Məhkəmə qərarları › İş №3(007)-4774/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4774/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4774/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və tərcüməçi X1 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 1, mənzil 196-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 05 sentyabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 08 iyun 2023-cü il tarixdə saat 13:10 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı EE260VV Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanında yerləşən “Bravo” marketin sol hissəsindən keçərək hərəkət edən vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddənin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, qarşıda yaşayış binasının həyəti istiqamətində yolun sağı ilə sakit yerişlə düzünə piyada hərəkət edən Zərərçəkmiş şəxs ilə təhlükəsiz məsafə saxlamamış, avtomobilin qabaq sağ hissəsi ilə Zərərçəkmiş şəxs arxa hissəsindən vuraraq yerə yıxmış, nəticədə ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxslə telefon əlaqəsi zamanı o, iş üzrə şikayəti olmadığını bildirmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 08 iyun 2023-cü il tarixdə saat təxminən 13 radələrində o, etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri Nizami rayonu, Naxcıvanski küçəsində yerləşən “Bravo” marketin sol hissəsindən təxminən 2-3 km/saat sürətlə hərəkətdə olan zaman bir piyadanın yolun hərəkət hissəsi ilə düzünə hərəkət etdiyini görmüş, avtomobilin səs siqnalından istifadə edərək saxlamış, bu anda həmin payada qadın idarə etdiyi avtomobilin qabaq hissəsinə toxunaraq yerə yıxılmışdır. O, avtomobili saxlamış, bu zaman həmin qadın ona polisə məlumat verəcəyini deyərək ondan 500 manat pul istəmişdir. O da sonradan adını bildiyi Zərərçəkmiş şəxs polisə şikayət etməsini bildirib avtomobili sürərək çıxıb getmişdir. Təxminən bir neçə saat sonra onu Nizami rayon polis idarəsinə dəvət etmişlər, orada ona məlum olmuşdur ki, həmin piyada qadın yüngül xəsarət almış və ondan polisə şikayət etmişdir. Əməlindən səmimi peşmandır, sonradan zərərçəkmişə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxs onunla barışması və ona qarşı şikayət və tələbi olmaması haqda ərizə vermişdir. Qeyd etdiklərini, özünün əlil olduğunu, himayəsində azyaşlı uşağı olduğunu nəzərə almaqla, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, o, sözügedən izahatında göstərmişdir ki, 08 iyun 2023-cü il tarixdə saat təxminən 13:10 radələrində o, ünvan 2 ünvanında yerləşən “Bravo” marketin yanından keçərək yaşayış binasının həyəti istiqamətində sakit yerişlə düzünə hərəkət edən zaman arxadan gələn qırmızı rəngli “Toyota-Prius” markalı Gürcüstan dövlət qeydiyyat nişanı EE-260-VV olan avtomobil qabaq sağ hissəsi ilə onun arxa hissəsindən zərbə ilə vurmuş, o, yerə yıxılaraq xəsarət almışdır. Həmin zaman sürücü avtomobili saxlasa da avtomobildən düşməyərək ona köməklik etməmiş, orada olan şəxslər ona yaxınlaşaraq onu yerdən qaldırmışlar. O, sürücüyə nəyə görə düşüb köməklik göstərmədiyini, polisə şikayət edəcəyini bildirmiş, sürücü hara istəyirsə şikayət etməsini deyərək avtomobili sürüb getmişdir. Orada olan şəxslər ona köməklik edərək stulda əyləşdirmişlər, sonra o, DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisəni rəsmiləşdirmişlər. Bundan sonra o, qızı ilə birlikdə “Nəbz” klinikasına müraciət etmiş, orada həkimlər onu müayinə edərək evə buraxmışlar. Zərərçəkmiş şəxs 17 iyun 2023-cü il tarixdə Nizami RPİ-nə təqdim etdiyi ərizəsində Şəxs ilə barışdığını, ondan şikayətçi olmadığını göstərmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 14 iyun 2023-cü il tarixli 546 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol saidin arxa səthinin çoxsaylı qançırları, hərəkət məhdudluğu ilə müşayiət olunan sol diz oynağının öz səthinin hematoması, döş qəfəsinin ön səthinin sol yarısının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilkdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyun 2023-cü il tarixli 8/1800 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Prius” markalı, EE260VV dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddənin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami Rayon Məhkəməsinə göndərilməsi məqsədilə Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar