 sentyabr 2022-ci il tarixli 01/202 nömrəli müqavilənin və həmin müqaviləyə düzəliş edilməsi barədə 22 sentyabr 2023-cü il tarixli əlavənin surətlərindən görünür ki, həmin müqaviləyə görə idarəedici təşkilat (Şəxs MMC) ünvan 5 ünvanında yerləşən çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın bu Müqavilənin 1 nömrəli əlavəsində göstərilən ümumi əmlakının saxlanması və təmiri üzrə bu Müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyinin ünvan 6 ünvanında “Nizami Rezidenz” yaşayış binasını tikən “H+A” MMC-nin icraçı direktoruna və digər ünvanlara göndərilmiş 08 oktyabr 2020-ci il tarixli xx/xx-03824 nömrəli məktubunun surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən “Nizami Rezidens” yaşayış binasında qaz xəttlərinin tikinti norma və qaydalarının tələblərinə uyğun olmadan qapı, pəncərə və eyvan boşluqları ilə çəkildiyi barədə Bak şəhəri, Nizami rayonu, ünvan 9 ünvanda yaşayan X7 Hallar Nazirliyinə ünvanlanmış müraciəti, Nazirliyin tapşırığına əsasən Agentliyin mütəxəssisləri tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılmış və akt tərtib olunmuşdur. Araşdırma zamanı binanın qaz təchizatı layihəsinin podratçı təşkilatdan tələb olunmasına baxmayaraq sənədlər təqdim olunmadı. Bununla belə binanın qaz təchizatı sisteminə keçirilən vizual baxış zamanı məlum olmuşdur ki adı çəkilən yaşayış binasının fasadı ilə çəkilən qaz xəttləri sakinlərə məxsus mənzillərin eyvan və açılan pəncərələri ilə kəsişir. Bu isə Qaz təsərrüfatında Təhlükəsizlik Qaydaları”nın 2.39 – 2.40-cı bəndlərinin və “Qaz Təchizatı. Layihələndirmə Normaları” AzDTN 2.13-1 normativ sənədinin 6.26-cı bəndinin tələbinə ziddir. Yuxarıda qeyd olunanlarla əlaqədar nəzərə çatdırılmışdır ki, göstərilən çatışmamazlıqlar aradan qaldırılmadan yaşayış binasının qaz təchizatı sisteminin istismara qəbulu qüvvədə olan qanunvericilik aktlarının tələblərinə əsasən qadağandır və Agentlik tərəfindən qəbul olunmayacaqdır. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin mənasına görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tədqiqi zamanı isə aşağıdakı əsaslarla Şəxs MMC-nin əməlində həmin inzibati xətanın törədilməsi ilə müşayiət olunan inzibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, tərtib olunmuş inzibati xəta haqqında protokola görə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus “Nizami Residence” yaşayış binasında keçirilən yanğıntexniki müayinəsi zamanı X1 (01-2001 bənd 6.1, 10.4, 8.1) tələblərinin pozulduğu müəyyən edildiyi qeyd olunsa da, İXM-nin 75-ci maddəsində göstərilən qaydada inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilməmişdir. Bu, ilk növbədə özünü, yanğın-texniki müayinəsinə dair 21 avqust 2023-cü il tarixli aktın tərtibində özünü göstərmişdir, həmin akt 3-cü ərazi X8 İdarəsinin əməkdaşı tərəfindən birtərəfli qaydada, Şəxs MMC-ni və ya binanın faktiki mülkiyyətçisini təmsil edən müvafiq səlahiyyətli şəxsi olmadan tərtib edilmişdir, inzibati xəta haqqında protokolda Şəxs MMC-nin nümayəndəsinin protokolu və digər sənədləri imzalamaqdan imtina etdiyi göstərilsə də, həmin imtinanı edən şəxsin şəxsiyyəti, səlahiyyəti müəyyənləşdirilməmiş, inzibati araşdırma səthi aparılmış, mülkiyyətçiyə dair sənədlər əldə olunaraq materiala əlavə edilməmişdir. Bir sözlə, qeyd olunanlar yerində, müvafiq səlahiyyətli şəxslərin iştirakı ilə araşdırılıb sənədlər toplandığı halda inzibati xəta törətmiş şəxs düzgün müəyyən edilərdi. Baxmayaraq ki, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, bu sübutetmə bilavasitə inzibati orqanın üzərinə düşür, inzibati orqandan fərqli olaraq Şəxs MMC tərəfindən təqdim olunan sübutların tədqiqi ilə müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən çoxmənzilli bina faktiki olaraq “H+A” MMC-yə məxsus olmaqla onun mülkiyyətindədir, Şəxs MMC yalnız həmin çoxmənzilli binanın idarə edilməsini, çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş mənzildə yaşayan vətəndaşların uçot qeydiyyatının aparılması və digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürmüşdür. Fövqəladə Hallar Nazirliyi Sənayedə X3 və X6 Agentliyinin müvafiq məktubu ilə də təsdiq olunur ki, sözügedən binanın qaz təchizatı sisteminin istismara qəbul edilmədiyi həmin yaşayış binasını tikən “H+A” MMCnin rəhbərliyinin nəzərinə çatdırılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, ünvan 5 ünvanında yerləşən çoxmənzilli binada Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun tələblərinə əməl edilməsi sahəsində Şəxs MMC-nin hər hansı vəzifəsi və həmin vəzifələrin pozulmasına görə hər hansı məsuliyyəti yoxdur, qeyd olunan MMC qeyd olunan binanın mülkiyyətçisi deyildir, həmin binada yalnız kommunal xidmətləri həyata keçirir. Bütün bu qeyd edilənlər baxımından məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti müəyyən edilməmiş və təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə, həmin Məcəllənin 53.2-ci maddəsinin tələbinə uyğun olaraq, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən, 21 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Nəriman Mehdiyev