Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4824/2023 03.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 avqust 2023-cü il tarixdə Q.Qarayev prospektinə doğru öz sürdüyü **-LB-*** nömrəli avtomobillə hərəkətdə olarkən **-YP-*** YPX inspektoru Qurbanov Vüsal onu saxlayaraq nöqsan bildirmişdir ki, arxa ban şüşəyə pərdə vurmuşdur. O, buna etirazını bildirmişdir, icazə verilir, arxa ban şüşəyə pərdə vurmaq olar. Lakin inspektor ona İXM-nin 342.2.4-cü maddəsini tətbiq edərək 150 manat cərimə yazmışdır. İXM-nin 342.2.4-cü maddəsində ban şüşələrinə örtük vurmaq qadağandır və göstərilir ki, pərdə, jalüz, plyonka və s., yəni bu maddəyə əsaslanaraq plyonka, jalüz vurmaq olmaz. İşsiz olduğunu nəzərə alaraq və evdə tək o, işlədiyi üçün və Vətəni qorumaq üçün iki oğul övladı böyütdüyünü nəzərə alaraq, 06 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, müşahidə edir ki, başqa maşınların da arxa baş şüşələrinə pərdə vurulur, ancaq onların barələrində tədbir görülmür. O, bilsəydi ki, buna görə 150 manat cərimə olunacaqdır, 20 manat verib pərdə vurdurmazdı. Ancaq o, yan şüşələrə yox, arxa ban şüşəyə pərdə vurdurmuşdur. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, minik vatomobillərinin arxa ban şüşələrinə pərdə vurulmasına Nazirlər Kabinetinin qərarı ilə icazə verilmir, belə hərəkətin edilməsi inzibati xəta hesab olunur. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 06 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Chevrolet Aveo minik” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 ünvan 1 ünvanında 26 avqust 2023-cü il tarixdə saat 12:23-də “nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə, 26 avqust 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın Vİİ hissəsinin 3-cü bəndinə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkildikdə, bu, nəqliyyat vasitələrinin nasazlığı, ona dair texniki tələblərin pozulması hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın: 1-ci bəndinə əsasən bu Qayda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə - “Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın Vİİ hissəsinin 3-cü bəndinə uyğun olaraq hazırlanmışdır və nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını müəyyən edir. 2-ci bəndinə əsasən əsas anlayışlar aşağıdakılardır: 2.1. Bu Qaydanın məqsədləri üçün istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. nəqliyyat vasitələri – minik və yük avtomobilləri, həmçinin avtobuslar, mikroavtobuslar, trolleybuslar və tramvaylar; 2.1.2. örtük – jalüz, pərdə və ya plyonka; 2.1.3. jalüz – öz oxu ətrafında hərəkət edən şaquli və ya üfüqi lövhələrdən ibarət olan və yaxud xüsusi mexanizmin köməyi ilə açılıbbağlanan aksesuar; 2.1.4. pərdə – perimetr boyu plastik və ya metal elementə bərkidilmiş parça materiallı aksesuardır. Pərdə yuxarıdan, yuxarıdan və aşağıdan və ya yan tərəflərdən bərkidilməklə açılıb-bağlanan da ola bilər; 2.1.5. plyonka – işıqburaxma qabiliyyətinə malik, daxildən görüntünü təmin edən və bir tərəfi şüşəyə çəkilməsi üçün xüsusi yapışqan səthə malik materialdır. 3.2-ci bəndinə əsasən nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: 3.2.1. minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; 3.2.2. yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. 4-cü bəndinə əsasən nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 “Chevrolet Aveo minik” markalı **-LB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında 26 avqust 2023-cü il tarixdə saat 12:23-də hərəkətdə olarkən onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın tələblərini pozaraq nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtük çəkməsi müəyyən edilmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qərardan şikayət vermiş X1 şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, belə ki, yuxarıda istinad olunan Qaydaya görə, minik avtomobillərində sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə pərdə çəkilməsinə deyil, plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verilmişdir. Belə olan halda da, X1 minik avtomobilinin arxa şüşəsinə pərdə çəkməsi, onun inzibati məsuliyyətə cəlb olunaraq tənbeh edilməsini əsaslı etmiş, qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 134 və 135-ci maddələri ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 06 sentyabr 2023-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4824/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4824/2023
03.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver