Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4787/2025 14.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əfəndiyev Azər İlham oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31052793 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31052793 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X2 oğlu İXM-nin 346.7-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində şikayətini onunla əsaslandırmışdır ki, 02 oktyabr 2025-ci il tarixdə, saat 19:00 radələrində idarə etdiyi **-MX-*** nömrəli BMW 330İ marka modelli avtomobili Hüseyn Cavid prospekti, 111 ünvanında dayanma edərək saxlamışdır. Bu zaman BDYPİ tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.7-ci maddəsinə əsasən elektron protokollu qərar tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Maddə 346-cı maddəsi - Dayanma və ya durma qaydalarının pozulması Parklanma qaydalarının pozulması. 346.7-ci maddəsi - Velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna otmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU” 15-1) velosiped zolağı-yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir;. 15-2) velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır; 15-3) velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır;"; Qanunda da Göstərildiyi kimi - Azərbaycan qanunvericiliyində "velosiped zolağı" anlayışı dəqiq tərifləndirilib. Yalnız nişan qoyulması yetərli deyil, mütləq uzununa xətt olmalıdır. Protokol tərtib olunduğu ərazidə isə Velosiped zolağı və ya cığırı yoxdur. 15-1,2 Azərbaycan Respublikası Qanununa görə. Çünki qanunda da açıq aşkar qeyd edilib ki, uzununa nişanlanma və 1.26 Nişanlanma olmalıdır. X3 isə velosiped zolağını bildirən 4.5 nişanıdır. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmişdir. Məhkəmə iclasında şikayətçi X2 şikayətin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, qanunvericiliyin mənasına görə yalnız nişanın olmasını yetərli deyil, ona əlavə bir şərt də nəzərdə tutulmuşdur ki, bu şərt uzununa xəttin olmasıdır. Lakin qeyd olunan ünvanda asfalt yenidir, orada uzununa xətt yoxdur. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31052793 nömrəli qərarın ləğv olunmasına dair müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələri gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfi dinləyib şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31052793 nömrəli inzibati tənbeh vermə haqqında görünür ki, Bakı şəhəri Hüseyn Cavid prospekti, 111 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 20:33-də velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna otmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə, “BMW 330” minik markalı, **- MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 Azərbaycan Respublikası İXM-nin 346.7-ci maddəsi ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkilə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Hüseyn Cavid prospekti, 111 ünvanında xx.xx.2025-ci il tarixdə, saat 20:33-də “BMW 330” minik markalı, **-MX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini velosiped və kiçik elektrik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş velosiped yolunda, 4.5 nişanı – velosiped zolağı məcburi hərəkət istiqamət nişanının qüvvədə olduğu hissədə saxlamışdır. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin məcəllənin 346.7-ci maddəsinə əsasən velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanmasına və ya durmasına görə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 15-ci hissəsinin 1-ci bəndinə əsasən velosiped zolağı – yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir; 2-ci bəndinə əsasən velosiped cığırı – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır; 3-cü bəndinə əsasən velosiped yolu – velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinin İV-İ hissəsinə əsasən velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV hissəsinin 10-1-ci bəndinə əsasən velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin velosiped yollarında dayanması və ya durması qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 61-ci maddəsinin İİ hissəsinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin İ hissəsinə əsasən məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 2 saylı Əlavənin İV Hissəsindən görünür ki, 4.5 nişanı – velosiped zolağı məcburi hərəkət istiqamət nişanıdır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəxs tərəfindən İXMnin 346.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Belə ki, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Hüseyn Cavid prospekti, 111 ünvanında “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İV hissəsinin 10-1-ci bəndinin tələblərini pozmuş, nəqliyyat vasitəsini velosiped və kiçik elektrik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş velosiped yolunda saxlamışdır. Beləliklə, X2 tərəfindən dayanma qaydalarının pozulması işdə olan qərar, fotoşəkil və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla, həmçinin şikayətçinin özünün izahatı ilə öz təsdiqini tapmışdır. Belə ki, şikayətçi öz izahatında da nəqliyyat vasitəsini 4.5 nişanın qüvvədə olduğu velosiped yolunda saxladığını mübahisələndirməmiş, həmin zolağın uzununa xətlər ilə işarələnməli olduğunu, bu xətlərlə işarələnmədiyi üçün qanunvericiliyi pozmadığını bildirmişdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sürücünün nəqliyyat vasitəsini saxladığı yol mövcud qanunvericilikdə məcburi hərəkət nişanı olan 4.5 nişanı – velosiped yolu nişanı ilə nişanlanmışdır. Velosiped yolu dedikdə isə, təkcə yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsi – velosiped zolağı deyil, həmçinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsi – velosiped cığırı başa düşülür. Həmçinin məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31052793 nömrəli qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4787/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4787/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver