Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-48/2024 29.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Bakı şəhəri “Kaspian” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Laçın rayonunun Quşçu kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 2anında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-327/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onun barəsində 2020-ci ildə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təhqiqat İdarəsinə şikayət verildiyi üçün araşdırma aparılmışdır. Bundan sonra vergi orqanlarında 3 illik dövr üçün araşdırma aparılmış və bütün sənədlər yoxlamanın aparılması üçün vergi orqanlarına təqdim olunmuşdur. Həmin sənədlər vergi orqanlarının arxivində bu gün də saxlanılır. İcra sənədinin icrası ilə əlaqədar auditor yoxlamasının aparılması üçün sənədlərin müəyyən hissəsi təqdim olunmuş, elektron qaimə fakturalar, alqı-satqı müqavilələri, işlərin görülməsinə dair müqavilələr, təhvil-təslim aktları, forma 2 aktlarını təqdim etmək mümkün olmamışdır. Buna səbəb səyyar vergi yoxlaması başa çatdıqdan sonra mühasibatlıq sənədlərinin saxlama yeri olmadığından, eyni zamanda qanunvericilik ilə müəyyən edilmiş saxlama müddəti başa çatdığından, 5 il keçdiyi üçün sənədlərin məhv olunması olmuşdur. Həmin sənədlərin məhvi ilə bağlı akt və digər sənədlər məhkəmyə təqdim olunmuşdur. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-327/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, "xxxx" MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən təyin edilən auditora müvafiq sənədlərin təqdim edilməsi və auditor yoxlaması üçün qanunvericilikdə nəzərdə tutulan bütün lazımi şəraitin yaradılması vəzifəsi cavabdehlər "xxxx" MMC ilə Şəxs üzərinə qoyulmuşdur. - icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-327/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclu "xxxx" MMC-yə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-327/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi icra etməsi üçün 10 gün müddətində vaxt verilmiş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - “vergi ödəyicisinin fəaliyyətinin dayandırılması” barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini V.B.Şahbazov tərəfindən verilmiş məktubdan görünür ki, "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dayandırılmışdır. - “sənədlərin məhv edilməsinə” dair "xxxx" MMC tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cəmiyyətdə aparılan səyyar vergi yoxlaması başa çatdıqdan sonra mühasibatlıq sənədlərinin saxlama yeri olmadığından, eyni zamanda qanunvericilik ilə müəyyən edilmiş saxlama müddəti başa çatdığından elektron qaimə fakturalar, alqı-satqı müqavilələri, işlərin görülməsinə dair müqavilələr, təhvil-təslim aktları, forma 2 aktları məhv edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs əməlində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-327/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-327/2021-009 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-48/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-48/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver