Məhkəmə qərarları › İş №3(007)-4741/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4741/2024

05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4741/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X2, inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş elektron protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X1 iştirakları ilə, X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 06 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23998670 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 06 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23998670 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, istifadəsində olan “Hyundai İX-35 minik” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyatda olduğu və yaşadığı Azər Manafov küçəsi ev 1 ünvanında yerləşən binanın arxa tərəfində park etdiyi zaman Nizami rayon DYP-ə məxsus **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ekipajı tərəfindən xx.xx.2024-cü il tarixində saat 10:35 radələrində, EQ 23998670 saylı inzibati tənbeh vermə haqqında qərarla 60AZN və 2 cərimə balı tətbiq edilmişdir. Belə ki, həmin ünvanda yaşayan sakinlər, yəni qonşular avtomobillərini park etmişlər, park etmiş bütün qonşuları (12 nəfər sakinə) da cərimə tətbiq edilmişdir. Protokolda İXM-nin 346.9 Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə-altmış manat məbləğində cərimə edilir. Yolun ətrafında dayanma durma nişanları yoxdur, həmçinin səkini ayıran hər hansısa bir nizamlayıcı xətlər yoxdur. Odur ki, tətbiq edilən cərimə qanunsuz və əsasızdır. Belə ki, Dövlət Şəhərsalma Norma və Qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması AzDTN 2.6-1 - Küçə və yol şəbəkələri 8.18. Küçə və yolların hesabi parametrləri şəhərlərdə cədvəl 8, kəndlərdə isə cədvəl 9 müvafiq olaraq qəbul edilməlidir. Cədvəl 8 dəki normalara əsasən yerli əhəmiyyətli küçə və yollarda-yaşayış tikililləri ərazisində olan küçələr üçün səkinin piyada hissəsinin eni 1,5-m olaraq göstərilmişdir. Təqdim etdiyi fotoşəkillərdən və videogörüntülərdən avtomobilini park etdiyi yerdə avtomobilin arxa tərəfindən piyadaların sərbəst hərəkət etmələri üçün 2 metrə yaxın yer vardır. Həmin yerin genişlik məsafəsi 9 metrdir, avtomobilin uzunluğu isə 4m 89 sm(4890mm)dir. Belə olduğu halda insanların gediş gəlişi üçün kifayət qədər yer mövcuddur. 8.29. Səki və velosiped cığırları keçidlərin səviyyəsindən 15 sm yuxarı salınmalıdır. Fotolardan da göründüyü kimi hündürlük 3-5 sm təşkil edir. Ona görə tərtib edilmiş protokol tam haqsız və qanunsuzdur. Göstərilənlərə əsasən, barəsində tərtib olunmuş inzibati tənbeh növü ilə 60 manat və 2 bal miqdarında cərimənin ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, cərimənin Baş Dövlət Yol Polisinin mərkəzi informasiya sistemdən silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, bütün bina sakinləri orada maşın saxlayırlar. Binalarından 20 nəfər həmin yerdə maşın saxlayır. Bu günə qədər heç biri cərimə olunmamışdır. Qanunlar insanların rifahi üçündürsə o, niyə maşınını yaşadığı binadan uzaqda bir yerdə park etməlidir ki, kimsə gəlib oğurluq etsin. Şikayətinin təmin edilməsini və barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında 06 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas olmuş 06 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23998670 nömrəli elektron protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin yol-patrul xidməti inspektoru X3 izahatında göstərmişdir ki, şikayətçinin qeyd etdiyi, dayanma-durmanın qadağa olduğu hallardan biridir, sürücü nizamlama göstəricisi olmadan saxladığı üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin yerlə bağlı 3-cü məhkəmə iclasıdır. Hətta, bir nəfər apellyasiya şikayəti vermiş, qərar qüvvədə saxlanılmışdır. Şikayət əsassız olduğundan mübahisələndirilən 06 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23998670 nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Şikayətə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 06 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23998670 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai İX-35 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X4 ünvan 2 ünvanında 06 oktyabr 2024-cü il tarixdə saat 10:35-də “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 1-ci maddəsinin 16-cı hissəsinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 45-ci maddəsinin İ hissəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar; 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmadığı halda 06 oktyabr 2024-cü il tarixdə saat 10:35-də ünvan 2 ünvanında “Hyundai İX-35 minik” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlamışdır ki, onun bu hərəkəti nəticə etibarı ilə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın X4 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Nəzərə alınmalıdır ki, şikayətdə “...nəqliyyat vasitəsinin park edildiyi yerdə avtomobilin arxa tərəfindən piyadaların sərbəst hərəkət etmələri üçün 2 metrə yaxın yerin olması...” kimi irəli sürülən dəlilin hüquqi əsası yoxdur, belə ki, qanunvericilik həmin məsələni “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa səkilərdə dayanma qadağandır” kimi təsbit etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X2 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X2 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 06 oktyabr 2024-cü il tarixli, EQ seriyalı, 23998670 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar