Məhkəmə qərarları › İş №3(007)-4722/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4722/2023

03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4722/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 30 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 30 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 14:36-da o, Bakı şəhəri, Nizami rayonu “Dərnəgül” istiqamətində hərəkətdə olarkən heç bir əsas olmadan Bakı şəhəri DYPİ polis mayoru X5 tərəfindən saxlanılmışdır. Belə ki, polis mayoru X5 heç bir sübut təqdim etmədən, səbəbini göstərmədən onun sənədlərini tələb etmişdir. Sənədlərini aldıqdan sonra xidməti avtomobilinə gedərək İXM 342.2.2 və 342.5 maddəsi ilə protokol İXP5656393 tərtib etmiş və 150 manat məbləğində cərimə edilmişdir. Daha sonra YPXİ-nin polis mayoru X5 qanunsuz və əsassız olaraq onun “VAZ 21061 minik” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olan avtomobilini duracağa aparmış və orada özbaşınalıq edərək avtomobilin yük yerini sökmüşdür. Ona görə də o, çıxılmaz vəziyyətdə qalaraq avtomobilində olan yük yerini öz hesabına başqa avtomobilə yükləyərək lazımi yerə çatdırılmasına məcbur olmuşdur. Nəzərə alınmalıdır ki, DYPİ-nin polis mayoru X5 barəsində olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarda onun “Yol hərəkəti haqqında” AR Qanununun 342.2.2 və 342.5-ci maddələrini pozduğunu əsas gətirərək qanunsuz qərar qəbul etmişdir. Ancaq sözügedən qərarda onun Qanunun hansı maddələrinin tələblərinin pozulmasın göstərməli olduğu halda bunu göstərməmişdir. Qərarda AR İXM-nin 342.5 maddəsini pozacaq heç bir əsas göstərilməmişdir. Ona məxsus “VAZ 21061” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilində bu maddədə göstərilən nasazlıqların heç biri olmayıb, avtomobilində heç bir xarici işıq cihazları yoxdur, qabaq şüşənin şüşə silgiləri və şüşəyuyanları işlək vəziyyətdədir, şinləri yeni kimidir, mühərrik stabil işləmə qaydasındadır, avtomobilində heç bir konstruktiv nasazlıq yoxdur. Barəsində Bakı şəhər X10 İdarəsi tərəfindən yazılmış Azərbaycan Respublikası İXM-nin 342.2.2 və 342.5-ci maddələri ilə 150 manat cərimə olunmasına dair xx.xx.2023 tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, X4 idarə etdiyi avtomobilin üzərinə normativ-texniki sənədlərdə nəzərdə tutulmayan avadanlıq quraşdırmışdır. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 30 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 30 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “VAZ 21061 minik” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində 29 avqust 2023-cü il tarixdə saat 14:36-da “konstruksiyanın digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına görə”, 29 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.2-ci maddələri (daha ağır olan 342.2.2-ci maddə) ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Həmin maddənin V hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 “VAZ 21061 minik” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində 29 avqust 2023-cü il tarixdə saat 14:36-da hərəkətdə olarkən onun avtomobilin üzərində kustar üsulla hazırlanmış yük yeri (baqaj) quraşdırdığına görə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və inzibati qaydada tənbeh edilmişdir. Məhkəmə hesab edir ki, qərardan şikayət vermiş X2 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən qeydə alınmış video görüntü və foto şəkillərə baxış keçirilməsi zamanı təkzib olunmuşdur. X4 avtomobilinə quraşdırılmış həmin yük yerindən istifadə etməklə müvafiq yükləri daşımışdır, ona görə də həmin yük yeri kimi istifadə edilən alətin avadanlıq hesab olunmaması barədə qənaətə gəlinməsi üçün əsas yoxdur. X4 normativ tələbləri pozaraq, həmin modeldən olan nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissə, yəni kustar üsulla hazırlanmış yük yeri quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərini dəyişdirmişdir ki, bu da, beynəlxalq normativlərə və standartlara uyğun gəlməmiş, onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhər Baş Polis İdarəsinin X9 İdarəsinin 30 avqust 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar