Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4735/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. X2 vəsatətinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 oktyabr 2024cü il tarixli qərardadı ilə onun 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti təmin edilmiş, mübahisələndirilən qərara mahiyyəti üzrə baxılmaq üçün şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 02 sentyabr 2024-cü il tarixdə o, Babək prospektindən Məhəmməd Hadi küçəsinə dönərkən yola daxil olmaq üçün ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq, bu zolağı 1.11 üfüqi nişanlanma olan yerdən tərk etmişdir. Bu halda ona səhvən inzibati xətaya görə protokol tərtib edilmişdir. Bu yolda tıxacın adətən işıqfordan körpüyə qədər uzanması nəzərə alınsa, bu yola daxil olmaq üçün ya avtobus zolağında dayanıb gözləmək, ya da növbəti 1.11 üfüqi yol nişanlanması olan yerdən keçməklə avtobus zolağını tərk etmək mümkündür. Bu zolağa 5.9 yol nişanı döngənin başlanğıcında qoyulmuş və hər iki üfüqi nişanlanma xətti 5.9 nişanından sonra çəkilmişdir. Yol hərəkəti haqqında qanunun 48-ci maddəsinə əsasən, başqa nəqliyyat vasitələrinin bu zolaqda hərəkətinə yola daxil olmaq məqsədi ilə o halda icazə verilir ki, sürücü ümumi istifadədə olan nəqliyyat vasitələrinə maneə yaratmasın və zolağı tərk etsin. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq götərmişdir ki, o, avtobus zolağına çıxmadan həmin yoldan çıxa bilməzdi. Avtobus zolağı həmin yoldan ləğv olunmalıdır. Çünki hərəkət mümkün olmur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə əsas olan elektron protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, sürücü tıxac olduğundan yolu dəyişmək üçün avtobus zolağına daxil ola bilməz. Hazırkı halda sürücü sağa dönmək üçün deyil, məhz tıxac olduğu üçün zolağa daxil olmuşdur. Ya kimsə vətəndaşa yol verməli idi, ya da o, tıxacda gözləməli idi. Şikayət əsassız olduğundan təmin olunmamasını, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Audi E-Tron 50 minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X4 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, “Xalqlar Dostluğu”, “Sərhədçi” idman kompeksinin yaxınlığında 02 sentyabr 2024-cü il tarixdə saat 14:37-də “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda, zolaqda hərəkət etməsi”nə görə, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir; 48-ci maddəsinin İV hissəsinə əsasən 5.9, 5.10.1—5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 02 sentyabr 2024-cü il tarixdə saat 14:37-də Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, “Xalqlar Dostluğu”, “Sərhədçi” idman kompeksinin yaxınlığında “Audi E-Tron 50 minik” markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı”na daxil olaraq hərəkət etmişdir ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. O cümlədən, məhkəməyə təqdim olunmuş fotoşəkillərdəki görüntü ilə şikayətdə irəli sürülən dəlillər təkzib olunmaqla, sözügedən xətanın X4 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X2 haqqında 100 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, həmin fiziki şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş X7 İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, EQ seriyalı, 23347516 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4735/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4735/2024
16.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver