Məhkəmə qərarları › İş №3(007)-4785/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4785/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4785/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Mingəçevir şəhəri M.Maqomayev prospekti, ev 52, mənzil 21-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilən sənədlərə əsasən Şəxs 06 oktyabr 2025-ci il tarixdə saat təxminən 22:00-23:00 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospektində polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələri zamanı onlara qarşı nalayiq ifadələr işlədərək səs-küy salmış, ictimai qaydanı pozan hərəkətlərlə xırda xuliqanlıq etmiş, ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 06 oktyabr 2025-ci il tarixdə özünə məxsus “Toyota Prius” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qara Qarayev prospektində hərəkətdə olarkən “Ruslan” marketin yanında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hansı səbəbə saxladıqlarını bilməmişdir. Polis əməkdaşları ilə heç bir problemi olmamışdır. Daha sonra avtomobildə olan 2 nəfər şəxs yaxınlaşmış, onlardan biri içkili olmuşdur. Onlar polislə mübahisə edərək demişlər ki, “bunu niyə saxlamısan?”. Beləliklə aralarında mübahisə yaranmışdır. O da həmin şəxsləri ayırmağa çalışmışdır. Bu zaman PPX gəlmiş və onu da polisə aparmışlar. Hadisə axşam 10-11 radələrində olmuşdur. O, yarım bokal pivə içmişdir. Raportda yazılanlar yalandır. O, heç kimlə mübahisə etməmişdir. Polis maşınının yanından keçən zaman onu saxlamışlar. Polis əməkdaşları ona demişlər ki, “sən içkilisən, maşının duracağa aparılmalıdır”. Alkotestrdə o, içkili çıxmamışdır. Onu buraxacaqdılar, lakin digər mübahisə başlayandan sonra polis əməkdaşı onu promilini dəyişib 0,8 etmişdir. O, manevr qaydasını da pozmamışdır. İçkili olaraq heç vaxt avtomobil idarə etməz. Onun əvvəllər CM-nin 263-cü maddəsi ilə cinayət işi olmuş və bəraət almışdır. Məhkəmədə başqa işi olmamışdır. O, “mənim maşınımı heç kəs apara bilməz” sözünü deməmiş, nalayiq ifadələr işlətməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını, xəta törətmədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər BPİ-nin DYPİ-nin YPX inspektorları X8 öğlu və X5 tərəfindən yazılmış 06 oktyabr 2025-ci il tarixli birgə raportdan görünür ki, 06 oktyabr 2025-ci il tarixdə Nizami rayonunda xidmət apararkən **-ME-*** dövlət qeydiyyat nişanlı, Hyundai markalı avtomaşın manevr qaydasını pozduğu üçün tərəflərindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə **-YP-*** avtopatrulla Şəxs sərxoşluqdan şübhəli olduğu üçün müayinə olunmuş, sürücü sərxoşluğunu etiraf etmiş və həkim m üayinəsinə ehtiyacı olmadığını bildirmişdir. Sonra yol polisi əməkdaşı maşına əyləşib avtomaşını duracağa aparan zaman sürücü avtomaşının rulunu polis əməkdaşının əlindən alaraq sağa çəkib nəticədə qəza baş verəcəkdi. Şəxs maşından düşərək hədə-qorxu gələrək “maşınımı heç kim apara bilməz duracağa” demişdir. Həmin vətəndaşa dəfələrlə polisin qanuni tələblərinə əməl etməsi xahiş edilmiş, lakin sürücü tabesizlik göstərməyə başlamışdır. Onlar ərazi üzrə post-patrul çağıraraq onların köməkliyi ilə 25-ci polis şöbəsinə təmin etmişlər. Sürücü barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs irəli sürdüyü dəlillər məhkəmədə toplanaraq tədqiq edilən sübutlarla təkzib olunmuşdur, onun inzibati xətanı törətməsi və xətada təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş (daha ciddi xəta hesab olunan İXM-nin 535.1-ci maddəsi ilə) cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs baxılan işlə bağlı 06 oktyabr 2025-ci il tarixdə saat 00:00 radələrində tutulduğunu və hazıradək tutmada saxlanıldığını nəzərə alaraq, hesab edir ki, ona İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 200 manat cərimə məbləğinin dörddə üçündən çox olmayan həddə cərimə təyin edilməli və o, dərhal tutmadan azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün (Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən) hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 535.1-ci maddəsi ilə, eyni Məcəllənin 31.4- 1-ci maddəsi tətbiq edilməklə, barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 44 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar