Məhkəmə qərarları › İş №3(007)-4724/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4724/2023

11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4724/2023 11.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən barəsində əsassız olaraq xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Sözügedən qərar əsasında ona əsassız olaraq 300 manat məbləğində cərimə hesablanmışdır. Avtomobili o, idarə etmədiyi halda, onun adına cərimə hesablanmış və xəbəri olmadan məhkəmə tərəfindən sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. O, bu haqda yol polis əməkdaşı onu saxladığı zaman bilmişdir. O, polis əməkdaşına vəziyyəti izah etməyə çalışsa da, polis əməkdaşı onu sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə 300 manat məbləğində cərimə etmişdir. Hal-hazırda, adına əsassız olaraq yazılmış qərarın ləğv edilməsi və pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan lizinq müqaviləsi əsasında idarə etdiyi “Khazar LX” markalı, 99PV722 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə şirkətə təhvil verib başqa avtomobil götürmüşdür. Həmin vaxtdan sonra “Khazar LX” markalı, 99PV722 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs tərəfindən törədilmiş inzibati xətaya görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Xəzər Rayon Məhkəməsi tərəfindən 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar çıxarılmışdır. DYPİ-nin əməkdaşı onun idarə etdiyi avtomobili saxladığı zaman bundan məlumatı olmuş, dərhal şirkətə müraciət etmiş, "xxxx" MMC tərəfindən inzibati xətanın törədildiyi zaman “Khazar LX” markalı, 99PV722 dövlət qeydiyyat nişanlı avtomobilin onun tərəfindən idarə edilməməsinə dair sənəd verilmiş, həmçinin cərimə avtomobili idarə edən şəxs tərəfindən ödənildiyindən 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Xəzər Rayon Məhkəməsinin qərarına xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “X8” minik markalı, 99LJ537 dövlət qeydiyyat nişanlı avtomobillə dayanma qaydalarını pozduğuna görə 300 manat məbləğində cərimə edilmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasından məlumatı olmamış, bu barədə ona məlumat verilməmiş, inzibati xəta törədilən zaman həmin avtomobili o, idarə etməmişdir. Onun barəsində 20 manat məbləğində cərimə olunmasına dair qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ16602754 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 328.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2023-cü il tarixli, EQ 12999856 saylı qərara əsasən 10 (on) manat məbləğində cərimə edilmiş, inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 31 avqust 2023-cü il tarixli, 2245 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-PV-*** dövlət qeydiyyat nişanlı “Khazar LX” markalı avtomobil xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə X3 (AE 810704) tərəfindən idarə edilmiş və onun istifadəsində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X9 İdarəsi (polis polkovnik leytenantı X4) tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16602754 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 11:05 radələrində idarə etdiyi “X8” minik markalı, **-LJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Koroğlu metrostansiyası, Alov parkının qarşısında dayanma qaydalarını pozmuşdur. Bununla da X2 Azərbaycan Respublikası İXM-nin 346.1, 332.3cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-1722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X2 cərimə və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədiyindən onun nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətə məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 3(003)-1722/2023 saylı qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4 bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5 şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi tərəfindən qəbul olunmuş EQ seriyalı, 16602754 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, şikayətdə və V.Qasımovun izahatında göstərilən xüsusatlar üzrə tam və hərtərəfli araşdırma aparılması üçün material Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş EQ seriyalı, 16602754 nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X1 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar