Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4793/2025 25.11.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, Zərərçəkmiş şəxs, onun nümayəndəsi, vəkili Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəkili – “Alyans” Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər Nizami rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Nizami rayon prokuroru, baş ədliyyə müşaviri X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar baxılması üçün xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 06 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin satış meneceri Şəxs tərəfindən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekin daxilində hündürlükdən malların götürülməsi üçün təsadüfi ayaqaltının istifadə olunmasına yol verildiyinə görə “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 5.48 bəndinin tələblərinin pozulması nəticəsində xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə məxsus aptekdə əmək müqaviləsi üzrə məsləhətçi işləyən Zərərçəkmiş şəxs yıxılması nəticəsində sonuncu sağ diz oynağının hərəkət məhdudluğu və qançırlarla müşayiət edilən şişkinlik halında əzilməsi xəsarətini almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, həqiqətən iş yerində yıxılaraq xəsarət almışdır, hadisəni təsdiq edən şahidlər olub. Onun xəsarəti yüngül deyil, ağır xəsarətdir. Bununla bağlı ekspertiza rəyləri ilə razı deyil. Xəsarətin yüngül qiymətləndirilməsini öz ağrılarına hörmətsizlik kimi qəbul edir. Heç bir gənc xanım əlil arabasını özünə yaraşdırmaz. Bu gün o, əlil arabasına təhkim olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e.sosial.gov.az saytında da onun xəsarəti az ağır kimi qiymətləndirilmişdir. Nəyə görə ekspertiza rəylərində yüngül xəsarət yazılır? Təkrar ekspertiza rəyi ilə də razı deyil, çünki ekspert həkim onda olan yeni MRT və rentgenin nəticələrinə baxmadan, həmçinin dizini yenidən MRT yaxud rentgen etmədən, yalnız köhnə rəyi köçürməklə təxəyyülünə əsaslanaraq deyə bilməz ki, bu yüngül xəsarətdir. Düzdür hadisədən sonra 13-14 gün işə çıxsa da, işləyə bilməmiş, yenidən blutenə çıxmışdır. Bir blutendə elə 50 gün var, bunun özü göstərir ki, onun xəsarəti ağır xəsarətdir. Çünki 21 gündən artıq davam etdikdə ağır xəsarət hesab olunmalıdır. Dizində olan yırtıq iltihab yaratmış, o da bağı qoparmışdır. Xətanın gec ortaya çıxmasında isə onun heç bir təqsiri yoxdur, o, hadisə ilə bağlı vaxtında məlumat vermiş, MMC gecikdirmişdir. Özü İİ qrup əlil olduğu üçün həmin aptek evə yaxın olduğundan orada işləmək ona rahat olmuş, dəfələrlə rəhbərliyə bu barədə məlumat verərək hündürlüyə çıxa bilməyəcəyini bildirsə də, onu izahat almaqla təhdid etmişlər. Sonda bütün bunların nəzərə alınmasını, təkrar ekspertiza keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi, vəkili - Bakı şəhəri 06 saylı Vəkil bürosunun vəkili Vəkil bildirdi ki, vəzifəli şəxs Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulması faktı üzrə barəsində AR İXM-nin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Bakı şəhər Nizami rayon prokurorluğu tərəfindən baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Həmin qərardan və iş üzrə toplanmış sənədlərdən tam sübut olunur ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin “Aloe Xalqlar” aptekində işləyərkən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində istehsalatda bədbəxt hadisə baş vermiş və həmin hadisə nəticəsində onun sağlamlığına ciddi zərər vurulmuşdur. İş materiallarında olan MMC-nin 06.11,2023-cü il tarixli əmrinə. xx.xx.2025-ci il tarixli 288-C-25 saylı Ekspert Rəyinə əsasən təhlükəsizlik və əməyin mühafizə qaydalarının yerinə yetirilməsinə görə məsul şəxs Şəxs təyin edilmişdir. Bununla onun sağlamlığına dəyən zərərə görə həm MMC-nin, həm də hazırki iş üzrə təqsirləndirilən şəxs Şəxs cavabdehliyi təsdiq olunur. Belə ki, xx.xx.2025-ci il tarixli 288-C-25 saylı Ekspert Rəyindən görünür ki, həmin Şəxs tərəfindən “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 5.48-ci maddəsi pozulmuşdur və pozuntu istehsalatda bədbəxt hadisənin baş verməsinə səbəb olmuşdur. Lakin iş materiallarında olan bəzi sənədlərdə həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərərin dəyməsi ilə bağlı razı deyillər. Çünki, tibbi sənədlərlə sübut olunur ki, xəsarət ön çarpaz bağının qopması, medial meninskin yırtığı, lateral meninskin yırtığıdır. Belə ki, iş materiallarında olan ekspert rəylərində (xüsusən xx.xx.2025-ci il tarixli ekspert rəyində) göstərilib ki: “MRT disk görüntüləri və rentgen şəkilləri ekspertizaya təqdim edilməyib" və buna görə ekspert “X12” klinikasının verdiyi rəyi “köçürərək” “öz” rəyini verir. Bununla bağlı qeyd edir ki, oynağın vəziyyətini təyin etmək üçün MRT və rentgen nəticələri vacibdir. Bunu bilmək üçün ekspert olmağa ehtiyac yoxdur. Kim dizə baxıb oynağın vəziyyətin müəyyən edə bilər? Heç kim. Bəs onda niyə ekspert MRT və rentgen nəticələrin ona təqdim olunmasına dair vəsatət verməyib? Və yaxud bu MRT və rentgen nəticələrini istəmədən rəy verib? Buradan açıq aşkar görünür ki, yeni ekspertiza təyin edilməli, ekspertə MRT və rentgen nəticələri təqdim edilməli, hətta Zərərçəkmiş şəxs canlı müayinə etmək şəraiti də yaradılmalıdır ki, sağlamlığa dəyər real zərərin dərəcəsi müəyyən edilsin. Bundan başqa ekspert rəyinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs "sağ diz oynağı hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilib". Hadisədən uzun müddət keçməsinə baxmayaraq Zərərçəkmiş şəxs hələ də əsa və əlil arabası ilə hərəkət edir. 2024-cü ilin əvvəlində dizi əzilib deyə Zərərçəkmiş şəxs bu gün əlil arabasındadır? Hansı 33 yaşlı subay qız sərbəst yeriyə bildiyi təqdirdə əlil arabasına oturar? İş materiallarında olan xx.xx.2025-ci il tarixli 26 saylı şəhər poliklinikasının arayışından görünür ki, Zərərçəkmiş şəxs istehsalatda bədbəxt hadisə nəticəsində üstüstə 1 ildən artıq xəstəlik vərəqəsi əsasında xəstə olub. İşə çıxmağa çalışsa da, çıxan kimi, işləyə bilmədiyini görüb yeni xəstəlik vərəqəsi açdıraraq müalicə olunub. Kim inanar ki, bunun səbəbi ekspertin yazdığı kimi, dizin “şişkinlivi” və “əzilməsidir”? Bu uzun müddət xəstəlik vərəqəsi əsasında müalicə olunmağı artıq yüngün xəsarəti istisna edir. Belə ki, Nazirlər Kabinetinin 1 avqust 2014-cü il tarixli 269 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın 2.1.1-ci bəndinə əsasən Zərərçəkmiş şəxs aldığı zədə ən azı “az ağır xəsarətə” aiddir. Göründüyü kimi, ekspert rəyi obyektiv olmayıb. Ekspert rəyində göstərilir ki, “təqdim edilən sənədlər və CD disk görüntülərində sağ diz oynağında medial meniskin arxa buynuzunun degenerativ dəyişikliyi xx.xx.2024-cü ildə maqnit-rezonans tomoqrafık müayinədən əvvəl iltihabi prosesin ocaqlı distrofik dağılma hesabına yaranmış entezopatiyanın nəticəsidir və bunun travma ilə heç bir əlaqəsi yoxdur”. İş materiallarında olan 26 saylı şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, həmin istehsalatda baş verən bədbəxt hadisə baş verən tarixdən əvvəl Zərərçəkmiş şəxs dizi ilə əlaqədar hər hansı şikayətlə poliklinikaya müraciət etməyib. 33 yaşlı cavan qızın dizində nə iltihab, nə distrofik dağılma olacaq? Üstəlik, necə oldu ki, bu iltihab yalnız istehsalatda bədbəxt hadisə nəticəsində zədə almış dizdə oldu? Qeyd edilənlərlə bağlı vəsatət verib xahiş etmişdir ki, təkrar tibbi ekspertiza keçirilsin, ekspertə MRT disk görüntüləri və rentgen şəkilləri, həmçinin iş materiallarında olan 26 saylı şəhər poliklinikasının arayışları təqdim edilsin, ekspertə tapşırılsın ki, müvafiq MRT disk görüntüləri və rentgen şəkilləri, həmçinin iş materiallarında olan 26 saylı şəhər poliklinikasının arayışları nəzərə alınaraq və Zərərçəkmiş şəxs canlı müayinə edərək onun istehsalatda bədbəxt hadisə nəticəsində aldığı xəsarətin dərəcəsini müəyyən etsin. Lakin vəsatət təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən, vəzifəli şəxs Şəxs tərəfindən texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına zərər vurulduğundan Şəxs AR İXM-nin 198.2-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinməsini, ona həmin maddənin sanksiyası çərçivəsində təhbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs müdafiəçisi Nümayəndə bildirdi ki, prokurorluq tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarla razı deyillər. Ümumiyyətlə inzibati xəta hadisəsinin olmasını qəbul etmirlər. Həmçinin hesab edir ki, Şəxs qeyd olunan inzibati xətanı törətməkdə təqsiri sübut olunmamışdır. Əgər hesab olunsa ki, həmin hadisə iş yerində həqiqətən baş vermişdir, bu halda zərərçəkmiş şəxsin özünün də hadisənin baş verməsində təqsiri var. Belə ki, izahatlardan da göründüyü kimi Zərərçəkmiş şəxs özü qırıq tabletkaya çıxmaqla həyatını təhlükəyə atmışdır. O cümlədən ekspert rəyindən də aydın olur ki, hadisə ilə Zərərçəkmiş şəxs hazırki vəziyyəti arasında səbəbli əlaqə yoxdur. Hətta hesab olunsa ki, hadisə baş vermişdir, Nizami rayon prokurorluğunun “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2025-ci il tarixli qərarından və tərəflərin baş tutmuş məhkəmə iclaslarında verdiyi izahatlardan da görünür ki, inzibati xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati məsuliyyətə cəlbetmə müddəti 1 (bir) il olaraq müəyyən edilmişdir. Həmçinin, həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Sözügedən normalarda təsbit olunmuş müddətlər arasında mövcud olan ziddiyyətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qevd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar qəbul edilmişdir. X8 əsasən, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində səxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Yəni bu şərhdən görünür ki, Nizami rayon prokurorluğu tərəfindən inzibati məsuliyyətə cəbetmə müddəti keçdiyindən inzibati xəta haqqında is üzrə icraata başlanmamalı idi, başlansa da, ona məhkəmə tərəfindən xitam verilməlidir. Bundan əlavə, X8 əsasən, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən deyil, cinayət isinin başlanmasının rədd edilməsi və ya cinayət isinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzlug təşkil edir. Habelə, X8 əsasən, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəvvən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3-cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət isinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən en geci bir il keçənədək verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən qeyd etmək lazımdır ki, AR İXMnin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta uzanan inzibati xəta olmadığından, həmin Məcəllənin 38.2-ci maddəsi bu is üzrə tətbiq edilə bilməz. Belə olduğu halda sözügedən Məcəllənin 38.1 və 53.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında İş üzrə başlanmış icraata xitam verilməlidir. Yuxanda qeyd olunanları nəzərə alaraq, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsini, əgər inzibati xəta hadisəsinin törədilməsi nəzərə alınsa, bu halda inzibati məsuliyyətə cəlbetmə keçdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar Nizami rayon prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Toplanmış materialda Azərbaycan Respublikası CM-nin 162-ci maddəsinin tərkibi müəyyən edilmədiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.2ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs iş vaxtı xəsarət alması ilə nəticələnən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsi səbəbindən X7 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən MMC-nin direktor müavini vəzifəsində işləyən X4 Azərbaycan Respublikası İXM-nin 555.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi nəzərə alınmış, "xxxx" MMC-nin ərazi üzrə satış meneceri vəzifəsində işləyən X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xətanın tərkib əlamətləri olduğundan həmin fakt üzrə inzibati icraatın başlanması məsələsinə baxılması üçün toplanmış materialdan müvafiq sənədlər rayon prokuroruna təqdim edilmişdir. - xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, vəzifəli şəxs "xxxx" MMC-nin satış meneceri Şəxs oğİL barəsində Azərbaycan Respublikası İXM-in 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikasının İXM-in 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməs məqsədilə baxılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. - xxxxxxx000203 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də məsləhətçi vəzifəsində işləmişdir. - Məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 463 saylı rəyidən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağının hərəkət məhdudluğu və qançırlarla müşayiət edilən şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin xüsusiyyətlərinə və lokalizasiyasına istinad edərək qeyd etmək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən şəxsin göstərdiyi şəraitdə əmələ gəlməsi mümkündür, şəxsin özü tərəfindən yetrilməsi inandırıcı deyildir. - Təkrar komisyon məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli T 426/2025 saylı rəyindən görünür ki, X1 diz oynağının hərəkət məhdudluğu və qançırlarla müşayiət edilən şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən, qərarın təsviri hissəsində və özünün göstərdiyi vaxtda, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs həmin xəsarəti müxtəlif şəraitlərdə, istər öz boyu hündürlüyündən, istərsə də yüksək səviyyədə yıxılması nəticəsində ala bilərdi. Zərərçəkmiş şəxs bədən səthində olan xəsarətin xarakteri və lokalizasiyası onun şəxsin şəxsin özü tərəfindən yetirilməsinə uyğun gəlmir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(007)-3061/2025 nömrəli qərardadından görünür ki, təkrar komisyon ekspertizanın keçirilməsi üçün Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında material Nizami rayon prokurorluğuna geri qaytarılmışdır. - Təkrar Komisyon Məhkəmə-Tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli T 690/2025 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ diz oynağında hərəkət məhdudluğu ilə müşayiət edilən yumşaq toxumaların əziyi olmuşdur. Qeyd edilən xəsarət küt yaranma mexanizminə malik olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hündürlükdən yıxılma nəticəsində yarana bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Belə ki, təqdim edilən tibbi sənədlər və CD disk görüntülərində sağ diz oynağında medial meniskin arxa buynuzunun degenerativ dəyişikliyi xx.xx.2024-cü ildə maqnitrezonans tomoqrafık müayinədən əvvəl iltihabi prosesin ocaqlı distrofik dağılma hesabına yaranmış enteropatiyanın nəticəsidir və bunun travrna ilə heç bir əlaqəsi yoxdur. Xəsarətin xarakteri və lokalizasiyası onun şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. - Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının xx.xx.2025-ci il tarixli 10/3730 saylı rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekin daxilində hündürlükdən malların götürülməsi üçün təsadüfi ayaqaltının istifadə olunması hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydaları”nın 5.48 bəndinin tələbləri pozulmuşdur. ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekin daxilində hündürlükdən malların götürülməsi üçün təsadüfi ayaqaltının istifadə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik qaydalarının 5.48 bəndinin tələbləri müvafiq əmrə əsasən işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə riayət olunmasını təmin etmək vəzifəsi həvalə edilmiş şirkətin ərazi üzrə satış meneceri Şəxs tərəfindən pozulmuşdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 37-Ə/NP-2023 saylı əmrindən görünür ki, işçilər tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının tələblərinə riayət olunmasını təmin etmək vəzifəsi şirkətin ərazi üzrə satış meneceri Şəxs həvalə edilmişdir. - Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 4170/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin Calalova Sara Məcidovna tərəfindən Cəmiyyətin işçisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin baş vermə faktı gizlədildiyi üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə həmin maddə üzrə təqsirli bilinərək 2200 (iki min iki yüz) manat məbləğində cərimə edilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-2167/2025 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(004)- 4170/2025 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-106022/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-345/2025 nömrəli əmri ilə təyin edilmiş komissiya tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmışdır. “Мəhkəmə-Tibbi Ekspertiza və X5" PHŞ-nin xx.xx.2025-ci il tarixli T 426/2025 saylı “Ekspert rəyi”nə əsasən Zərərçəkmiş şəxs sağ diz oynağının hərəkət məhdudluğu və qançırlarla müşayiət edilən şişkinlik halında əzildiyi, qeyd olunan xəsarətin bərk küt əşyanın təsirindən,xx.xx.2024-cü il tarixdə əmələ gəldiyi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya malik olduğu qeyd edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs istehsalatda xəsarət alması ilə bağlı məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə texniki səhvlik nəticəsində daxil edilmiş məlumatlara düzəliş edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz Şəxs tərəfindən törədilmiş, inzibati xətalar qanunvericiliyinin tələbləri Şəxs tərəfindən pozulmuşdur ki, bu da, Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsinin təsiri altına düşməklə, sözügedən maddə ilə inzibati məsuliyyətə səbəb olmuşdur. Törədilməsi ehtimal edilən Azərbyacan Respublikası İnzibati Xətalar məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə, proses iştirakçılarını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla Şəxs həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbyacan Respublikası İnzibati Xətalar məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurulmuşdur. Bununla yanaşı məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında icraatın başlanması haqqında Qərardan görünür ki, inzibati xəta hadisəsi, yəni Zərərçəkmiş şəxs Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi nəticəsində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus aptekin daxilində hündürlükdən yıxılaraq sağlamlığına yüngül zərər vurulması xx.xx.2024-cü il tarixdə baş vermişdir, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və xx.xx.2025-ci il tarixdə baxılması üçün məhkəməyə daxil olmuşdur, hazırda isə inzibati xətanın törədildiyi tarixdən 1 ildən çox vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. - 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. - “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsində əks olunmuş mütənasiblik prinsipinə uyğun olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində göstərilən hallarda inzibati məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 38.1 və 38.2ci maddələrinin müddəaları nəzərə alınmaqla müəyyən edilməli və inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən bir ildən artıq olmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyi üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 09 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı 11 manat miqdarında nəzərə alınmaqla, 99 manat əmək haqqı Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 40, 43, 53, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində olan həmin inzibati xəta haqqında iş üzrə icraata, həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 09 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 06 saylı Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 99 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayonr Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4793/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4793/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver