Məhkəmə qərarları › İş №3(007)-4767/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4767/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4767/2025 06.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30724352 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30724352 saylı inzibati xəta haqqında iş üzrə qərarından Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(010)- 3821/2025 saylı qərardadına əsasən inzibati xəta hadisəsi Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında törədildiyindən iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30724352 saylı elektron qərarına əsasən inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarı ünvanında törədilmişdir. İş materillarında olan AZE14740158 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 ünvan 2-dir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 08 iyul 2025-ci il tarixli qərarının 3.3.2-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinə aşağıdakı məzmunda 129.1.3-1-ci və 129.1-1-ci maddələr əlavə edilmişdir: “129.1.3-1. bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə;”; “129.1-1. Bu Məcəllənin 129.1.3-cü maddəsinə uyğun olaraq şikayətə baxmağa hazırlıq zamanı bu Məcəllənin 128.1-ci maddəsində göstərilən şəxslər tərəfindən şikayətə həmin şəxslərin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə baxılması haqqında vəsatət verilə bilər.” Azərbaycan Respublikası İXM-in 129.1.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Mövcud qanunvericiliyə əsasən elektron qərarlardan verilən şikayətlərə şikayət verən şəxsin yaşayış yeri üzrə rayon məhkəməsində baxılır. Hesab edirəm ki, inzibati xətalar qanunvericiliyində aidiyyətlə bağlı normalar nəzərdə tutulsa da, inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə öz qərarı ilə həmin işi məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyası məhkəməsinin sədrinə göndərməsi məsələsi müvafiq norma ilə tənzimlənmədiyindən qanun analogiya üzrə tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. İstinad olunan normaların tələblərini, işin faktiki hallarını nəzərə alaraq, belə hesab edirəm ki, X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30724352 nömrəli elektron qərardan şikayət verdiyindən və şikayətçinin yaşayış yeri isə ünvan 2 ünvanı olduğundan, hazırkı qərardan şikayətə şikayətçinin yaşayış yeri üzrə rayon məhkəməsində baxılmalıdır. Lakin inzibati işi digər məhkəmədən almış məhkəmənin onun məhkəmə icraatının mümkünlüyünü yoxlayan zaman işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə, özünün materialı onu göndərmiş məhkəməyə və ya digər aidiyyəti məhkəməyə göndərməsi qanunla qadağan edilir, ona görə hesab edirəm ki, material məhkəmə aidiyyətinə dair məsələnin həlli üçün məhkəmənin yurisdiksiya üzrə aid olduğu Bakı Apellyasiya Məhkəməsinin sədrinə göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109, 110 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 30724352 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətə dair iş, işin ərazi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar