Məhkəmə qərarları › İş №3(007)-4725/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4725/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4725/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş Bakı şəhər BPİ X12 İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli “İnzibati xəta haqqında protokol” tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında “Qərar” çıxarılaraq 80 (səksən) manat cərimə tətbiq edilmişdir. Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”la razı deyil, qərar qanunsuz və əsassız olduğundan ləğv edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində ona məxsus “HYUNDAİ ELANTRA" markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində hərəkətdə olarkən Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru onu saxlayaraq, özünü təqdim etdikdən sonra “Giriş qadağandır” nişanının tələblərinin pozulduğunu və barəsində protokol tərtib olunacağını bildirmişdir. O, isə həmin əməkdaşa yolun hərəkət hissəsinin lazımı qaydada işıqlandırılmadığından qaranlıq olduğu, eləcədə həmin vaxtda yolda digər nəqliyyat vasitələri hərəkətdə olmadığından tərəfindən qayda pozuntusuna yol verilmədiyi və barəsində protokol tərtib edilməməsini, protokolun tərtib ediləcəyi təqdirdə inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmayacağını və elektron sistemə “qərarsız” vurulmasını polis inspektoruna bildirmişdir. Polis isə protokol tərtib edəcəyini və ondan “asanpay” kabinetinin olub-olmadığını soruşmuş və tərtib olunan protokolun surətini ona təqdim etmədən ərazidən uzaqlaşmışdır. Sonradan ona məlum olmuşdur ki, polis inspektoru həmin vaxt protokol tərtib etməklə bərabər inzibati tənbeh vermə haqqında qərar qəbul edərək elektron sistemə yerləşdirmişdir. Protokol və qərar ona rəsmi təqdim olunmadığından xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinə müraciət etmiş, müraciəti xx.xx.2023-cü il tarixdə 3-13-/1-1-105495/2-11/2023 nömrəsi ilə qeydiyyata alınsa da müraciəti ilə əlaqəli hər hansı cavab gəlmədiyindən həmin qərardan məhkəməyə şikayət etmişdir. İnzibati xəta haqqında protokolu və qərarı xx.xx.2023-cü il tarixdə Nizami rayon DYPİ-nə gedərək rəsmi qaydada kağız daşıyıcıda əldə etmisdir. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir, inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fizki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur (İnzibati Xətalar Məcəlləsi, maddə 100.2 -100.3). İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməmişdir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan da göründüyü kimi, barəsində inzibati xəta haqqında icraat qanunsuz aparılmış, tərtib olunan protokol və qərar kobud qanun pozuntularına yol verməklə tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə saat 22:10 radələrində idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 1 ünvanında hərəkətdə olarkən “giriş qadağandır” yol nişanının tələblərini pozaraq Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilməsinə dair qərar qəbul edilmişdir. Elvin İsmayılzadə bildirmişdir ki, həmin yerdə yol nişanı görünmür, buna görə də, bilmədən yol nişanının tələblərini pozmuşdur. Yol nişanının yerləşdiyi yerə baxış keçirilmiş, həmin nişanın görünüşündə və yerləşdirilməsində heç bir maneə olmadığı aşkar olunmuşdur. Şəxsin özü ola bilsin ki, diqqətsizlik etmiş, ona görə də yol nişanını görməmişdir. Həmin nişan kifayət qədər aydın şəkildə görünür. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 2 ünvanında hərəkətdə olarkən “giriş qadağandır” yol nişanının tələblərinə riayət etməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur, sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə işin faktiki hallarına və X2 şikayətini əsaslandırdığı dəlillərə qiymət verərək hesab edir ki, onun göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Şərh edilən normaları rəhbər tutaraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər BPİ X12 İdarəsinin yol patrul xidməti inspektoru, polis serjantı X6 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar