Məhkəmə qərarları › İş №3(007)-4727/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4727/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4727/2023 29.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X5, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin vəzifəli şəxsi, direktoru X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından məhkəməyə şikayət vermişdir. Bununla yanaşı, X15 şikayətə onun yaşadığı yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmasına dair yazılı vəsatət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X23 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X8 “İnzibati tənbeh vermə haqqında” 28 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə onun haqqında tərtib edilmiş prokurorun 20 iyul 2023-cü il tarixli, 05i/m-23 nömrəli qərarına və inzibati xəta haqqında işin digər materiallarına baxaraq Xocavənd rayon mərkəzi xəstəxanasında cari təmir işləri aparılarkən 6 nəfər şəxslə, yəni X17, X18 və digərləri ilə əmək müqaviləsi bağlamadan işlərə cəlb etməyi əsası ilə ona Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 4000 manat cərimə tətbiq etmişdir. Bildirir ki, o, təmir işləri aparılması ilə məşğuldur və cəlb etdiyi bütün işçilərlə əmək müqaviləsi mövcuddur. Xocavənd mərkəzi xəstəxasının baş həkimi ona bildirmişdir ki, 2020-ci ildə ikinci Qarabağ müharibəsi gedişində xəstəxanada hərbçilər qalmışlar və xəstəxana müharibə dövründə xeyli dağılmışdır. Hazırda əsaslı təmirə ehtiyac vardır. Eyni zamanda xəstəxananın əvvəlki xidmətlərini bərpa etməsi üçün tez bir zamanda təmir olunub yekunlaşmalıdır. Onun xəstəxananın təmir işlərini aparmağı öz üzərinə götürməsini, əgər əlavə işçi qüvvəsinə ehtiyac olarsa, özünün (baş həkimin) həmin işçiləri təşkil edəcəyini, xidmət haqqlarını isə onun ödəməsini xahiş etmişdir. Əsas məsələnin xəstəxananın tez bir zamanda təmir olunub yekunlaşması və xəstələrə yüksək səviyyədə xidmət göstərilməsi olduğunu qeyd etmişdir. O da, müharibə dövründə dağılmış xəstəxananın bərpasını Azərbaycan vətəndaşı olaraq özünə borc bilmiş və Xocavənd rayon mərkəzi xəstəxanasının təmir işlərini öz vəsaiti hesabına aparmağa başlamışdır. Mübahisələndirdiyi inzibati tənbeh vermə haqqında qərarda qeyd edilən 6 nəfər şəxslə əmək müqaviləsi bağlamadan işlərə cəlb etməsi əsassızdır. O, həmin 6 nəfər şəxsi görməmişdir və tanımır. Həmin şəxslər Xocavənd rayon mərkəzi xəstəxanasının müdiriyyəti tərəfindən təmir işlərinin tez yekunlaşması üçün cəlb edilmiş şəxslərdir. 6 nəfər şəxs onun əmək müqaviləsi bağladığı işçilərinə kömək ediblər. O da, həmin şəxsləri tanımadan onların əziyyətlərinə görə xidmət haqqlarını öz vəsaiti hesabına ödəmişdir. Hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur, X23 Xidmətinin Qarabağ regional şöbəsinin inzibati tənbeh vermə haqqında 28 avqust 2023-cü il tarixli qərarında qeyd edilən 6 nəfər şəxsi tanımır və onlar əmək münasibətlərində olmamışdır. Həmin qərarı qərəzli və qanunsuz hesab edir. Əməlində inzibati xəta tərkibi olmadığı əsasına görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən, X23 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X3 inzibati tənbeh vermə haqqında 28 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərarını, əməlində inzibati xəta tərkibi olmadığı əsasına görə, ləğv edərək icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X15 şikayətin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin nümayəndəsi X19 şikayətin dəlilləri ilə razılaşmayıb, izahatında göstərmişdir ki, Xocavənd rayon prokurorluğunun 20 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, həmin prokurorluqda ********* nömrəli cinayət işinin istintaqı aparılan zaman müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X15 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxs "xxxx" MMC-nin direktoru X15 əmək qanunvericiliyinin tələblərini pozaraq həmin müəssisədə 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərini həyata keçirən 6 nəfər şəxs, yəni X20, X18, X10, X21, X22 və X16 ilə əmək müqaviləsi bağlamalı olduğu halda həmin vəzifənin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları usta və fəhlə vəzifəsinin, yəni “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının müxtəlif növdə cari təmir işlərinin yerinə yetirilməsinə cəlb etdiyindən X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmuş, X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Qəbul edilmiş həmin qərar qanuni və əsaslı olduğundan şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 vəsatəti əsasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, X23 Xidmətinin Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən "xxxx" MMC-nin direktoru X15 haqqında tərtib edilmiş 6 nəfər şəxslə, yəni X17, X18 və digərləri ilə əmək müqaviləsi bağlamadan işlərə cəlb etmə əsası üzrə inzibati tənbeh tətbiq etmə haqqında qərarda onun da adı vardır. Guya, o da, "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmişdir. Lakin o, heç vaxt "xxxx" MMC-nin direktoru X5 tapşırığı üzrə əmək fəaliyyətinə cəlb olunmamışdır, ümumiyyətlə, qeyd edilən ərazidə işləməmişdir. Onun adı həmin qərarda əsassız olaraq qeyd edilmişdir. O, 2021-ci ildə nə X9, nə X11, nə X12, nə də qərarda adları qeyd olunan digər şəxsləri tanımamışdır. O, usta fəaliyyəti ilə məşğuldur, 2021-ci ildə Beyləqan şəhərinə qonaq getmişdir. Həmin vaxt çayxanada əyləşən zaman tanımadığı şəxs bildirmişdir ki, Xocavənd mərkəzi xəstəxanası təmir olunur, orada metlak vurmağa usta axtarılır. Bu işi bilən şəxslər müraciət edə bilər. O da, həmin xəstəxanaya getmiş, işə baxmış, lakin işin çətin olduğunu görüb işdən imtina etmiş, heç bir saat belə orada işləməmiş, Goranboya qayıtmışdır. Bir müddət sonra ona Xocavənd prokurorluğundan zəng gəlmiş və ona bildirilmişdir ki, Xocavənd mərkəzi xəstəxanasında usta kimi işləyən zaman şikayət olunmuşdur, prokurorluğa gəlməlidir. O isə, orada işləmədiyini bildirərək prokurorluğa gedib izahat verməkdən imtina etmiş, ora getməmişdir. Xocavənd prokurorunun köməkçisi Goranboya yaşadığı əraziyə gəlib ondan izahat götürmüşdür. İzahatında da Xocavənd mərkəzi xəstəxanasında işləmədiyini bildirmişdir. Prokurorun köməkçisi də demişdir ki, izahatında dediklərini yazmışdır, imzalasın. O, müharibə veteranıdır, gözündən əlildir, görmür, yazını oxuya bilmir, ona görə izahatı oxumadan imzalamışdır. Sonradan məlum olmuşdur ki, prokurorun köməkçisi onun dediklərini izahatda yazmamış, guya onun bir gün "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanılmadan Xocavənd mərkəzi xəstəxanasında işə cəlb olunduğunu yazmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Xocavənd rayon prokurorluğunun 20 iyul 2023-cü il tarixli qərarından görünür ki, rayon prokurorluğunda ********* nömrəli cinayət işinin istintaqı aparılan zaman müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) direktoru X15 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçiləri “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərinin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, hüquqi şəxs "xxxx" MMC-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - hüquqi şəxsin direktoru X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-3, 2-3.3, 2.4 və 49-cu maddələrinin tələblərini pozaraq həmin müəssisədə 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərini həyata keçirən 6 nəfər şəxs, yəni X20, X18, X10, X21, X22 və X16 ilə əmək müqaviləsi bağlamalı olduğu halda həmin vəzifənin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları usta və fəhlə vəzifəsinin, yəni “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının müxtəlif növdə cari təmir işlərinin yerinə yetirilməsinə cəlb etdiyindən hüquqi şəxs "xxxx" MMC-nin direktoru Həbib Məmmədov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd edilən xüsusat X20, X18, X10, X21, X22 və X6 ifadələri ilə təsdiq edilir. Belə ki, X20 ifadəsində 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində "xxxx" MMC tərəfindən həyata keçirilən cari təmir işlərini, yəni xəstəxananın içəri və çöl hissəsinin kosmetika işləri, yəni fasadın dəyişdirilməsi, yerə metlak döşənməsi, krantların dəyişdirilməsi, santexnik işləri, radiatorların dəyişdirilməsi və digər işləri həyata keçirən zaman mühəndis kimi işlədiyini, lazım olan mal-materialların şirkətin direktoru Həbib Məmmədov tərəfindən Bakı şəhərindən göndərildiyini, çatışmazlıq olduqda Həbib Məmmədovun ona "xxxx" ASC-yə aid kart vasitəsilə göndərdiyi pulla Xocavənd, Beyləqan və Ağcabədi rayonlarının ərazilərində olan mağazalardan mal-material əldə etdiyini, Həbib Məmmədovun direktoru olduğu "xxxx" MMC şirkəti ilə onun arasında əmək müqaviləsinin olması barədə məlumatı olmadığını, eləcə də X18, X10, X21, X22 və X6 həmin şirkətlə əmək müqavilələrinin olmadığını, orada işləyən zaman onlara aylıq rəsmi əməkhaqqı ödənilmədiyini, işçilərə ödəniş işlərinə və kvadrata uyğun Həbib Məmmədovun onun kart hesabına göndərdiyi pulların onun tərəfindən ödənildiyini, ona isə aylıq sonuncu tərəfindən 500 manat aylıq əmək haqqı və yanacağın pulunun ödənildiyini göstərmişdir. İstintaq zamanı X18, X10, X21, X22 və X16 ifadələrində 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində "xxxx" MMC tərəfindən həyata keçirilən cari təmir işlərini, onlara işlərinə uyğun əmək haqqının verildiyini, lakin həmin şirkətin rəhbəri Həbib Məmmədov və şirkətin digər əməkdaşı ilə əmək müqavilələrinin olmadığını göstərmişlər. "xxxx" MMC-nin direktoru X15 ifadəsində 2021-ci ilin yaz- payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində "xxxx" MMC tərəfindən həyata keçirilən cari təmir işlərinin soyadlarını xatırlamadığı, lakin rəsmi əmək müqaviləsi ilə işləyən Ruslan və Kənanın həyata keçirdiyini, həmin vaxt Ruslan və Kənandan başqa digər usta və fəhlələrin də işlədiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, AİBNDX.15/01.5/67809 nömrəli məktubdan görünür ki, 48.720,08 manat məbləğində tikili və avadanlıqların cari təmiri işlərinin satın alınması məqsədilə "xxxx" MMC ilə müqavilənin bağlanmasına əsas verən kotirovka sorğusu prosedurunun nəticəsi barədə tərtib olunmuş yekun protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində xx.xx.2021-ci il tarixdə 5p/6320-2 nömrəsi ilə qeydə alınmışdır. İşi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi N 8-dən görünür ki, “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru sifarişçi qismində, "xxxx" MMC-nin direktoru X15 isə icraçı qismində olmaqla bağlanmış müqavilə əsasında Xocavənd rayon mərkəzi xəstəxanasının cari təmir işlərinin satın alınması üçün 48.720,08 manat tender təklifi ilə razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin 15 may 2023-cü il tarixli 3-17-5/2-17080/2023 nömrəli məktubundan görünür ki, X4 və X2 başqa rayon prokurorluğunun 02 aprel 2023-cü il tarixli ********* nömrəli sorğusunda qeyd edilən X18, X10, X21, X22 və X6 barəsində “Əmək və məşğulluq” altsistemində hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) tərəfindən əmək müqaviləsi bildirişi daxil edilməmişdir. 2021-ci ilin yaz-payız aylarında "xxxx" MMC-nin cari təmir işlərini həyata keçirdiyi “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsi Beyləqan rayonu inzibati ərazi ərazisində salınmış Xocavənd rayonu Xocavənd qəsəbəsində yerləşdiyindən inzibati xəta Xocavənd rayonu ərazisində törədilmiş hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-4-cü maddəsində qeyd olunmuşdur ki, bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 2-3 və 2-3.3-cü maddələrinə əsasən tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd olunmuşdur ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxmaq səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə aiddir. Beləliklə, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və baxılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə göndərilməlidir. Göstərilənlərə əsasən, vəzifəli şəxs X15 (FİN-1BBRFMX) xx.xx.1965-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, hüquqi şəxs "xxxx" MMC-nin (VÖEN **********) direktoru, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami Abdullayev 4/45 ünvanında yaşayan - barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinə göndərilmişdir; -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, "xxxx" MMC-nin direktoru X1 rayon mərkəzi xəstəxanasında cari təmir işləri aparılarkən 06 nəfər şəxslə, yəni X17, X18 və digərləri ilə əmək müqaviləsi bağlamadan işlərə cəlb etdiyinə görə, Xocavənd rayon prokurorluğunun 20 iyul 2023-cü il tarixli qərarı əsasında, X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4000 manat məbləğində inzibati cərimə edilmişdir; -Sumqayıt Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 3(105)-583/2023 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 22000 manat məbləğində inzibati cərimə edilməsinə dair Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 3(026)-241/2023 nömrəli qərarı ləğv edilmiş, "xxxx" MMC-nin barəsində həmin maddə ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi, həmin hüquqi şəxsin direktoru X15 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2- 3, 2-3.3, 2.4 və 49-cu maddələrinin tələblərini pozaraq həmin müəssisədə 2021-ci ilin yazpayız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərini həyata keçirən 06 nəfər şəxs, yəni X20, X18, X10, X21, X22 və X16 ilə əmək müqaviləsi bağlamalı olduğu halda həmin vəzifənin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları usta və fəhlə vəzifəsinin, yəni “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının müxtəlif növdə cari təmir işlərinin yerinə yetirilməsinə cəlb etmişdir. Həmin xətaya görə, "xxxx" MMC-nin direktoru X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə vəzifəli şəxs qismində 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Baxılan işə münasibətdə məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyinin tələbləri "xxxx" MMC-nin müvafiq vəzifəli şəxsi, X15 tərəfindən pozulmuşdur ki, bu da, İXM-nin 192.1-ci maddəsinin təsiri altına düşməklə, həmin maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 7-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir; bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır; 44-cü maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Hazırkı halda məhkəmə hesab edir ki, X15 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz "xxxx" MMC-nin vəzifəli şəxsi X15 tərəfindən törədilmişdir. Əmək münasibətlərinin yaranması əsasları, bunun üçün mühüm şərtlər qanunvericilikdə konkret olaraq müəyyən edildiyindən, ondan kənar yaranmış münasibətlər, işçinin əmək müqaviləsi bağlanılmadan və elektron informasiya sisteminə daxil edilmədən, peşəkarlıq səviyyəsinin müəyyən olunmasınadək işə cəlb edilməsi, artıq həmin tələblərin pozulması deməkdir ki, bunun üçün də məsuliyyətin müvafiq növləri müəyyən edilmişdir. Məhkəmə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusuna əsaslanaraq, inzibati qaydada tənbeh edilmiş şəxsin və onun tərəfindən dəvət olunmuş şahidin irəli sürdükləri dəlilləri əsassız hesab edir və vəzifəli şəxsi inzibati məsuliyyətdən yayındırmağa cəhd edilmələri kimi qiymətləndirir, hansı ki, həmin göstərilənlər işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunur. Məhkəmə qeyd edir ki, X5 irəli sürdüyü dəlillər əsasında işin icraatına xitam verilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, lakin mübahisələndirilən qərarın qüvvədə qalması üçün də əsaslar yoxdur, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən mübahisələndirilən qərar ləğv olunmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, nəzərə alınmalıdır ki, yuxarı instansiya məhkəməsi olan Sumqayıt Apellyasiya Məhkəməsi özünün 13 dekabr 2023-cü il tarixli 3(105)-583/2023 nömrəli qərarı ilə belə hüquqi nəticəyə gəlmişdir ki, eyni inzibati xətaya, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-3, 2-3.3, 2.4 və 49-cu maddələrinin tələblərinin pozularaq "xxxx" MMC-də 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərini həyata keçirən 06 nəfər şəxslə - X20, X18, X10, X21, X22 və X16 ilə əmək müqaviləsi bağlanmalı olduğu halda həmin vəzifənin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlanmayaraq və bu müqavilələrin bildirişi elektron informasiya sisteminə daxil edilməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları usta və fəhlə vəzifəsinin, “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının müxtəlif növdə cari təmir işlərinin yerinə yetirilməsinə cəlb edilməsinə görə hüquqi şəxs "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin mövcud olması ilə bağlı birinci instansiya məhkəməsi olan Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarı ilə gəldiyi nəticə qanuni və əsaslıdır. Sumqayıt Apellyasiya Məhkəməsi həmçinin özünün 13 dekabr 2023-cü il tarixli 3(105)-583/2023 nömrəli qərarı ilə belə hüquqi nəticəyə gəlmişdir ki, ... Lakin "xxxx" MMCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddəti keçməsinə baxmayaraq birinci instansiya məhkəməsinin sonuncunun inzibati qaydada cərimə edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz. Belə ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi, "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-3, 2-3.3, 2.4 və 49-cu maddələrinin tələblərini pozaraq həmin müəssisədə 2021-ci ilin yaz-payız aylarında “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının cari təmir işlərini həyata keçirən 6 nəfər şəxs, yəni X20, X18, X10, X21, X22 və X16 ilə əmək müqaviləsi bağlamalı olduğu halda, həmin vəzifənin icra edilməsi üçün onlarla əmək müqaviləsi bağlamayaraq və həmin müqavilələrin bildirişini elektron informasiya sisteminə daxil etməyərək Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən onları usta və fəhlə işinə, yəni “Xocavənd rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin inzibati binasının müxtəlif növdə təmir işlərinin yerinə yetirilməsinə cəlb edilmişdir. Xocavənd rayon prokurorunun “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” 20 iyul 2023-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" MMC barəsində İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanmış və material Xocavənd Rayon Məhkəməsinə göndərilmişdir. Sözügedən məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə qərar qəbul edilərək material aidiyyət üzrə Qobustan Rayon Məhkəməsinə göndərilmiş və birinci instansiya məhkəməsinin hazırkı mübahisələdirilən yekun qərarı 22 sentyabr 2023-cü il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi 02 dekabr 2022-ci il tarixli qanunla dəyişiklik edilənədək inzibati tənbehin inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər. Qeyd olunanlara əsasən apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli 3(026)-241/2023 nömrəli qərarı ləğv edilməli və "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi ilə əsası ilə xitam verilməlidir...” Məhkəmə qeyd edir ki, hazırda hüquqi şəxs "xxxx" MMC-nin vəzifəli şəxsi olan direktorunun, onun inzibati qaydada tənbeh edilməsi barədə müvafiq səlahiyyətli orqanın qərarından verdiyi şikayətə baxan birinci instansiya məhkəməsi olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin yuxarıda istinad olunan qərarı ilə gəlinən hüquqi nəticəni, eləcə də məhkəmə tədqiqi ilə müəyyən etdiyi işin faktiki hallarını nəzərə almaqla, hesab edir ki, hüquqi şəxsin vəzifəli şəxsinə münasibətdə də həmin nəticəyə gəlinməli, X5 eyni xətaya görə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsinə baxmayaraq, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarı ilə inzibati qaydada cərimə edilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz. Ona görə həmin qərar ləğv olunmaqla iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli ləğv edilməli, X5 barəsində həmin maddə ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 38, 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Hüquqi şəxs "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 4000 manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidmətinin Qarabağ regional şöbəsinin 28 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli ləğv edilsin, X5 barəsində həmin maddə ilə olan inzibati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar