Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4784/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi X5, həmin hüquqi şəxsin nümayəndəsi-Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 266.2, 271 və 275.2-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 31 avqust 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən 31 avqust 2023-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən Şəxs MMC-nin fəaliyyəti ilə əlaqədar ətraf mühitə və insan sağlamlığına təsir edən səs-küy səviyyəsinin normadan artıq olması, tullantıların qalaqlanması və emalı yerlərinin müəyyənləşdirilməməsi aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil yazılı vəsatət vermiş, vəsatəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərtib etdiyi xx.xx.2023-cü il tarixli ******* nömrəli protokolunda qərəzli şəkildə, tam əsassız olaraq, guya cəmiyyətin fəaliyyəti zamanı ətraf mühit və insan sağlamlığına təsir edən səs-küy səviyyəsinin normadan artıq olması, tullantıların qalaqlanması və emal yerlərinin müəyyənləşdirilməməsi nəticəsində cəmiyyət tərəfindən ekoloji qanunvericiliyin və İXM-nin 266.2, 271 və 275.2-ci maddələrinin tələblərini pozduğuna görə təqsirli bilinir. Lakin bu cür iddialar manitorinqın qərəzli və qeyri obyektiv şəkildə apalıdığına görə əsassız və həqiqətə uyğun deyil. Hesab edirlər ki, MMCnin hərəkətlərində inzibati xəta hadisəsinin olması şübhə altında olduğuna görə, protokolda əks olunan əsasları tam və ədalətli şəkildə təhlil edib qiymət vermək üçün MMC-yə aid müvafiq mövcud sənədlərin və protokolu tərtib edən orqanın iradlarının kompleks şəkilində təhlili üçün hadisə yerində baxışın keçirilməsinə və müvafiq ekspert və mütəxəssis rəylərinə ehtiyac var. Ekspertlərin və mütəxəssislərin qarşısında məhkəmə tərəfindən aşağıdakı hallarla bağlı müəyyən suallar qoyulmalı və tapşırıqlar verilməlidir: ölçmə işləri hansı alətlərlə aparılıb? alətlər akkreditasiyadan keçibmi? protokolda qeyd olunan müvafiq ölçülər hansı tərzdə, məsafədə və hansı qaydada aparılmalıdır? Qeyd olunanları nəzərə alaraq, yuxarıda qeyd olunan hallarla bağlı Azərbaycan Respublikası İXM-nin 109.1.4-cü maddəsinə əsasən hadisə yerində baxışın keçirilməsi və ekspertizanın təyin edilməsinə dair müvafiq qərar qəbul olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi qeyd olunan vəsatətə dair yazılı etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 266.2, 271 və 275.2-ci maddələrinə əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilmişdir və hal-hazırda məhkəmədə sözügedən MMC barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi-müdafiəçi tərəfindən Nizami Rayon Məhkəməsinə vəsatət ünvanlanmışdır. Aşağıdakı qeyd olunanlara əsasən vəsatət tamamilə əsassızdır, nümayəndə tərəfindən işin lüzumsuz yerə uzadılmasına məqsədyönlü şəkildə yönəlmiş bir addımdır, vəsatətdə qeyd olunanlar qərəzlidir və nümayəndənin bu lüzumsuz vəsatəti qanunvericilikdə nəzərdə tutulmuş işlərə ağlabatan müddətdə baxılması və prosessual qənaət prinsiplərin pozulmasına gətirib çıxarır və əsassız olduğundan təmin edilməməlidir. İdarə tərəfindən aparılan araşdırma zamanı "xxxx" MMC tərəfindən İnibati Xətalar Məcəlləsinin 266.2, 271 və 275.2-ci maddələrinin tələblərinin kobud şəkildə pozulması faktı aşkar edilmişdir və MMC sözügedən maddələr üzrə inzibati məsuliyətə cəlb edilməlidir. Vəsatətdə qeyd olunan lüzumsuz və yersiz suallar, yəni “öçmə işlərinin hansı alətlə aparılması”, “alətlərin akreditasiyadan keçməsi” və "xxxx" MMC-nin nümayəndəsinin qanunvericiliyin tələblərindən məlumatsız olduğunun və işlə yaxından tanış olmadığının və ya tanış olduğu halda lüzumsuz yerə icraatin uzadılmasında maraqlı olduğunun bariz nümunəsidir. Belə ki, əgər nümayəndənin İXM-nin tələblərindən məlumatı, həmçinin iş materialları, yəni protokolla tanış olsaydı ölçmə işlərinin hansı alətlə aparılması və ya akredasiyadan keçib-keçməməsi, ölçmə işlərinin hansı qaydada aparılması kimi yersiz və məntiqsiz sualları özündə əks etdirən vəsatət verməzdi. Birincisi, həmin şəxsin qeyd etdiyi kimi ölçmə işləri “aləflə yox, xüsusi texniki vasitələrlə aparılmışdır və İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xətanın aşkar olunmasında (yəni ölçmə işlərində) istifadə olunmuş xüsusi texniki vasitələrin göstəriciləri protokolda qeyd olunmuşdur. Nizami rayonu, M.Ağayev küçəsində yaşayan çoxsaylı sakinlər tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş şikayət məktublarında ərazidə fəaliyyət göstərən "xxxx" MMC-nin fəaliyyəti zamanı yaranan tüstü, iy-qoxu və digər zərərli təsirlərin onların sağlamlığına və həyat fəaliyyətin ciddi tərzdə mənfi təsirlərin olduğu bildirilmişdir. Faktla əlaqədar İdarənin əməkdaşları tərəfindən MMC-nin nümayəndəsi X2 iştirakı ilə aparılan araşdırma zamanı müraciətdə qeyd olunanlar öz təsdiqini tapmış, ərazinin bütün növ tullantılarla qalaqlanaraq çirkləndirildiyi, zərərsizləşdirmə (emalı) yerlərinə daşınmasının təmin edilmədiyi, əraziyə atılaraq antisanitar vəziyyətin yarandığı müəyyən edilmişdir. Bunu təsdiq edən fotoşəkillər əlavə olunmuşdur. Bundan əlavə ərazidə insan sağlamlığına mənfi təsir göstərən səs-küy səviyyəsinin ölçülməsi məqsədilə aparılan monitorinqlər zamanı səs-küy səviyyəsinin normadan artıq olduğu müəyyən edilmişdir. Qeyd olunanlar araşdırma zamani çəkilən fotoşəkillərlə, iş üzrə olan digər sənədlərlə tam sübuta yetirilir. Qeyd olunanları nəzərə alaraq, MMC-nin nümayəndəsi tərəfindən verilmiş vəsatətin təmin edilməməsini və MMC-nin barəsində tərtib olunmuş protokolda qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilib, cərimə olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs MMC-də yoxlamalar 29 avqust 2023-cü il tarixindən etibarən 3 gün ərzində keçirilmiş, yoxlamaya dair sənədlər MMC-nin direktoru Həsən Həsənliyə rəsmi qaydada 29 avqust 2023-cü il tarixdə təqdim edilmişdir. Yoxlama da həmin şəxsin iştirakı ilə aparılaraq qeyd olunan nöqsanlar, inzibati xətaya yol verilməsi aşkar edilmiş, buna dair akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yoxlama ilə nöqsanların aşkarlanması zamanı fotoçəkilişlər də aparılmışdır, hansı ki, onlardan da görünür ki, hüquqi şəxsi təmsil edən direktor onlarla bilrikdə olmuşdur. Səs-küy səviyyəsi istər müəssisənin ərazisində, istərsə də ondan kənarda ölçülmüşdür, ölçmə alətləri standartlara uyğun olmuşdur, MMC-nin direktoru yoxlama aktına imza etməsə də faktiki olaraq yoxlamanın nəticələri ilə razı olmuşdur, belə ki, tərəflərindən bu nöqsanların mövcud olmamasına dair etiraz bildirilməmiş və ya sübut təqdim edilməmişdir. İnzibati xəta yerində aşkar olunmuş, həmin an üçün müvafiq qaydada aktlar və protokol tərtib edilmişdir, İnzibati Xətalar Məcəlləsində sonradan gedib xətanın aşkar olunma yerinə baxış keçirilməsi nəzərdə tutulmamışdır. Şəxs MMC-nin törətdiyi inzibati xətanın sübuta yetirildiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin təsisçisi X12 izahatında göstərmişdir ki, Şəxs MMC-də Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən iki dəfə yoxlama keçirilmişdir. 30 avqust 2023cü il tarixdə keçirilən yoxlama zamanı havanın çirkliliyi sıfır nəticə göstərmiş, gedib 31 avqust 2023-cü il tarixdə yenidən gəlmişlər, bu dəfə də nəticə sıfır göstərimişdir. Səsi ölçən cihazlar ən kiçik səsi belə ölçməlidir. Onların müəssisəsində heç vaxt səs-küy olmur. Yoxlama aparanlar ona demişlər ki, hər şey normaldır, onlara cərimə tətbiq olunmayacaqdır, o da buna inanmışdır. Tullantılar təmizlik işçiləri tərəfindən daşınır. O, müəssisənin ərazisindən kənar yerləşən tullantılara cavabdeh deyildir. Tərəflərindən hər hansı inzibati xəta törədilmədiyindən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil yazılı vəsatətdə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, yoxlamaya gəlməzdən əvvəl ekologiya idarəsinin əməkdaşları tərəfindən hüquqi şəxsə məlumat verilməmişdir, qəflətən gəlmişlər. Buradan da görünür ki, onlara qarşı qərəzli olmuşlar və inzibati icraat da qərəzli aparılmışdır. Ərazi icarəyə verilmiş ərazidir, bundan başqa orada olanlar kağız tullantıları olmuşdur, MMC-nin fəaliyyətində, istehsalında isə ümumiyyətlə tullantılar olmur. Səs-küy səviyyəsinin ölçülməsi mütəxəssisin iştirakı ilə yerində təkrarən həyata keçirilməlidir, tullantılar onlara aid olmamışdır, olanlar isə MMC-nin ərazisində olmamışdır. Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolun əsassız tərtib olunmasını, MMC-nin hər hansı xəta törətmədiyini nəzərə alaraq, işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, iş üzrə 31 avqust 2023-cü il tarixli aktın tərtib olunmasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçimüfəttişi X10, nümayəndə C.Q.Bəşirovun izahatında və aktda qeyd olunanlara uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X3, X6 və X10 tərəfindən Şəxs MMC-nin direktoru X2 iştirakı ilə tərtib olunmuş 31 avqust 2023-cü il tarixli 82342 nömrəli aktdan görünür ki, 29 - 31 avqust 2023-cü il tarixlərdə ünvan 3 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də yoxlama zamanı aşağıdakılar aşkar edilmişdir: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin KY231950238 saylı Çıxarışına və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 29 avqust 2023-cü il tarixli 240 saylı sərəncamına əsasən ünvan 3 ünvanında Şəxs MMC-yə məxsus dəmir məmulatlarının istehsal müəssisəsində “Ətraf mühitin mühafizəsi haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə riayət olunmasının araşdırılması məqsədilə MMC-nin direktoru X2 iştirakı ilə tərəflərindən yerində yoxlama aparılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyata alınaraq (VÖEN **********) kommersiya qurumlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Şəxs MMC "xxxx" MMC ilə bağlanmış 01 dekabr 2018-ci il tarixli icarə müqaviləsi əsasında ünvan 3 ünvanında metal külçə (balvanka) istehsalı ilə məşğul olur. Plandankənar yoxlama suallarında qeyd olunmuş 448 reyestr nömrəli sual üzrə araşdırma aparılarkən müəssisənin istehsal fəaliyyəti zamanı qara metaləritmə və yayma sahəsində istifadə olunan qurğulardan (avadanlıqlardan) ətraf mühitə yayılan zərərli fiziki təsirlərin (səs-küy və vibrasiyanın) qarşısının alınması üçün tədbirlərin görülmədiyi müəyyən edildi. Yoxlamada iştirak edən X13 Monitorinq İdarəsinin baş mühəndisi Rüstəm Əsgərov tərəfindən müəssisədə istehsalat fəaliyyəti zamanı ətraf mühitə yayılan səs-küy çirklənməsi səviyyəsinin 74 dBA təşkil edərək ətraf mühit üçün yol verilə bilən hədd normasından (norma 70 dBA) yüksək olduğu müəyyən olundu. 463 reyestr nömrəli yoxlama sualı üzrə müəssisənin istifadəsində olan torpaq sahəsinin təyinatı üzrə istifadə olunduğu müəyyən olundu. Yoxlama sualında qeyd olunan 464 reyestr nömrəli yoxlama sualı üzrə araşdırma zamanı müəssisədə dəmir məmulatlarının əridilməsi və istehsalı nəticəsində atmosfer havasına atılan zərərli maddələrin zərərsizləşdirilməsi (qarşısının alınması) məqsədilə qurğudan (avadanlıqdan) istifadə olunduğu, lakin mütəşəkkil və qeyri-mütəşəkkil mənbələrin parametrlərinin qanunamüvafiq olmadığı müəyyən edildi. Yoxlama suallarında 465 reyestr nömrəli yoxlama sualı üzrə araşdırma aparılarkən müəssisədə istehsal fəaliyyəti zamanı formalaşan bütün təhlükəli və təhlükəsiz tullantıların qanunamüvafiq qaydada idarə olunmadığı müəyyən edildi. Belə ki, araşdırma zamanı istehsal nəticəsində formalaşan təhlükəli və təhlükəsiz tullantıların müvəqqəti saxlanılması üçün xüsusi yerlər ayrlılmamış, çüəssisənin ərazisində geniş sahəyə qeyri-mütəşəkikil formada atılaraq qalaqlandığı, zərərsizləşdirmə və emalı yerlərində daşınmasının təmin edilmədiyi, xüsusilə müəssisədə və ətrafında olan torpaq sahəsinin təhlküəli tullantılarla (işlənmiş yağ qalıqları, dəmir məmulatlarının sobada yandırılması zamanı əmələ gələn yanma qalıqları və s.) çirkləndirildiyi müəyyən olundu. Yoxlama suallarında qeyd olunan 931 reyestr nömrəli sual üzrə araşdırma zamanı müəssisənin fəaliyyətinə dair ETSN-nin X8 Agentliyi tərəfindən 21 iyun 2021-ci il tarixli ER- 22/216 nömrəli ekoloji ekspertiza rəyinin verildiyi məlum oldu. Yoxlamanın müddəti (başlanma və sona çatma tarixi) xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə etməklə müəssisənin cari fəaliyyəti yoxlanıldı. Araşdırma zamanı Şəxs MMC-nin direktoru X4 qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildi, həmin şəxs yoxlama suallarına cavab olaraq müəssisənin fəaliyyətinə dair müvafiq sənədlərin olduğunu (tullantıların daşınması müqaviləsi və s.) bildirsə də, göstərilən sənədləri təqdim etmədi. Araşdırma nəticəsində Şəxs MMC tərəfindən qara metal əridilməsi və dəmir məmulatlarının istehsalı zamanı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 796 saylı Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küyün normaları”nın cədvəli üzrə 13-cü bəndinin, “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14 və 16-cı, “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 8, 9, 10 və 11-ci maddələrinin tələbləri pozulmuşdur. Yoxlama müddətində sahibkardan yoxlama barədə (başlanması və qurtarması və s.) qeydiyyat aparılması üçün “Nəzarət kitabçası” tələb olundu, lakin həmin şəxs “Nəzarət kitabçası”nın olmadığını bildirdi. Toplanmış materiallar və ərazinin fotoşəkilləri akta əlavə olunmuşdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X16 Monitorinq İdarəsinin əməkdaşı Rüstəm Əsgərov, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Nazim Məmmədov və Xəzər Vəliyev tərəfindən Şəxs MMC-nin direktoru Həsən Həsənovun iştirakı ilə tərtib olunmuş 30 avqust 2023-cü il tarixli 001005 nömrəli aktdan görünür ki, ünvan 4 ünvanında fəaliyyət göstərən Şəxs MMC-də monitorinq keçirilmişdir. Monitorinq saat 14:30-dan 15:20-dək sabit hava şəraitində keçirilmişdir. Monitorinq ölçmə işləri müəssisə fəaliyyətdə olan zaman Bosean və PCE-322-A səyyar cihazları vasitəsi ilə aparılmışdır. Müəssisənin daxilində səs-küy çirklənməsi qaz toz-tutucu təmizləyici qurğunun yaxınlığında 74 dBA, qaz toz-tutucu təmizləyici qurğunun sol tərəfində 69,8 dBA, atmosferə atılan zərərli qaz qarışıqlarını təyin etmək üçün Bosean səyyar cihazı vasitəsi ilə ölçmə analiz işləri aparıldı. Nəticə CO – 0.0 mq/m3 (norma CO mq/m3) təşkil etmişdir. Eyni zamanda müəssisənin ərazisində səs-küy çirklənməsi 58 dBA (norma 60 dBA). Müəssisənin ətraf ərazisində atmosfer havasına atılan zərərli qaz qarışıqlarını müəyyən etmək üçün Bosean səyyar cihazı vasitəsi ilə ölçmə aparıldı. Nəticə CO – 0.0 mq/m3 (norma CO - mq/m3) təşkil etmişdir ki, bu da ətraf mühit üçün yol verilən hədd norması daxilindədir; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 31 avqust 2023-cü il tarixli G-MG/2623- 062 nömrəli məcburi göstərişindən görünür ki, Şəxs MMC-də aparılmış araşdırma nəticəsində 31 avqust 2023-cü il tarixdə akt tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, müəssisənin fəaliyyəti zamanı zərərli təsirlərin (səs-küy) miqdarının ətraf mühit üçün yol verilən hədd normasından yüksək olması, fəaliyyət nəticəsində formalaşan bütün növ tullantıların emalı yerlərinin müəyyənləşdilmədiyi, tullantıların müvəqqəti saxlanılması üçün xüsusi yerlərin ayrılmadığı, tullantı meydançalarının olmadığı, tullantıların açıq sahəyə atılaraq qalaqlandığı müəyyənləşdirilmişdir. Qeyd olunanlara əsasən hər biri üçün icra müddəti 30 gün olmaqla aşağıdakı tapşırıqlar verilmişdir: 1) Ətraf mühitə yayılan zərərli fiziki təsirlərin (səs-küy) miqdarının müəyyən edilmiş hədd norması daxilində olması üçün müvafiq tədbirlərin görülməsi təmin edilsin; 2) Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, tullantıların müvəqqəti saxlanılması üçün xüsusi yer ayrılaraq meydançanın tikilməsi və tullantıların qanunamüvafiq qaydada daşınaraq zərərsizləşdirilməsi təmin edilsin; - 01 iyun 2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, ünvan 5 ünvanında yerləşən istehsal-xidmət məqsədli istehsalat sahəsində utilizasiya və daşınma xidmətlərinin həyata keçirilməsi üçün sifarişçi Şəxs MMC tərəfindən podratçı "xxxx" MMC ilə müqavilə bağlanmış, müqavilə müddəti imzalandığı tarixdən 01 il müddətinə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə törədilməsi ehtimal olunan inzibati xətalara münasibətdə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hansı ki, hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətaların xəta sayılması üçün onların hüquqi əlamətləri vardır, əməllər hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Bu, inzibati araşdırma orqanına daxil olmuş müraciət və şikayətlər əsasında aparılmış yoxlama zamanı tərtib olunmuş 30 və 31 avqust 2023-cü il tarixli aktlar, foto şəkillər, toplanmış digər sübutlarla öz təsdiqini tapır. Xüsusən nəzərə alınmalıdır ki, inzibati orqan tərəfindən həyata keçirilmiş yoxlamanın işində iştirak edən hüquqi şəxs Şəxs MMCnin direktoru X7 30 avqust 2023-cü il tarixli yoxlama zamanı (31 avqust 2023-cü il tarixi istisna olmaqla) aşkar olunmuş nöqsanları, inzibati xətaları etiraf edərək aktı imzalamışdır. Məhkəmə hüquqi şəxsi təmsil edən şəxslərin hazırda irəli sürdükləri dəlillərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediarındə dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırkı halda, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, yerüstü təbii sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və digər bu kimi sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq qərar əsasında yerində yoxlama zamanı inzibati xətaların əlamətlərinin olması müəyyən edilmiş və inzibati araşdırma başlanılmışdır, inzibati orqanın qərəzli olması barədə qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Yoxlamanın keçirilməsi barədə qərar, qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə çıxarış, yoxlama suallarının siyahısı və digər sənədlər hüquqi şəxsin rəhbərliyinə rəsmi qaydada təqdim edilmiş, ölçü işləri sertifikatı olan ölçmə vasitələri ilə, hüquqi şəxsin nümayəndəsinin iştirakı ilə həyata keçirilmişdir. Ümumilikdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi təmsil edən şəxslər tərəfindən irəli sürülən dəlillərin işin icraatını istisna edən hal, sübut qismində qəbul edilməsi üçün əsaslar yoxdur, hüquqi şəxsi məsuliyyətdən yayındırmağa xidmət edir. Xüsusən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulması faktı yerində, hüquqi şəxsi təmsil edən vəzifəli şəxsin iştirakı ilə müəyyən edilmiş və bu nöqanların aradan qaldırılması üçün icrası məcburi olan yazılı göstəriş verilmişdir, bundan başqa, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulması faktı həm müəssisənin ərazisində, həm də müəssisənin ətraf ərazisində aparılmış, müəssisənin ərazisində bunun normadan artıq olması, ətraf ərazidə isə norma daxilində olması müəyyən edilmişdir. Müəssisədə tullantıların yaranmaması və ümumiyyətlə olmaması barədə dəlilin də əsası yoxdur, ilk öncə ona görə ki, müəssisədə utilizasiya və daşınma xidmətlərinin həyata keçirilməsi üçün sifarişçi Şəxs MMC tərəfindən podratçı "xxxx" MMC ilə müqavilə bağlanmışdır, müqavilə şərtlərinə əməl edilməsi vəziyyətini yoxlamaq və yerinə yetirilməsini tələb etmək hüququ bilavasitə sifarişçiyə məxsusdur, digər yandan isə belə məqsədli müqavilənin bağlanmasının özü tullantıların olması mənasını verir, ona görə irəli sürülən dəlillər əsassızdır. Bundan başqa, yoxlamanın 29-31 avqust 2023-cü il tarixlərində həyata keçirilməsindən sonra onun nəticələri hüquqi şəxs tərəfindən inzibati icraat qaydasında mübahisələndirilməmişdir. Bununla da, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 266.2, 271 və 275.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən xətalar düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 266.2, 271 və 275.2-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 266.2-ci maddəsinə əsasən tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə-vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir; 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir; 275.2-ci maddəsinə əsasən ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127- 4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətaların xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxs Azərbaycan Respublikası İXM-nin 266.2, 271 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli, İXM-nin 34.3cü maddəsinin tələbinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına uyğun olaraq, barəsində daha ciddi xəta hesab olunan İXM-nin 266.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 266.2, 271 və 275.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 266.2-ci maddəsi ilə barəsində 11000 (on bir min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4784/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4784/2023
10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver