Məhkəmə qərarları › İş №3(007)-481/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-481/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-481/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsində olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri Nizami rayonu Ə.Əliyev küçəsi - Q.Qarayev prospektində hərəkətdə olan zaman nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nın 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Bununla bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 25533475 saylı qərarı şəxsi istifadəsində olan mobil telefonuna AsanPay vasitəsilə bildiriş formasında göndərilmişdir. Şəxsi istifadəsində olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı minik avtomobilini növbəti texniki baxışdan keçirtmək üçün Bakı şəhəri Sabunçu rayonu Zabrat-Maştağa şossesi ünvanında yerləşən AR DİN-nin BDYPİ-nin Müayinə Mərkəzinə 1 noyabr 2024-cü il tarixindən 15 yanvar 2025-ci il tarixədək dəfələrlə müraciət etməyinə baxmayaraq nəqliyyat vasitəsini texniki baxışdan keçirmək mümkün olmamışdır. Buna səbəb, EQ 21878948 saylı elektron qərar əsasında ödənilməmiş cərimə borcu olduğuna görə MMX-nin vəzifəli şəxsi tərəfindən sistemə girişə qadağa qoyulmuşdur. O, bu elektron qərarla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)- 2576/2024 saylı qərarının olduğunu bildirmişdir. Müayinə mərkəzinin səlahiyyətli nümayəndəsi isə qeyd etdiyi problemin həlli Müayinə Mərkəzinin səlahiyyəti xaricində olduğundan və bu barədə BDYPİ-nə müraciət etməyini məsləhət etmişdir. Bununla bağlı BDYPİ-nin 902 qaynar xəttinə dəfələrlə nüraciət etməyinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Həmçinin cavabdeh qurumun rəhbərliyinə ünvanladığı, EQ 21878948 saylı qərarla bağlı cərimənin ödənilməsi müddəti başa çatmadığına və eyni zamanda bu qərarla bağlı məhkəmə mübahisəsi davam etdiyindən şəxsi istifadəsində olan ** UC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini texniki baxışdan keçirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldlrlmasına və xx.xx.2024-cü il tarixindən cərimə məbləğinin 1 faizi qədər dəbbə pulunun hesablanmasının dayandırılması və nəticəsi barədə müraciətçiyə məlumat verilməsi barədə, xx.xx.2024-cü il tarixli rəsmi müraciətinə də bu günə qədər cavabdeh tərəfindən münasibət bildirilməyibdir. Eyni zamanda xx.xx.2024-cü il tarixində Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadənin şəxsən qəbulunda olmuş, lazımı sənədləri ona təqdim etsə də heç bir tədbir görülməyibdir. Şikayət ərizəsinə əlavə edilmiş sübutlardan da göründüyü kimi EQ 21878948 saylı elektron qərarla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(005)-3595/2024 saylı qərarının qanuni qüvvəyə minməsindən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh qurum məhkəmə qərarını icra etməməkdə israrlıdır. Bunun da məntiqi nəticəsi olaraq yenidən xx.xx.2025-ci il tarixində şəxsi istifadəsində olan Mercedes Benz 220 markalı ** UC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini texniki baxışdan keçirtmədən idarə etdiyinə görə, əsassız olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 25533475 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə 50 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası DİN BDYPİ-nin vəzifəli şəxsi Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə cərimə olunmasıa dair xx.xx.2025-ci il tarixli, EQ 25533475 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, 13 yanvar 2025-ci il tarixdə maşınını idarə edən zaman texniki baxışdan keçmədiyinə görə cərimə olunmuşdur. Texniki baxışdan keçmək onun imkanı xaricindədir. Dəfələrlə getmiş, lakin texniki baxışdan keçə bilməmişdir. Əvvəl 40 manat cəriməsi olub, məhkəmə cəriməni ləğv edib. Amma cəriməni silmirlər. Cəriməni silmədikləri üçün isə o, texniki baxışdan keçə bilmir. Bu günədək də sistemi açmırlar ki, o, texniki baxışdan keçsin. İnzibati orqan bilərəkdən və qəsdən məhkəmə qərarını icra etmir. Ümumiyyətlə ödənilməmiş cəriməyə görə texniki baxışdan keçməyə məhdudiyyət qoyula bilməz. O, rüsumu ödəmişdir, ona görə texniki baxışdan keçməyə icazə verməlidirlər. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X1 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol (burada elektron qərar) üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes 220 minik” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X2 13 yanvar 2025-ci il tarixdə saat 09:57-də Bakı şəhəri Nizami rayonu, Ə.Vəliyev küçəsi- Q.Qarayev prospekti kəsişməsi, körpünün üstündə nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xətanı törətməyə görə barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 3(005)-3595/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair 21 oktyabr 2024-cü il tarixli, 16/1-159519 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 30-cu maddəsinin İİ hissəsinin 3-cü bəndində əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər; 30-cu maddəsinin İX hissəsinə əsasən bu Qanuna 1 saylı Əlavə ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirməməyə görə nəqliyyat vasitəsinin sahibləri nəqliyyat vasitəsinin texniki vəziyyətinə cavabdeh olan şəxslər və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar; 30-cu maddəsinin X hissəsinə əsasən nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən bu Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanların vəzifəli şəxsləri, nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə texniki xidmət göstərən texniki-təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilməmişdir. Belə ki, X1 barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətməyə görə inzibati tənbeh tətbiq etmə haqqında 21 oktyabr 2024-cü il tarixli qərar mövcud olmuş, həmin qərar isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 3(005)-3595/2024 nömrəli qərarı ilə ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan Müayinə mərkəzi tərəfindən isə, işin bununla bağlı faktiki halları, X2 barəsində qəbul edilmiş cərimə qərarının ləğvinə dair məhkəmə qərarının olması məsələsi araşdırılmadan, 2024-cü ilin noyabr və dekabr ayları ərzində nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən qanunsuz olaraq imtina edilmiş, bunun nəticəsində isə, X2 13 yanvar 2025-ci il tarixdə “nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə inzibati xətanı törətməyə görə” inzibati məsuliyyətə cəlb edilməsinə süni şərait yaradılmış, onun barəsində 50 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmənin qənaətinə görə, “Yol hərəkəti haqqında” Qanunun tələbinə əsasən yol hərəkətinin iştirakçıları qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməli olduqları kimi, eyni zamanda müvafiq səlahiyyətli şəxs və qurumlar da nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməməli və ya onların həllindən qanunsuz olaraq imtina etməyə, süründürməçiliyə yol verməməlidirlər. Məhkəmə bu zaman nəzərə alır ki, İXM-nin 115-ci maddəsinin ziddinə olaraq iş üçün nühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İXM-nin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin irəli sürdüyü dəlillər onun özünün iştirakı ilə araşdırılmalı, yalnız bundan sonra iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Ona görə məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 13 yanvar 2025-ci il tarixli, EQ seriyalı, 25533475 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar