Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4775/2024 16.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab kəndində anadan olmuş, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qahab ərazi dairəsi, Qahab kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində yerləşən “Kapitan” çay evində həmin obyektə ziyan vurmuş, nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis mayoru X5 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, keçmiş polis əməkdaşıdır və indiyə kimi heç bir nöqsanı olmamışdır. Hadisənin baş verdiyi gün içkili olmuş, başqa yerdə içib “Kapitan” çay evinə gəlmişlər. O, Əyyubdan və Aftandildən sonra həmin məkana gəlmiş və Əyyubun üzündə qan olduğunu görmüşdür. Əyyubdan nə baş verdiyini soruşanda o, Zöhrab tərəfindən vurulduğunu demişdir. Lakin o, Zöhrabı Əyyubu vuran zaman görməmişdir. Onlar çay evinə birlikdə daxil olmamışlar, o, axırda gəlmişdir. O, çay evində olarkən və polislər gələndən sonra heç bir nalayiq ifadə işlətməmiş, obyektə ziyan vurmamış və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Əgər həmin vaxt kiminsə xətrinə dəymişsə üzr istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahat verərək bildirmişdir ki, o, “Kapitan” çay evində ofisiant işləyir. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində 3 nəfər şəxs, həmçinin, Şəxs içkili halda onun işlədiyi çay evinə gəlmişlər və masada əyləşmişlər. Onlar, yəni Şəxs və Əsgərov Aftandil ona qarşı çox nalayiq təkliflər etmişlər və nalayiq ifadələr işlətmişlər. Bu zaman çay evində işləyən Zöhrab onlara qulluq olunmayacağını və çölə çıxmalarını bildirmişdir. Bu zaman Əyyub Zöhrabla mübahisə edərək onu çölə çıxarmaq istəmişdir, Zöhrab isə çölə çıxmayacağını bildirmişdir. Bu zaman Əyyub yumruqla bir dəfə Zöhrabın boynunun arxasından vurmuşdur, lakin o, kiminsə üzünün qanadığını görməmişdir. Daha sonra onlar Şəxs və digərləri içəri girməsin deyə otağa keçərək qapını tutmuşlar. Həmin şəxslər nalayiq ifadələr işlədərək qapını çox bərk təpikləmişlər, qırmağa çalışmışlar və otağa daxil olmaq istəmişlər. Polislər gəldikdən sonra da onlar hərəkətlərini davam etdirmişlər və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar, müqavimət göstərmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin şəxslər səhər 12:00-13:00 arası obyektə gəlmişlər, bu zaman obyektin əməkdaşları onlara personal masasında əyləşməmələrini və başqa masada əyləşməyi təklif etmişdir. Bundan sonra onlar çıxıb getmişlər və axşam içkili vəziyyətdə yenidən obyektə gələrək həmin masada əyləşmişlər. Onlar ikinci dəfə gələndə onlara personal masasında əyləşməyə icazə verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahat verərək bildirmişdir ki, o, “Kapitan” çay evində ofisiant işləyir, həmin vaxt içəridə olduğu üçün çöldə olanları çox görməmişdir. X18 çox pis vurmuşdur. O, həmçinin Əyyubun üzünün qanadığını görmüşdür. O, Zohraba demişdir ki, içəri girsin, yoxsa onları da döyəcəklər. Həmin şəxslər çox pis söyüşlər və nalayiq ifadələr işlətmişlər, qapını təpikləmişlər. Qapıya ən çox təpik vuran isə Şəxs olmuşdur. Daha sonra onlar içəri girib qapını bağlamışlar ki, həmin şəxslər içəri daxil olmasınlar. Şəxs əvvəllər də həmin obyektə gəlmiş və özünü apara bilməmişdir. Polislər gələndən sonra da həmin şəxslər hərəkətlərini davam etdirmişlər və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar, müqavimət göstərmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X4 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Şirin Mirzəyev küçəsində xidmətdə olarkən məlumat əsasında həmin küçədə yerləşən “Kapitan” çay evinə yaxınlaşan zaman həmin obyektə çoxlu vətəndaşların toplaşdığını görmüşlər. Çay evinə daxil olduqda sərxoş halda olan 3 nəfər şəxsin obyektə ziyan vurduqlarını, qapıları təpiklədiklərini, nalayiq ifadə işlətdiklərini görmüşlər. Həmin şəxsləri sakitləşdirməyə cəhd göstərsələr də onların qanuni tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdirmişlər. Onlara müqavimət göstərmələrinə baxmayaraq avtopatrul avtomobili ilə həmin 3 nəfər şəxsi 25-ci PŞ-nə apararaq barələrində qanuni tədbir görülməsi üçün raportla müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X1 Zülfüqar Telman oğlu ilə oxşar məzmunda izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi tərəfindən verilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə” dair 2/57037 saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024cü il tarixdə saat 18:55-də müayinə olunan Şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş yüngülləşdirən hal müəyyən edilmədi, Şəxs inzibati xətanı sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edildi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı Şəxs saxlanıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdə saat 20:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 18 (on səkkiz) manat (3x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X6 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən barəsində İXM-nin 535.1-ci maddəsi ilə 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı xx.xx.2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası DİN X11 Saxlanılma Mərkəzinə və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə 3 (üç) saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X6 18 (on səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4775/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4775/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver