Məhkəmə qərarları › İş №3(007)-479/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-479/2022

18.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-479/2022 18.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, inzibati qaydada tutulmuş, Şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin sahə inspektoru X5 tərəfindən tərtib edilmiş 18.02.2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 13.02.2022-ci il tarixdə Şəxs ünvan 2 ünvanın qarşısında polisin qanuni tələblərini pozmaqla, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin sahə inspektoru X5 izahatında göstərmişdir ki, Şəxs 13.02.2022-ci il tarixdə inzibati ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşlarının qanuni tələblərini pozmaqla tabesizlik göstərərək Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə R.Rüstəmov küçəsi istiqamətində yaşadığı ünvana ailəsi ilə birlikdə “Volksvagen Passat” markalı, az ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O hadisə yerindən qaçmamış, az yaşlı övladı narahat olduğu üçün onu mənzilə aparmışdır. Həmçinin qayda qanuna riayət edən bir insan olduğu üçün indiyə kimi heç bir qayda pozuntusuna yol verməmiş və polisin qanuni qanuni tələblərinə tabe olmuşdur. Sonda polis əməkdaşlarına qarşı heç bir qanuna zidd hərəkətlər etməmiş və inzibati xəta törətmədiyi üçün barəsində başlanmış inzibati işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-ninDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektori X3 məhkəmə iclasında bildirdi ki, 13.02.2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən təxminən 22.00 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi istiqamətində hərəkətdə olan Volksvagen Passat markalı, az ** HG *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən 2-ci dərəcəli yoldan baş yola çıxarkən ehtiyatsızlıq edərək yolayrıcına daxil olmuşdur. Tərəfindən həmin nəqliyyat vasitəsinə qanuni tələbə uyğun olaraq saxla əmri verilməsinə baxmayaraq polisin dəfələrlə saxla əmri verməsinə məhəl qoymaraq hərəkət istiqamətinə davam etmişdir. Daha sonra Şəxs həmin avtomaşını saxlamış, ona yaxınlaşan zaman sonuncudan kəskin spirt qoxusu gəldiyini aşkar etmişlər. Havanın qaranlıq olmasında istifadə edərək hadisə yerindən yenidən qaçıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-ninDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektori X4 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında videogörüntülərə baxış zamanı inzibati xəta haqqında protokolda göstərilənlərin öz təsdiqini tapdığı müəyyən edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş sənədlərlə əlaqəli araşdırıb, iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməsi tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, Şəxs törətmiş olduğu inzibati xəta raportla, izahatlarla, inzibati xəta haqqında protokolla və işin digər halları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs münasibətdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.2 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, o cümlədən davranışını nəzərə alaraq, onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiqini zəruri saymır və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 156.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs müddətinin başlanğıcı, onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 18 fevral 2022-ci il, saat 17:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbslə tənbeh edilsin. Həbsetmənin əvvəli 18 fevral 2022-ci il, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar