Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4781/2024 05.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Saatlı rayonu, Sarıcalar kəndində anadan olmuş, Saatlı rayonu, Sarıcalar ərazi dairəsi, Sarıcalar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu "xxxx" MMC-nin direktoru Şəxs Bakı Kommersiya Məhkəməsinin 16(113)-499/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 447/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 485/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 493/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədlərini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2 izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin barəsində olan Bakı Kommersiya Məhkəməsinin 16(113)-499/2023 saylı, xx.xx.2023-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-447/2024 saylı, xx.xx.2024-cü il tarixli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri Nizami rayon İcra Şöbəsinin icratındadır. Materiallar icraata müxtəlif vaxtlarda daxil olmuşdur. İcraata daxil olduğu müddətdə icra tədbirləri görülmüş, icraata başlanılmışdır. Borclunun hüquqi ünvanına sənədlər, sms və bildiriş göndərilmişdir. Bundan sonra elektron sistemdə göstərilən əmlak vəziyyəti İcra Şöbəsi tərəfindən yoxlanılmış, adına olan bank hesablarına inkasso sərəncamı tətbiq edilmişdir, lakin hesabda məbləğ olmadığından heç bir icra sənədi üzrə hər hansı bir vəsaitin tutulması aparılmamışdır. Bundan sonra hüquqi şəxsin rəhbərliyi ilə bağlı elektron informasiya sistemindən məlumat əldə edilmiş və məlum olmuşdur ki, Şəxs borclu təşkilatın rəhbəridir. Əvvəlcə, Şəxs barəsində axtarış verilmiş, şöbəyə dəvət edilmişdir və ona bildirilmişdir ki, hüquqi şəxsin öhdəliyi var və o, vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilə bilər, buna görə də öhdəliyi yerinə yetirmək lazımdır. Lakin hüquqi şəxsin rəhbəri Şəxs bildirmişdir ki, o, sənəd üzərində, formal rəhbərliyi həyata keçirir, onun heç nədən məlumatı yoxdur, əsas rəhbər başqa şəxslərdir. İcra sənədləri üzrə heç bir tədbir görülmür, borc da, icraat da açıq formada qalmışdır. Hazırda şirkət fəaliyyət göstərir, VÖEN bağlı deyil. Şirkətin hüquqi ünvanında olmuşdur, ancaq həmin ünvanda şirkətdən əsər-əlamət yoxdur. Məhkəmədən "xxxx" MMC-nin direktoru Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, şirkətin qanuni rəhbəri Təhməzov Fəqan olmuşdur, o isə işçi olmuşdur. O, “Gənclik” metrostansiyasının yanında şirkətə məxsus binada 15 ildir ki, komendant vəzifəsində işləyir. Fəqanın qardaşı Qalib təxminən il yarım bundan əvvəl təklif etmişdir ki, onun adına şirkət açsınlar. O isə bu işdə təcrübəsi olmadığından razı olmamışdır. Sonra ona şirkəti 3 aylıq onun adına keçirəcəklərini, 3 aydan sonra isə öz adlarına keçirəcəklərini bildirmişlər. O da Fəqan müəllim və sürücüsü ilə birlikdə notariusa gedərək sənədləri imzalamışdır. Bu hadisə 2022-ci ilin oktyabr-noyabr aylarında olmuşdur. 3-4 ay keçdikdən sonra şirkəti adından çıxarmalarını tələb etdikdə, narahat olmamasını, tezliklə şirkəti onun adından çıxaracaqlarını bildirmişlər. Şirkətin borcu barədə məlumat aldıqdan sonra müvafiq orqanlara müraciət etmişdir. Məhkəmədən həmin şirkətə heç bir aidiyyətinin olmamasını nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tələbkarlar Zərərçəkmiş şəxs1 MMC-nin, Zərərçəkmiş şəxs2 MMC-nin və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Kommersiya Məhkəməsinin 16(113)-499/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 158.3cü maddəsində nəzərdə tutulmuş növbəliliklə "xxxx" MMC-nin mülkiyyətində olan 18667.37 manat dəyərində əmlakların özgəninkiləşdirilməsinin "xxxx" MMC-yə qadağan edilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 16(113)-499/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin 16(113)-499/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-447/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixli, 05/76 saylı müqaviləyə əsasən əsas borc üzrə ƏDV daxil 137.446 (bir yüz otuz yeddi min dörd yüz qırx altı) manat, 23 (iyirmi üç) qəpik, cərimə borcu üzrə 6800 (altı min səkkiz yüz) manat olmaqla, cəmi 144.246 (bir yüz qırx dörd min iki yüz qırx altı) manat, 23 (iyirmi üç) qəpik məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat məbləğində pulUN, dövlət rüsumunun əvəzi olaraq 34 (otuz dörd) manat, 25 (iyirmi beş) qəpik məbləğində pulun "xxxx" MMC-dən tutularaq Zərərçəkmiş şəxs2 MMC-yə ödənilməsi qərara alınmışdır. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-447/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-447/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, "xxxx" MMC-dən 21927.50 manat əsas borc, 282 manat faiz borcu, ödənilmiş 356,63 manat dövlət rüsumu, 500 manat hüquqi yardıma görə xərc, ümumilikdə 23066.13 (iyirmi üç min altmış altı manat on üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-485/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs1 MMC ilə "xxxx" MMC arasında bağlanmış 07 aprel 2023-cü il tarixli icarə müqaviləsi üzrə 18667 ( on səkkiz min altı yüz altmış yeddi) manat 37 (otuz yeddi) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 232 (iki yüz otuz iki) manat 70 ( yetmiş) qəpik pul olmaqla ümumilikdə 18900 (on səkkiz min doqquz yüz) 07 (yeddi) qəpik məbləğində pulun, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat pulun cavabdeh "xxxx" MMCdən tutularaq iddiaçı Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-dən Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etməsi xahiş edilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Hazırki iş üzrə borclu vəzifəli şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə vəzifəli şəxs "xxxx" MMC-nin direktoru Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri vardır və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar, həmçinin əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Beləliklə, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə müvafiq olaraq "xxxx" MMC-nin direktoru Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, "xxxx" MMC-nin direktoru Şəxs icra sənədlərinin icrasını qərəzli olaraq təmin etmədiyini, Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə qərarlarının icra edilməməsini, həmçinin inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq hesab edir ki, "xxxx" MMC-nin direktoru Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4781/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4781/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver