Məhkəmə qərarları › İş №3(007)-4734/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4734/2023

08.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4734/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X5 iştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 4, mənzil 34-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsi, Yeni yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 08 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 3(007)-3882/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq olunmasına baxmayaraq, eyni icra sənədi üzrə, yəni 10 oktyabr 2022-ci il tarixdən başlayaraq 17 aprel 2019-cu il təvəllüdlü Mələk və 16 iyun 2021-ci il təvəllüdlü Seymur adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və eyni tarixdən başlayaraq 16 iyun 2021-ci il təvəllüdlü Seymur adlı uşağın 3 yaşına qədər hər ay 50 manat məbləğində alimentin ondan X3 xeyrinə tutulmasına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli 2(007)-3289/2022 nömrəli icra sənədi üzrə borcu ödəməklə bağlı icra məmurunun qanuni tələblərini inzibati tənbeh tətbiq olunmasına dair qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar yerinə yetirməmiş, icra sənədi üzrə 3896 manat məbləğində borcu ödəməyərək, icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X2 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, aliment borcunu ödəmədiyinə görə məhkəmə tərəfindən barəsində 500 manat cərimə tətbiq olunmuş, bundan sonra işləyib qazanmaq üçün Gürcüstana getmək qərarına gəlmişdir. Lakin orada iş tapıb işləyə bilmədiyinə görə geri qayıtmış, bu zaman saxlanılmışdır. Onun aliment borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur, yalnız maddi imkansızlığa görə belə alınmışdır. Hazırda tələbkara 400 manat ödəniş edir, qalan borcunu da tezliklə ödəyəcəkdir. Qeyd etdiklərini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, borcludan özü üçün qızıl və ya maşın tələb etmir, uşaqlarına aliment ödəməsini tələb edir. Lakin o, borcunu ödəmir, buna görə şikayət vermişdir. Hazırda borclu ona 400 manat ödəniş etmiş, qalan borcunu da qısa müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Ona görə Şəxs şikayətçi deyil. Həmin şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədi üzrə üzrə tələbkara 400 manat ödəniş etmişdir, qalan borcun ödənilməsi üçün isə tədbirlər görməyi öhdəsinə götürmüşdür, tələbkar da ödənilən məbləği qəbul etmişdir və hazırda Şəxs şikayətçi deyil, həmin şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə müvafiq sübutlar yoxdur, əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs icra sənədinin icra olunmasına yönəlmiş hərəkətləri etməklə, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirir, qalan borcunu ödəməkdən də yayınmır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi - həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz, ona görə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X7 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar