Məhkəmə qərarları › İş №3(007)-4743/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4743/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4743/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Vİİ tağım Yol patrul inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Vİİ tağım Yol patrul inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə ona məxsus “Kia Sportage” minik markalı, **-MO-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı istiqamətində hərəkətdə olarkən Bakı-Qazax yolunun 99-cu km-də yerləşən “Nəvahi” postunda inspektor ancaq "jezl"lə işarə edərək onu saxlamışdır. İnspektor ona yaxınlaşmış və sənədlərini istəmişdir. İnspektordan öz xidməti vəsiqəsini təqdim etməyini istəmişdir, inspektor isə imtina etmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü bəndində göstərilir ki, “Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir." İnspektora qanunun bu maddələrini olduğu kimi bildirmişdir. O yenə də imtina etmişdir. Sonra inspektordan “X8" Azərbaycan Respublikası Qanununda göstərilmiş (Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir.) qaydanı niyə pozduğunu, onun idarə etdiyi nəqliyyat vasitəsini durdurarkən fit və jezldən nəyə görə istifadə etmədiyini soruşmuşdur. İnspektor isə yalan danışaraq fit verdiyini söyləmişdir. Onun nəqliyyat vasitəsinin pəncərələri hər tərəfdən açıq olmuşdur. Fit verilməmişdir. Ondan sənədlərini istəmişdir, sənədləri təqdim edikdə o, heç bir səbəb olmadan ondan posta yaxınlaşmağını tələb etmişdir. O, isə posta yaxınlaşmaqdan imtina etmiş, ona bunun qanunsuz olduğunu bildirmişdir. Sənədlərini də götürüb posta getmişdir. 20 dəqiqə sonra o əlində alkotester ilə yaxınlaşmışdır. Onun spirtli içki qəbul edib-etmədiyini bilmək üçün müayinədən keçməsini istəmişdir. O, bu tələbin qanunsuz olduğunu bildirmiş və müayinədən keçməkdən imtina etmişdir. Bu zaman bir neçə inspektor da onun maşınına yaxınlaşmışdır. Onlardan biri Elvin Xankişiyev olmuşdur. (Onun üzərində döş nişanı və səs- video qeydedici olmamışdır. Bu onun həmin an xidmətdə olmadığını bildirir.) Ondan da “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü bəndinə əsasən sənədlərini təqdim etməsini istəmişdir. X5 qəti şəkildə imtina etmiş, polisin təlimatında xidməti vəsiqənin təqdim etməsinin vacib olmadığını bildirmişdir. Ona Azərbaycan Respublikasının qanununun hər bir təlimatdan üstün olduğunu, onun səhv danışdığını bildirmişdir. Ona avtomobilin alın şüşəsində çat olduğunu bildirib cərimə yazmaq istəmişdir. Sonra qanunsuz olaraq nəqliyyat vasitəsini tərk etməsini istəmişdir. O, öz nəqliyyat vasitəsindən düşməkdən imtina edərək, 102 qaynar xəttinə şikayət etmişdir. Bundan sonra o, yenidən ondan spirtli içki qəbul edib-etmədiyini bilmək üçün müayinədən keçməyini tələb etmişdir. Elvin Xankişiyevə “X8" Azərbaycan Respublikasının Qanununun 85-ci maddəsində göstərilən "Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər.” müddəasını və DYP əməkdaşı qaydalarda göstərilən üç əlamətdən biri və ya bir neçəsi olduqda alkotesterdən və ya narkotesterdən istifadə etməklə sürücünün sərxoşluğunu müəyyən edə bilər. Həmin əlamətlər bunlardır: a) sürücünün nəfəsindən alkoqollu içki qoxusu gəlməsi; b) sürücünün ayaq üstə sərbəst dayana bilməməsi; c) onun özünü idarə edə bilməməsi" müddəasını bildirmişdir. Bunu eşidən Elvin Xankişiyev ona şər-böhtan ataraq onun nəfəsindən alkoqollu içki qoxusu gəlməsini bildirmişdir. O, Elvin Xankişiyevin şər-böhtanından qurtulmaq və spirtli içki qəbul etmədiyini sübut etmək üçün müayinədən keçməyə razı olmuşdur. Əlbəttə ki, o, spirtli içki qəbul etmədiyindən alkotester alkoqolun konsentrasiyasının 0,00 promil olduğunu göstərmişdir. Alkotesterin çeki (alkoqolun konsentrasiyasının 0,00 promill olduğu göstərici) ona təqdim olunmalı olduğu halda təqdim olunmamışdır. Daha sonra Elvin Xankişiyev onun nəqliyyat vasitəsində ilk tibbi yardım qutusunun (apteçkanın) olub-olmamasını yoxlayacağını bildirmişdir. Ondan qanunla sənədləri və ya bir hərəkət və ya cihaz və avadanlıq təqdim olunmasının tələb olunmasının qanuna zidd olduğunu bildirmişdir. O, heç nəyə məhəl qoymayaraq ondan ilk tibbi yardım qutusunu tələb etmişdir. Ondan məcburən maşınını duracağa park edilməsini tələb etmişdir. Səbəbini soruşarkən bildirmişdir ki, ‘Sən qaça biləcəyinə şübhələrim var.” Məcbur olub nəqliyyat vasitəsində olan ilk tibbi yardım qutusunu (apteçka) onlara təqdim etmişdir. Lakin o, ilk tibbi yardım qutusunun içindəki dərmanları bir-bir ona göstərməyi tələb etmişdir. Bütün bunların qanunsuz olduğundan və sonunun nə ilə nəticələnəcəyinə əmin olduğundan o, daha onların qanunsuz tələblərini yerinə yetirməmişdir. İlk tibbi yardım qutusunun içindəki dərmanları onlara göstərməkdən imtina etmiş və avtomobilinə əyləşmişdir. Onlar hamısı (4 nəfər inspektor) ondan ayrılmışlar. Sənədlərini də özləri ilə götürüb posta getmişlər. Onların belə qanunsuz hərəkətlərindən 102 qaynar xəttinə şikayət etmişdir. 40-50 dəqiqə sonra telefonuna cərimələndiyi barədə sms gəlmişdir. Məlum olmuşdur ki, ona Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən İXP seriyalı, ******* saylı protokol ilə 50 manat məbləğində cərimə yazılmış və TP seriyalı, ******* nömrəli qərar da qəbul edilmişdir. 10 dəqiqədən sonra isə 2 inspektor ona yaxınlaşmışdır. Ona cərimə yazıldığını bildirərək protokola qol çəkməsini istəmişdir. Yazılan protokolda onu saxlayan inspektorun ad və soyadının Ağayev Əli olduğunu bilmişdir. Ağayev Əli heç nə danışmamışdır. Protokola qol çəkməyini onunla birgə yaxınlaşmış, adını və soyadını bilmədiyi, özünü ona təqdim etməyən inspektor istəmişdir. Protokolu ona verərkən onların bu əməllərinin qanunsuz olduğunu, ona yazılmış cərimə ilə razı olmadığını, nəyə görə bütün bunları bilərək bu protokoldan qərar çıxarmalarını soruşmuşdur. Adını və soyadını bilmədiyi inspektor yalan danışaraq onun maşınında guya konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına yol verdiyi üçün cərimələndiyini bildirmişdir. Onun maşını tərk etməli olduğunu və ona məlum olmayan “konstruksiyasının digər ünsürlərinin nasazlığını’’ aradan qaldırmamış sənədlərini verməyəcəyini və hərəkətini davam edə bilməyəcəyini bildirmişdir. Onların bu hərəkətlərinin və tələblərinin də qanunsuz olduğunu bildirmişdir. Lakin iki inspektor heç nəyə məhəl qoymamış və onun hərəkətini qadağan etmişlər. 30-40 dəqiqə ərzində dəfələrlə 102 və 902 qaynar xəttinə zəng edəndən sonra Ağayev Əli ona “indi gedə bilərsən" demişdir. Azərbaycan Respublikası İXM-in 342.5-ci maddəsində “Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı" göstərilmişdir. Ondan isə ilk tibbi yardım qutusunu tələb etmişlər. Buna görə isə Azərbaycan Respublikası İXM-in 356.1 “Xüsusi kompletləşdirilmiş dərman qutuları ilə təchiz olunmayan nəqliyyat vasitələrini idarə etmə" qaydalarına görə 10 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Göründüyü kimi ona şər və böhtan atılaraq cərimə yazılmış və bu barədə qərar qəbul edilmişdir. Yazdıqlarının hamısının video qeydiyyatı vardır. Bütün bu qanunsuzluqdan Azərbaycan Respublikası DİN-nə şikayət məktubu göndərmişdir. X6 X2 Kodeksinin 6-cı maddəsində “Xidməti vəzifələrinin icrası zamanı qərar qəbul edərkən prinsipial, qərəzsiz, səmimi, obyektiv və özünə qarşı tələbkar olmalı, məsələyə aidiyyəti olmayan amillərin təsiri altına düşməməlidir” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yazılanları nəzərə alaraq TP seriyalı, ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası DİN-nin Baş X11 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Vİİ tağım Yol patrul inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2021-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2021-ci il tarixdə, saat 12:38-də Bakı-Qazax yolunun 99-cu km-də “KİA SPORTAGE” minik markalı, **-MO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına yol vermişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə hesab edir ki, X3 inzibati xəta törətməsinə dair iş üzrə natamam, səthi araşdırma aparılmış, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. X3 idarə etdiyi avtomobilin konstruksiyasının konkret hansı ünsürünün nasaz olması və belə nasazlığın aradan qaldırılmasının mümkün olmaması səlahiyyətli orqan tərəfindən araşdırılmamışdır. İş üzrə müəyyən edilən sübutlar isə X3 göstərilən maddə ilə təqsirliliyini şübhə altına alır. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair kifayət qədər aydınlaşdırılmamış ziddiyyətli məqamlar mövcuddur. Təqsirliliyi sübut etmək yükü barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati xəta haqqında qərar qəbul etmiş vəzifəli şəxsin (səlahiyyətli orqanın) üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Vİİ tağım Yol patrul inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Vİİ tağım Yol patrul inspektoru, polis serjantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar