Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4796/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində “Turbo Cars” adlı avtosalonun qarşısında ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı X2 tərəfindən xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ərazisində yerləşən “Turbo Cars” avtosalonuna dostunun yanına gedərkən avtosalonun qarşısında polis əməkdaşlarının olduğunu görmüş və avtomobildən düşərək avtosalona daxil olmuş və bu zaman polis əməkdaşı olduğunu deyən Rüstəm adlı şəxsin ustaların üstünə qışqırdığını eşitmişdir. Yaxınlaşıb salamlaşmış və nə baş verdiyini soruşmuşdur. Bu zaman Rüstəm adlı şəxs onu təhqir edərək bayıra çıxmasını bildirmişdir. Sonra o, obyektdən çölə çıxmışdır, bundan sonra Post-patrul xidmətinin əməkdaşları ustaları avtomobilə əyləşdirmişlər. Rüstəm adlı şəxs ona qarşı təhqiredici ifadələr işlətmiş, “gedək bölməyə, mən sənə başa salacağam” demişdir. Onu da avtomobilə əyləşdirərək 23-cü Polis Bölməsinə aparmışlar. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir, sadəcə ustaları və onu bölməyə aparmalarının səbəbini soruşmuşdur, amma ona cavab verməmişlər. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Təminat hissəsinin kiçik inspektoru, polis baş serjantı X7 izahat verərək bildirmişdir ki, o, daxili əmrlə və Nazirliyin göstərişi ilə “COP 29” tədbiri ilə əlaqədar təhlükəsizlik tədbiri ilə bağlı Babək prospektinə ezam olunmuşdur. “Turbo Cars” adlı avtosalonda tikinti işləri aparan ustalara 3 dəfə -14,16 və 17 oktyabr tarixlərində məişət tullantıları və təmir-tikinti ilə əlaqədar xəbərdarlıq etmişdir. “COP 29” tədbiri ilə bağlı təhlükəsizlik qərargahının əməkdaşları tərəfindən avtosalona dəfələrlə xəbərdarlıq olunmuşdur və bildirilmişdir ki, tikinti işləri xüsusi protokola əsasən aparılmalı, “COP 29” tədbirinin tələblərinə cavab verməli, örtüklər götürülməlidir. Amma bu xəbərdarlıqlara məhəl qoyulmamışdır. Orada ustalar əlavə tikinti işləri aparmışlar. İcra Hakimiyyəti tərəfindən dəfələrlə tikinti işlərini dayandırmaları tələb edilməsinə baxmayaraq dayandırmamışlar. xx.xx.2024-cü il tarixdə Nizami rayon İcra Hakimiyyətinin nümayəndələrinin dəvəti ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Turbo Cars” adlı avtosalonun işçilərinə bildirmişlər ki, aparılan tikinti işləri “COP 29” tədbirinin tələblərinə cavab vermədiyi üçün dayandırmaları və örtükləri götürmələri ilə bağlı xəbərdarlıqlara əməl etməmələri, həmçinin İcra Hakimiyyətinin əməkdaşlarının qanuni göstərişlərinə əməl etmədikləri və ətrafa məişət tullantıları tökdükləri üçün onlar bölməyə təmin edilməlidir. Bununla bağlı ilk növbədə 23cü Polis Bölməsinin əməliyyat qrupu hadisə yerinə dəvət edilmişdir, lakin onlar başqa bir hadisə yerində olduqlarına görə gec gələcəklərini bildirmişlər. Buna görə də ərazi üzrə Post-patrul xitmətinin əməkdaşları dəvət edilmişdir. Post-patrul xidmətinin əməkdaşları tərəfindən “Turbo Cars” adlı avtosalonda işləyən 2 nəfər usta 23-cü Polis Bölməsinə təmin edilmək üçün avtomobilə əyləşdirilmişdir. Bu zaman orada olan və əvvəlcə özünü avtosalonun sahibi kimi təqdim edən Şəxs onlara yaxınlaşaraq işlərinə müdaxilə etmiş, nalayiq ifadələr işlətmiş və ustalara avtomobilə əyləşməməklərini bildirmişdir. Onu sakitləşdirib nizam-intizama dəvət etməyə çalışsalar da nalayiq ifadələr işlətməyə davam etmiş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs avtomobilə əyləşdirilərək 23-cü Polis Bölməsinə təmin edilmişdir. Məhkəmə iclasında dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı X5 izahat verərək bildirmişdir ki, xx.xx.2024cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, Keşlə qəsəbəsi ərazisində xidmətdə olarkən İdarə əməkdaşları tərəfindən “Turbo Cars” adlı avtosalonun yanına köməyə çağırılmışlar. İdarə əməkdaşları göstəriş vermişdir ki, 2 nəfər şəxs ətrafa məişət tullantıları tökdüyü üçün bölməyə təmin edilməlidir. Həmən şəxslərə yaxınlaşaraq avtomobilə əyləşdirmişlər. Sonra idarə əməkdaşları ilə Şəxs arasında mübahisə yaranmışdır. Şəxs tərəfindən polis əməkdaşlarına qarşı nalayiq ifadə işlədilməsini eşitməmişdir. Məhkəmə iclasında dindirilmiş X4 izahat verərək bildirmişdir ki, o, Mənzil Kommunal İstismar Sahəsinin rəisi vəzifəsində işləyir. “COP 29” tədbiri ilə əlaqədar İcra Hakimiyyəti tərəfindən təmir-tikinti, təmizlik işləri ilə bağlı göstəriş verilmişdir ki, həmin ərazilərdə reklam lövhələri, təmir-tikinti işləri və tullantılarla bağlı “COP 29” tədbirinin tələblərinə riayət edilməsi ilə bağlı bütün obyektlərə xəbərdarlıq edilsin. Bununla bağlı bir çox obyektlərə xəbərdarlıq edilmişdir. Həmin gün “Turbo Cars” adlı avtosalonda olmamışdır, işçilər göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İnzibati xəta törətmiş şəxsi tutmaq haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:50-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçiləri ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1 bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən onun inzibati qaydada tutulmasını və İXM-nin 31.4-1-ci maddəsinin tələblərini də nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4796/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4796/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver