Məhkəmə qərarları › İş №3(007)-4732/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4732/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4732/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1985-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Füzuli rayonunun Əbdürrəhmanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 148, mənzil 56-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 07 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs ünvan 1 ünvanında Zərərçəkmiş şəxs təhqir edərək ölümlə hədələmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə ailəli olmuşlar, təxminən 1 il olar ki, ayrılmışlar, birgə nikahdan 1 uşaqları vardır. O, Gülşadın yaşadığı mənzilə onunla barışmaq üçün getmişdir, həmin vaxt Gülşada qarşı hər hansı nalayiq ifadə işlətməmiş, səs-küy salmamış, qonşuları narahat etməmiş, aralarında yalnız sakit formada söhbət olmuşdur. Gülşadla söhbətləri zamanı təkid etmişdir ki, barışıb birlikdə yaşasınlar. Gülşad bundan imtina etdikdə isə onu öldürəcəyini demişdir. Bu söz isə, ümumi xarakter daşımışdır, o, Gülşadla barışmaq istədiyi halda onu niyə öldürməlidir, belə bir niyyəti olmamışdır, həmçinin əlində, üzərində bıçaq və ya hansısa kəsici-deşici alət olmamışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə evli olmuşlar, əvvəllər münasibətləri normal olmuş, həmin şəxsin yol verdiyi səhvə görə münasibətləri pozulmuş və ayrılmışlar. Elməddin dəfələrlə onu narahat etmiş, barışmaq üçün təkid etmiş, bu zaman 2 dəfə bıçaq çıxarmışdır. Düzdür, Elməddin bıçaqla onu vurmamış və ya döyməmişdir, lakin barışmaq istəmədiyini dediyinə görə onu öldürəcəyi ilə hədələmişdir. Sonuncu dəfə 31 avqust 2023-cü il tarixdə Elməddin onun yaşadığı Q.Qarayev prospektindəki 77 nömrəli binanın girişində ona yaxınlaşmış, barışmalarını tələb etmiş, o, imtina etdikdə Elməddin onu bıçaqla hədələmişdir. Həmin vaxt səhər olduğuna görə ətrafda heç kim olmamış, o da qışqırıb kimisə köməyə çağırmamışdır. Elməddin onu bıçaqla hədələsə də, söyüşlə təhqir etməmiş və ya vurmamışdır. Materiala əlavə olunan diskdəki səs yazısı təxminən 20-25 gün əvvələ aiddir. Həmin səs yazısında da Elməddin barışmaq təklif etsə də, eyni zamanda onu öldürəcəyi ilə hədələmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol həmin şəxsin xırda xuliqanlıq etməsi ilə bağlı tərtib edilmişdir. Sözügedən maddənin tələbinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Yəni, maddənin tövsifedici əlaməti hesab olunan müddəadan da görünür ki, xırda xuliqanlıq adlanan xətanın baş verməsi, həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətin yaranması, əməlin xırda xuliqanlıq hesab edilməsi üçün ictimai qayda pozulmalı, lakin bu qayda pozuntusu fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə müşayiət edilməməlidir. Hansı ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə Zərərçəkmiş şəxs ər-arvad olmuşlar, birgə nikahlarından bir uşaqları doğulmuşdur, həmin şəxslər ayrılaraq hazırda ayrı yaşayırlar. Şəxs isə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə barışmaq istəyir və bu niyyətlə keçmiş arvadına müraciət etmişdir. Məhkəmə tədqiqi zamanı Şəxs istinad edilən xətanı törətməsi, yəni ictimai qaydanı pozan hərəkətlərə yol verərək xırda xuliqanlıq etməsi işin faktiki müəyyən edilmiş halları ilə təkzib olunmuşdur, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinin mənası baxımından inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, belə sübut etmə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın üzərinə düşür. Lakin qanunun həmin tələbinə əməl edilməmiş, Şəxs təqsirliliyi sübuta yetirilməmişdir. Ümumiyyətlə, inzibati icraat zamanı İXM-nin 75 və 76-cı maddələrinin tələblərinə də əməl edilməmiş, inzibati xətanın hansı tarixdə və vaxtda, hansı yerdə baş verdiyi dəqiq müəyyən edilməmiş və protokolda göstərilməmiş, Şəxs xırda xuliqanlıq kimi qəbul ediləcək, məhz hansı hərəkətə yol verdiyi müəyyən edilməmiş, əməlin törədildiyinə və məhz Şəxs tərəfindən törədildiyinə dair sübutlar əldə edilməmişdir. Hansı ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan şəxslər keçmiş ər-arvad olmuşlar, birgə nikahlarından doğulmuş uşaqları vardır, ər arvadı ilə barışmaq üçün keçmiş arvadı olan zərərçəkmiş şəxsə müraciət etmişdir. Şəxs protokolda qeyd olunan mübahisənin keçmiş arvadı Zərərçəkmiş şəxs yaşadığı mənzildə, həmin şəxs isə əksinə, yaşadığı binanın giriş qapısında baş verdiyini bildirirlər. İnzibati araşdırma zamanı alınmış izahatlarda bununla bağlı məsələ araşdırılmamış, mühüm sübutlar təqdim edilməmişdir. Sübut qismində təqdim edilmiş CD diskdə olan səs yazıları isə, zərərçəkmişin özünün etiraf etdiyi kimi, təxminən 20-25 gün əvvələ aiddir, baxılan protokola aidiyyəti yoxdur. Xüsusən nəzərə alınmalıdır ki, Zərərçəkmiş şəxs 31 avqust 2023-cü il tarixdə 24-cü polis şöbəsinə müraciətində, 2 il əvvəl ayrıldığı keçmiş həyat yoldaşı Şəxs yaşadığı mənzilə gəlib mütəmadi olaraq lüzumsuz səbəbdən onu narahat etdiyini, rəsmi olaraq ayrılsalar da, onunla barışmağa məcbur etdiyini və barışmasa onu ölümlə hədələdiyini göstərmiş, keçmiş həyat yoldaşı Şəxs onu bir daha narahat etməməsi və təkrarlanmaması üçün barəsində qanuna müvafiq ölçü götürülməsini xahiş etmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs müraciətinin özündə belə, Şəxs xırda xuliqanlıq hərəkətlərinə yol verməsini özündə əks etdirən məlumat qeyd edilməmişdir, həm bu baxımdan, həm də yuxarıda göstərilən qaydada işin müəyyən edilmiş faktiki halları baxımından İXM-nin 510-cu maddəsi ilə inzibati icraat başlanması və şəxsin barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün hüquqi əsaslar olmamış, inzibati araşdırmanı aparan şəxsin şəxsi mülahizələri əsasında material toplanaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hansı ki, mübahisə və münaqişənin səbəbləri, ərizəçinin müraciətinin əsasları həmin şəxslərin münaqişəli ailə və ya şəxslər kimi qeydiyyata alınıb onlarla profilaktik iş aparılmasına, onlarla bağlı digər zəruri addımlar atılmasına əsas verirdi. Bir sözlə, hazırkı icraata münasibətdə Şəxs əməlinin Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə törədilən xırda xuliqanlığın təsiri altına düşməsi barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur, həmin şəxsin əməlində istinad olunan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və inzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal tutulmadan azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar