Məhkəmə qərarları › İş №3(007)-473/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-473/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-473/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs Firovsi oğlu barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. Şəxs barəsində Bakı Şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Proses iştirakçılarının çıxışları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, içkili olmuşdur. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi X5 izahatında göstərmişdir ki, Şəxs əməlindən peşmandır və məhkəmədən ona nisbətən yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etdi. Eyni zamanda hesab edir ki, İXM-nin 535.1-ci maddəsi 510-cu maddəni əhatə etdiyinə görə İXM-nin 510cu maddəsinə xitam verilməlidir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin X10 Şöbəsinin yol patrul xidməti inspektoru X6 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 01:00 radələrində düzgün manevr etmədiyinə görə dönmə işarəsini yandırmadığına görə saxladılar. Ondan alkoqol iyi gəldi. Onu dəvət etdilər ki, içkili olduğundan müayinəyə getsin. Getmədi, səs-küy saldı, qonşular eyvanlara çıxdılar. Sonra bir oğlan gəldi, dedi ki, qardaşıdır. Lakin müəyyən olundu ki, qonşudur. O, da cəhd elədi danışdı ki, müayinəyə getsinlər lakin, Şəxs getmədi. Ata anası da gəlib onu aparmaqlarını istəmədilər. Qonşular səs küydən narahat olduqları üçün çıxmadılar, qonşularını polisi apardığı üçün çıxıb narahat oldular.

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 33.1.7-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məhkəmənin mövqeyi:

7. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs İXM-nin 535.1-ci maddəsi təqsirli bilinməlidir.

8. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Belə ki, iş materiallarına əlavə olunmuş CD diskə məhkəmə iclasında baxış keçirilmiş və diskdən açıq-aydın görünür ki, Şəxs içkili olduğundan yalnız tibbi müayinədən keçməkdən imtina edir. Şəxs maddənin dispozisiyasında qeyd olunan ictimai qaydanı pozmamış, fiziki şəxslər üzərində zor tətbiq etməmiş və ya belə zorun tətbiq edilməsi ilə hədələməmiş, özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verməmişdir.

9. Həmçinin şahid qismində dindirilmiş Bakı Şəhəri Nizami RPİ-nin DYP Şöbəsinin yol patrul xidməti inspektoru X6 bildirdi ki, Şəxs tibbi müayinədən keçməkdən imtina etdiyini üçün səs küy yarandığını bildirdi. Qonşuların isə ictimai qaydanın pozulması nəticəsində yaranan səs küydən narahat olduqları üçün balkonlara çıxmadıqları, qonşularını polis apardığı üçün çıxıb narahat olduqlarını bildirdi.

10. Beləliklə, Şəxs əməlində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq yəni ictimai qaydanı pozma, fiziki şəxslər üzərində zor tətbiq etmə və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, özgənin əmlakını məhv etmə və ya zədələnməsi ilə müşayiət edilməyən hallar müəyyən olunmadığından qeyd olunan maddənin tərkibi yoxdur.

11. Məhkəmə, inzibati xəta törətmiş şəxs Şəxs İXM-nin 535.1-ci maddəsi ilə törətdiyi əməlindən peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, o cümlədən inzibati xətanı sərxoş halda törətməsini həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir.

12. İşdə olan 16 yanvar 2025-ci il tarixli 1/62 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs həmin tarixdə saat 02:15-də keçirilən tibbi müayinəsi zamanı onda “orta dərəcəli alkoqol sərxoşluğu” müəyyən edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır.

13. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir.

14. Məhkəmə həmin maddənin tələbini, Şəxs baxılan işlə bağlı 16 yanvar 2025-ci il tarixdə saat 01:00-da tutulduğunu və hal-hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə 150 manat cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir.

Nəticə:

15. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXMnin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir.

16. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 7 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 42 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

17. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, həmin hissədə iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 7 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 42 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar