Məhkəmə qərarları › İş №3(007)-4726/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4726/2024

19.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4726/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsi-Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X3 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci və 493-cü maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsi tərəfindən tərtib olunmuş 09 avqust 2024-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, ümumi dəyəri milli valyutaya nisbətdə 255000 manat təşkil edən 150000 ABŞ dolları dəyərində olan "xxxx" MMC-nin adına (VÖEN **********) xx.xx.2021-ci il tarixində dəmiryolu nəqliyyat vasitəsi ilə idxal olunan, 001 ECE-STL 16112023 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Şəxs MMC-nin adına idxal olunmalı olan 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər xx.xx.2021-ci il tarixdə Abşeron gömrük postuna gətirilmiş və bu mallar bugünədək ixrac olunmamış və müvəqqəti idxal müddətinin uzadılması üçün müraciət olunmamışdır. Nəticədə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin nümayəndəsi-Təhqiqat şöbəsinin böyük təhqiqatçısı X2 protokolun məzmununa uyğun izahat vermiş və protokol əsasında Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında göstərmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan mal Şəxs MMC tərəfindən gətirilməmişdir, onların "xxxx" MMC ilə, həmçinin “X8 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti ilə əlaqələri yoxdur. "xxxx" MMC malı qəbuldan imtina etdikdən sonra “X8 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti təklif etmişdir ki, malı onlara satsınlar. Bu malı Azərbaycan Respublikasına “X8 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti "xxxx" MMC-nin sifarişi əsasında gətirmişdir. Bundan sonra isə imtina edilmişdir. O, gedib mala baxmış, malın pis vəziyyətdə olduğunu görmüşdür. Ancaq generatorları saz vəziyyətdə olmuşdur. Buna görə razılaşıb müqavilə bağlamış, sonra malları bəyan etmək üçün brokerə getmişdir. Həmin vaxt broker gömrük rüsumu barədə ona dedikdə istəməmişdir, çünki rüsum çox olmuşdur. İnzibati xəta haqqında protokolu yazan bir ay sonra ona zəng vurub demişdir ki, gəlib onlarla söhbət etsin, amma mallarla əlaqəsi olmadığından təklifi qəbul etməmişdir. İnzibati xəta törətmədiklərini nəzərə alaraq, iş üzrə icraata zitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci və 493-cü maddələri ilə nəzərdə tutulan inzibati xətaların tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan sənədlərin məhkəmə iclasında tədqiq edilməsi ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC-nin adına (VÖEN **********) xx.xx.2021-ci il tarixində dəmiryolu nəqliyyat vasitəsi ilə 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər Abşeron gömrük postuna gətirilmiş və bu mallara heç bir gömrük bəyannaməsi tərtib olunmamışdır. xx.xx.2023-cü il tarixində 3- 33-1100/1-035869/2023 nömrəli müraciət məktubu əsasında həmin konteynerlərin Şəxs MMC tərəfindən satıcı şirkətə geriyə təkrar ixrac edilməsi üçün müraciət edilmişdir. "xxxx" MMC-nin adına (VÖEN **********) xx.xx.2021-ci il tarixində dəmiryolu nəqliyyat vasitəsi ilə idxal olunan 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər Türkiyə Respublikasında qeydiyyatda olan “X9 İnşaat Taahhüt Ticarət ve San. LTD” şirkətinə məxsusdur. “X9 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti tərəfindən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş məktubda qeyd edilmişdir ki, “X9 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır, bundan sonra müştərinin sifarişi əsasında tərəflərindən 3 ədəd konteyner 3 faktura ilə birlikdə (ECE**********035, ECE**********36, ECE**********034) Azərbaycan Respublikasına ixrac edilmişdir, tərəflər arasında meydana gələn maliyyə və inzibati problemlərə görə "xxxx" MMC tərəflərindən göndərilən malların keyfiyyətini bəyənməmiş və heç bir ödəniş etməmişdir, bu məsələ ilə bağlı hüquqi prosedurların davam etməsi və şirkətə aid konteynerlərin geri qaytarılması barəsində lazımi köməklik göstərilməsi xahiş edilmişdir. “X10 İnşaat Taahhüt Ticaret ve San. LTD” şirkəti tərəfindən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş digər məktubda qeyd edilmişdir ki, həmin şirkət ilə Şəxs MMC arasında 001 ECE-STL 16112023 nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır, bundan sonra müştərinin sifarişi əsasında tərəflərindən 3 ədəd konteyner 3 faktura ilə birlikdə (ECE**********021, ECE**********22, ECE**********023) Azərbaycan Respublikasına ixrac edilmişdir, lakin həmin yüklər səhvən "xxxx" MMC-nin adına göndərilmişdir. Şəxs MMC-dən Bakı Bas Gömrük İdarəsinə göndərilmiş ərizədə şirkətin planlaşdırılmamış xərcləri yarandığından həmin yükləri sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda altında rəsmiləşdirə bilmədikləri, həmin malların təkrar ixrac gömrük proseduru altında rəsmiləsdirilməsinə köməklik göstərilməsi bildirilmişdir. Eyni zamanda, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 19 dekabr 2023-cü il, 29 yanvar 2024-cü il və 19 fevral 2024-cü il tarixlərdə Bakı Baş Gömrük İdarəsinə rəsmi qaydada müraciətlər edilərək, qeyd olunan 3 ədəd mal qismində konteynerlərdəki yükün sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsinin nəzərdə tutulduğu, lakin şirkətin planlaşdırılmamış əlavə xərclərinin yaranması səbəbindən və baxış keçirərkən konteynerlərdəki avadanlıqların işlək vəziyyətdə olmaması üzündən, bu yüklərin sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirilməsinin mümkün olmadığı, tərəflərindən alınması nəzərdə tutulan konteynerlərin alqı-satqı prosesinin baş tutmadığı, ona görə bu gedişatda tərəf kimi çıxış etməkdən imtina etdikləri bildirilmişdir. Bununla paralel olaraq, "xxxx" MMC tərəfindən də 16 noyabr 2023-cü il və 06 aprel 2024-cü il tarixlərdə Bakı Baş Gömrük İdarəsinə rəsmi qaydada müraciətlər edilərək, Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal olunan 3 ədəd konteynerlərə (konteyner nömrələri: PONU 144255-3, İMTU 909237-0, CAXU 938761-4) yüklənmiş dizel-generator və ləvazimatları (invoys nömrələri ECE**********034/35/36) sifariş üzrə parametrlərə uyğun gəlmədiyinə görə geri qaytarılmasına zərurət yarandığı, həmin yüklərin qəbul edilməsindən tərəflərindən imtina edildiyi və bunun əsasında hər hansı gömrük rəsmiləşdirilməsi prosedurunun həyata keçirilmədiyi bildirilmiş, həmin yüklü konteynerlərin geri ixrac olunmasında onlara köməklik göstərilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fiziki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Hər hansı hüquq münasibətləri subyektlərinin hüquq və vəzifələri qiymətləndirilərkən həmin münasibətlərin məzmunu təhlil edilməli və subyektin prosessual münasibətlərdə mövcudluğu və bununla əlaqəli subyektiv hüququ və prosessual imkanları araşdırılmalıdır. Subyektiv hüquq – şəxsin qanunvericiliklə təmin olunan, onun maraqlarının qorunmasına yönələn mümkün davranış qaydasıdır. Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 499.1.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə - inzibati xətanın bilavasitə obyekti olan mallar və (və ya) nəqliyyat vasitələrinin dəyərinin əlli faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir; 493-cü maddəsinə əsasən gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, ümumi dəyəri milli valyutaya nisbətdə 255000 manat təşkil edən 150000 ABŞ dolları dəyərində olan 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlər 27 dekabr 2021-ci il tarixdə Abşeron gömrük postuna gətirilmişdir, lakin həmin yüklərin Şəxs MMC-yə aid olması, həmin MMC-nin sifarişi əsasında gömrük ərazisindən keçirilməklə ölkəyə gətirilməsi öz təsdiqini tapmamışdır. Şəxs MMC tərəfindən 21 noyabr 2023-cü il tarixdə rəsmi müraciət olunaraq yüklərin həmin MMC-nin adına rəsmiləşdirilməsi xahiş edilsə də, sifariş üzrə parametrlərə uyğun gəlmədiyinə görə yüklərin geri qaytarılmalı olmasına qərar verilmiş, yüklərin qəbul edilməsindən imtina edilmiş və yüklər üzrə hər hansı gömrük rəsmiləşdirilməsi proseduru həyata keçirilməmişdir. Əksinə, "xxxx" MMC tərəfindən 16 noyabr 2023-cü il və 06 aprel 2024-cü il tarixlərdə Bakı Baş Gömrük İdarəsinə rəsmi qaydada müraciətlər edərək, Türkiyə Respublikasından Azərbaycan Respublikasına idxal olunan 3 ədəd konteynerlərə yüklənmiş dizel-generator və ləvazimatların (invoys nömrələri ECE**********034/35/36) sifariş üzrə parametrlərə uyğun gəlmədiyinə görə geri qaytarılmasına zərurət yarandığı, həmin yüklərin qəbul edilməsindən tərəflərindən imtina edildiyi və bunun əsasında hər hansı gömrük rəsmiləşdirilməsi prosedurunun həyata keçirilmədiyi bildirilmiş, həmin yüklü konteynerlərin geri ixrac olunmasında onlara köməklik göstərilməsi xahiş edilmişdir. Bütün bu qeyd edilənlərlə və məhkəmə tədqiqi zamanı sübutların yoxlanılması ilə müəyyən edilmişdir ki, ümumi dəyəri milli valyutaya nisbətdə 255000 manat təşkil edən 150000 ABŞ dolları dəyərində olan 94734266 (**********02387), 94308921 (**********02388), 94206810 (**********02389) 3 ədəd mal qismində konteynerlərin 27 dekabr 2021-ci il tarixdə Abşeron gömrük postuna gətirilməsinə, bundan sonra isə bir ildən artıq müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına görə təqsirli şəxs qismində Şəxs MMC-nin cəlb edilməsi qanunsuz və əsassız olmuşdur, Şəxs MMC həmin xətanın subyekti hesab oluna bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 28 mart 2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur. Buradan da aydın olur ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulmuş xətanın subyekti hesab olunsa belə, 3 ədəd mal qismində konteynerlərin 27 dekabr 2021-ci il tarixdə Abşeron gömrük postuna gətirilməsi, Şəxs MMC-nin isə yalnız 21 noyabr 2023-cü il tarixdə rəsmi müraciət edərək yüklərin həmin MMC-nin adına rəsmiləşdirilməsini xahiş etməsi, lakin müraciətlə bağlı hər hansı gömrük prosedurunun həyata keçirilməməsi nəzərə alındıqda, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad olunan Qərarı ilə gəlinmiş hüquqi mövqe baxımından Şəxs MMC tərəfindən həmin inzibati xəta törədilməmiş hesab olunur. Bundan başqa, məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci maddəsində nəzərdə tutulan inzibati xətaların tərkibi müəyyən edilmədiyindən, MMC-nin əməlində eyni əsasla Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi də yoxdur. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını qadağan edən, habelə artıq başlanmış icraatın davam etdirilməsini mümkünsüz edən hallar təsbit edilmişdir. Bu halların aşkar edilməsi icraatın istənilən mərhələsində mümkün olduğundan, qanunverici inzibati xəta haqqında iş üzrə icraatın hər bir mərhələsində, yəni inzibati xəta haqqında işin baxılmağa hazırlanması, inzibati xəta haqqında işə baxılması və inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması zamanı İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan birinin müəyyən edilməsi əsası ilə icraata xitam verilməsini nəzərdə tutmuşdur. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində isə təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Bir sözlə, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci və 493-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 499.1.5-ci və 493-cü maddələrində nəzərdə tutulan inzibati xətaların tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar