Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4777/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun nümayəndəsi (atası) X1 iştirakları ilə, xx xxxxxxx 1976-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 19B, mənzil 39-da qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 03 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 10 iyul 2023-cü il tarixdə saat 09:00 radələrində idarə etdiyi “Baic BJ minik” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ilə üzü B.Çobanzadə küçəsi istiqamətində hərəkət edib, B.Çobanzadə küçəsində sola dönmə əməliyyatı edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərini pozaraq, sağdan piyada keçidi ilə hərəkət edərək keçidi başa çatdırmamış piyada Zərərçəkmiş şəxs yol vermədən öz hərəkətini davam etdirmiş, həmin vaxt avtomobilin qabaq hissəsi ilə piyada Zərərçəkmiş şəxs sol ayaq nahiyəsindən vuraraq yerə yıxmış, nəticədə ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Zərərçəkmiş şəxslə telefon əlaqəsi zamanı o, iş üzrə şikayəti olmadığını bildirmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 10 iyul 2023-cü il tarixdə saat təxminən 09:00 radələrində o, idarə etdiyi “Baic” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ilə üzü B.Çobanzadə küçəsi istiqamətində hərəkətdə olmuşdur. B.Nuriyev küçəsində svetoforda gözləmiş, yaşıl işıq yanandan sonra sağa və sola baxıb sol istiqamətdə hərəkətinə davam etmək istədikdə diqqəti sol tərəfdə olduğundan piyada keçidi ilə sağdan yolu keçən piyadaya fikir verməmiş, bu zaman avtomobilin qabaq hissəsi ilə həmin piyadanın ayaq nahiyəsinə toxunmuşdur. Dərhal avtomobili saxlayıb yerə yıxılmış piyadaya yaxınlaşmış, onu avtomobilinə mindirərək “Modern Hospital”a aparmışdır. Adını həmin vaxt bildiyi Zərərçəkmiş şəxs bütün tibbi yardımların göstərilməsində iştirak etmiş, bunun üçün lazım olan xərcləri ödəmiş, sonra xanımı ora gəlmiş həyat yoldaşına təhvil verərək hadisə yerinə getmişdir. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərini, özünün birinci qrup əlil olmasını nəzərə almaqla, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi (atası) X2 iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənildiyini və zərərçəkmiş şəxsin şikayətçi olmadığını, oğlu Məhəmmədin xəstəliyi ilə bağlı birinci qrup əlil olduğunu, avtomobilini idarə etməklə əldə etdiyi gəlir hesabına ailəsini dolandırdığını göstərmiş və qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyindən təhqiqat zamanı verdiyi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir, o, sözügedən izahatında göstərmişdir ki, 10 iyul 2023-cü il tarixdə saat 09 radələrində azyaşlı övladı ilə Nizami rayonu, B.Çobanzadə küçəsi ilə piyada keçidinin üzəri ilə üzü H.Əliyev parkına doğru yolu keçən zaman qəflətən gözləmədiyi anda ondan sol istiqamətdə bir “Baic” markalı avtomobil sola dönmə əməliyyatı edən zaman onun sol ayaq nahiyəsindən vurmuş və o, yerə yıxılmışdır. Yerə yıxılan zaman o, baş nahiyəsindən də xəsarət almışdır. Sonra həmin sürücü onu öz avtomobilinə əyləşdirib yaxınlıqdakı “Modern Hospital”a aparmış və orada bütün tibbi müayinələrdən keçirilmişdir. Sonra o, ambulator müalicə alması üçün evə buraxılmış, həyat yoldaşının köməyi ilə evə getmişlər. Aldığı bədən xəsarətlərinə görə bütün tibbi müayinələrdən onu vuran şəxsin köməkliyi ilə keçmişdir, ona təyin edilmiş davadərmanların hamısı sürücü tərəfindən alınıb ona təqdim edilmişdir. Bu səbəbdən də onun sürücü, sonradan adını öyrəndiyi Şəxs heç bir şikayəti yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 15 iyul 2023-cü il tarixli 660 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol dirsəyin və sağ ayağın çöl topuq nahiyəsinin sıyrıqları, sağ saidin arxa-iç səthinin, sağ süd vəzisinin yuxarı-iç kvadratının, sağ budun bayır səthinin, hər iki dizin ön səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 avqust 2023-cü il tarixli 8/2241 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Baic BJ” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material Nizami Rayon Məhkəməsinə göndərilməsi məqsədilə Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəməsini Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 85 manat pul vəsaiti dövlət hesabına Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4777/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4777/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver