Məhkəmə qərarları › İş №3(007)-4721/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4721/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4721/2023 06.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, V.Vəliyev küçəsi, dalan 2, mənzil 5-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 06 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsində anasına məxsus olan “VAZ 2104” markalı furqon avtomobili idarə etməklə hərəkətdə olan zaman yol polisləri tərəfindən saxlanılmışdır. Ona bildirmişlər ki, avtomobildə konstruksiya dəyişikliyi etmişdir, yəni avtomobilin arxa hissəsi aşağıdır, qabaq hissəsi qaldırılmışdır. O da izah etmişdir ki, bu köhnə, yük daşınan avtomobildir, ona görə arxa yayları çökmüşdür, elə görünür ki, arxası endirilmişdir. Lakin polislər tələb etmişlər ki, avtomobil cərimə meydançasına getməlidir. Bildirmişdir ki, ailəsi, uşağı maşındadır, belə etməsinlər, yerində cəriməsini yazsınlar, sonra imkan olanda arxa yayları yenisi ilə əvəz edər. Polis əməkdaşları razılaşmadıqlarına görə və nevroz xəstəliyindən əziyyət çəkdiyindən əsəbləşmiş, onlarla sözlü mübahisə etmişdir. Hesab edir ki, hər hansı xəta törətməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPXA-nın YPX inspektoru X5 izahatında göstərmişdir ki, 06 sentyabr 2023-cü il tarixdə təxminən saat 15:00 radələrində Nizami rayonu, Nəsimi küçəsində xidmətdə olarkən “VAZ 2104” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə konstruksiya dəyişikliyi müşahidə edərək “saxla” işarəsi vermişdir. Sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş, saxlanılma səbəbini izah etmiş və sənədlərini tələb etmişdir. Sürücü sənədinin olmadığını bildirmişdir. O, avtomobilə baxış keçirəcəyini bildirdikdə, sürücü hiddətlənərək ona avtomobilə yaxın gəlməməsini, buna imkan verməyəcəyini demişdir. Sürücüyə hüquq və vəzifələrini izah edib sakitləşdirdikdən sonra avtomobilə onun iştirakı ilə baxış keçirmişdir. Baxış zamanı avtomobildə konstruksiya dəyişikliyi aşkar etmişdir, yəni avtomobilin arxa yayları kəsilərək arxası aşağı endirilmişdir. Belə olan halda, avtomobilin duracağa aparılmalı olduğunu sürücüyə izah etdikdə, o, yüksək səslə qışqıraraq buna imkan verməyəcəyini bildirmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Buna görə köməyə post-patrul xidməti əməkdaşları çağırılmışdır. Sürücü onların da qanuni tələblərinə tabe olmayıb sakitləşməmiş, ona görə onu məcburi qaydada ərazi üzrə 25-ci polis şöbəsinə aparıb təhvil vermiş, raport yazmaqla barəsində müvafiq tədbir görülməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, həmin şəxs Şəxsdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxsin izahatında göstərilənlər məhkəmədə tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, işin icraatını istisna edən, icraata xitam verilməli olan hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, məsuliyyətini yünüglləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Məhkəmə bu zaman nəzərə alır ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi, həmin şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. İş materiallarından görünür ki, Şəxs baxılan işlə bağlı inzibati qaydada tutulmamışdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar