Məhkəmə qərarları › İş №3(007)-479/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-479/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-479/2025 16.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ (Şəxs barəsində inzibati xəta haqqında materiala dair) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi X7, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı Şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi:

1. 16 yanvar 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs xx.xx.2024-cü il tarixdə X4 məxsus 389 manat pulu verdiyi vədə əməl etməyərək mənimsəmişdir və bildirmişdir ki, pulu olanda verəcək.

Proses iştirakçılarının çıxışları:

2. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Nizami RPİ-nin Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə rəisi X10 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, onun niyyəti onları aldatmaq olmamışdır. O, gecəni yatmamışdır, aeroportdan özünün qadağası olduğu üçün buraxmamışdılar. Yorğun olduğu üçün telefonu söndürüb yatmışdı. Oyanıb görəndə zəng vurub danışıb. Pulu hamısını bir dəfəyə ödəməyə imkanı yoxdur, hissə-hissə verəcək. 400 manat qaytarıb, hazırda 380 manat borcu qalıb. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi.

4. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahatında bildirdi ki, Türkiyə Respublikasının və İran İslam Respublikasının vətəndaşıdır. X13 pilot işləyir. Dərs demək üçün Bakıya gəlib. 1 ay yarım bundan əvvəl “Bolt” mobil tətbiq vasitəsilə taksi sifariş vermişdir. Taksi gəlib onu ekspertiza mərkəzinə apardı. Söhbət zamanı sürücü Şəxs taksidə işləməklə az pul qazandığını və maddi cəhətdən çətinlik çəkdiyini bildirdi. Əflatuna ehtiyac olanda ofisin sənədlərini çatdırıb əvəzində əlavə qazanc əldə etmək təklif etmişdir. O da razılaşmışdır. Bir iki dəfə ehtiyac olanda göndəriblər normal qaydada tələb olunan yerə çatdırmışdır və heç bir problem çıxmamışdır. Bir dəfə Mərdəkan qəsəbəsinə sənəd çatdırmalı idi, yoldan yığıb bildirdi ki, surəti aşdığına görə yol polisi onu saxlayıb. O, da polisə 300 manat pul verməlidir, onda Əflatuna bildirib ki, onun problemidir. Daha sonra düşünüb ki, sənədlər Əflatundadır, itib batar. Ona görə ona 300 manat pul göndərib. Səhər yenə çağırıb ofisə laptop və 4 ədəd telefon veriblər ki, laptopu təmirə aparsın, telefonları isə satıb 4 ədəd telefonun əvəzinə 1 ədəd “Huawei” markalı 230-250 manat dəyərində telefon alsın. Şəxs 1 günlük Türkiyəyə gedib sənəd verib qayıtması üçün şirkət biletini alıb və xidmət haqqı olaraq 500 manat pul vermişdi. Özünün qadağası olduğu üçün aeroportdan buraxmadılar gedə bilmədi bilet də batdı, ancaq heç ondan biletin pulunu tələb etmədilər. Ondan sonra telefonu açmadı, nə pulu, nə də laptopla telefonları qaytardı. Ondan qaçmağa başlayıb. O, da polisə gedib şikayət edib. “Lenova” markalı laptop təmirdən polis vasitəsilə geri qaytarılıb özünə verilib. 2 telefon satılıb hər birini dediyinə görə 30 manata. 2 telefon da qaytarılıb polisdədir, hələ götürməyib. Şəxs ona qaytarmalı olduğu ümumi 860 manat puldan-300 manat polisə vermək üçün köçürülən, 60 manat iki ədəd telefonun satışı, 500 manat isə Türkiyə Respublikasına gedib-gəlmək üçün verilmiş xidmət haqqından 400 manat qaytarıb, 460 manat qalıb. Lakin 380 manat qaytarmasına da razıdır.

Tətbiq edilən hüquq:

5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir.

Məhkəmənin mövqeyi:

6. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X5 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərar qəbul edilmişdir.

7. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur.

8. İşin hallarından müəyyən olunur ki, X1 Əflatun Fərhad oğluna müqavilə bağlamadan vaxt aşırı şifahi şəkildə tapşırıqlar vermişdir. X8 məhkəmə iclasında etiraf etdi ki, Şəxs ilə müəyyən ödəniş müqabilində (xidmət haqqı) bəzi tapşırıqları yerinə yetirmək üçün əməkdaşlıq edirdilər.

9. Həmçinin zərərçəkmiş şəxs məhkəmə iclasında telefonların dəyərinin çox az olmasını və 4-nün əvəzinə 1 ədəd “Huawei” markalı 230-250 manat dəyərində telefon almasını Şəxs tapşırdıqlarını bildirdi. Tapşırığa əsasən Şəxs 2 ədəd telefonu satmışdır. Laptop da X2 izahatına uyğun olaraq təmirə verilmişdir.

10. Bundan əlavə X8 ona Türkiyə Cumhuriyyətinə getmək üçün xidmət haqqı olaraq 500 manat pul vermişdir.

11. Qeyd olunanlardan müəyyən olunur ki, Şəxs niyyəti və əməli X4 qarşı xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq olmamışdır.

12. Şəxs ona verilən puldan 400 manat qaytarmışdır. Bütün bunlardan görünür ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur.

13. 21 dekabr 2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan göründüyü kimi Şəxs əməlində cinayət tərkibi olmadığından inzibati qaydada tədbir görülməsi üçün Polis Bölməsinə qaytarılmışdır.

14. Lakin məhkəmə hesab edir ki, “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarın olması mütləq qaydada Şəxs əməlində inzibati xəta tərkibinin olması anlamına gəlmir. Şəxs öz növbəsində həmin qərardan şikayət verə bilərdi. Onun “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan şikayət verməməsi, məhkəmədə baxılan inzibati protokola əsasən Şəxs əməlində inzibati xəta tərkibinin olmamasını tərəflər arasında yaranan zərər vurmanın mülki qaydada olmasını istisna etmir.

15. Belə ki, məhkəmə polis sahə rəisi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola baxdığı üçün Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edir.

16. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında yaranan münasibətlərin zəminində mülki qaydada verilmiş tapşırıq durur ona görə də Şəxs əməlində inzibati xəta tərkibi yoxdur.

17. Eyni zamanda məhkəmə X4 ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edir. Nəticə:

18. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir.

19. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur.

20. Vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 7 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 42 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir.

21. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə,

Qərara aldı:

Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 7 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X6 müvafiq hesablaşma hesabı üzərindən 42 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar