Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4837/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, X6 iclas katibliyi, şikayətçi – X3 və qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X4 iştirakları ilə, X3 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X12 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərara əsasən X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Şikayətçi şikayətində və məhkəmə iclasnda şikayətini onunla əsaslandırmışdır ki, 18 sentyabr 2025-ci il tarixdə, saat 12:30 radəLarində idarə etdiyi «CHANGAN ALSVİN V7 MİNİK» markalı, 77XZ149 dövtat qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Azər Manafov, 2 küçəsi ilə hərəkət edərkən heç bir yol hərəkəti qaydasını pozmamağına baxmayaraq X12 əməkdaşı tərəfindən saxlanılmışdır. BDYPİ-nin əməkdaşı tərəfindən barəsində qanunsuz olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib etmişdir. O, həmin qanunda nəzərdə tutulmuş xətanı törətməmiş, həmin yolda qırıq xətlə avtomobili idarə etmişdir. Qeyd olunanlara əsaslanaraq, 29 sentyabr 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin suallara cavab olaraq bildirdi ki, o, sola hərəkət yol nişanını görmüş, lakin yerdə qırıq-qırıq xətlər olduğu üçün həmin hərəkət zolağına daxil olmuşdur. Qırıq-qırıq xətlər hərəkət zolağını dəyişməyə icazə verdiyi üçün həmin hərəkət zolağına daxil olaraq hərəkətini davam etdirmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqanın – Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi X7 bildirdi ki, şikayətçinin şikayəti əsassızdır, qərar qanuni və əsaslıdır. Sürücü tərəfindən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Belə ki, həmin qırıq-qırıq xətlərdən daxil olan sürücü ancaq sola hərəkət edə bilərdi, çünki sola hərəkət nişanı həmin hissədə qüvvədə olmuşdur. Lakin sürücü düzünə hərəkəti davam etdirməklə yol nişanın tələblərinə riayət etməmişdir. Bunu nəzərə alaraq, şikayətin rədd edilərək qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə, saat 12:30-da idarə etdiyi **-XZ-*** dövlət qeydiyyat nişanlı “Changan ALSVİN V7” minik markalı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanında yol nişanlarının tələblərinə riayət etmədiyindən İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmişdir. Protokol tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilmiş və müəyyən edilmişdir ki, **-XZ-*** dövlət qeydiyyat nişanlı “Changan ALSVİN V7” minik markalı nəqliyyat vasitəsinin sürücüsü ünvan 1 ünvanında yol nişanının tələblərinə riayət etməyərək düzünə hərəkətini davam etdirir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-1-ci maddəsinə əsasən yol hərəkətinin təşkilinin texniki vasitələri – yollarda hərəkətin təşkili və tənzimlənməsi, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizliyinin və fasiləsiz hərəkətinin təmin edilməsi, yolların buraxıcılıq qabiliyyətinin artırılması üçün tətbiq edilən qurğular, avadanlıqlar və təsvirlərdir (svetoforlar, yol nişanları, nişanlama xətləri, qoruyucu sədlər, dirəkciklər və s.) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hussəsinin 2-ci bəndinə yol hərəkəti iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, X5 idarə etdiyi **-XZ-*** dövlət qeydiyyat nişanlı “Changan ALSVİN V7” minik markalı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə, saat 12:30-da ünvan 1 ünvanında yol nişanının tələblərinə riayət etməyək düzünə hərəkəti davam etdirməklə yol hərəkəti qaydalarını pozmuş, inzibati xəta hadisəsi törətmişdir. Belə ki, X5 digər nəqliyyat vasitəsi ona yol vermiş olsa belə, qırıqqırıq xətlərdən ancaq sola dönmək üçün həmin hərəkət zolağına daxil ola bilərdi. Çünki həmin hərəkət zolağında həmin hissədə qüvvədə olan yol hərəkət nişanı ancaq sola dönməyi nəzərdə tutur. Belə olan halda qırıq-qırıq xətlərdən daxil olmuş sürücü ancaq sola dönməlidir, düzünə hərəkəti davam etdirməklə sürücü yol nişanının tələblərini pozmuşdur. Bu səbəbdən X5 barəsində tərtib olunmuş protokol əsasında qəbul edilmiş qərar tam əsaslıdır və ləğv edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, şikayətçinin həmin inzibati xətanı törətməsi qərar, protokol və məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə müəyyən edilmişdir. Həmçinin müəyyən edilir ki, şikayətçiyə təqsirli bilindiyi inzibati xətanın sanksiyası həddində inzibati tənbeh tətbiq edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X12 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı, ******* saylı qərardan verdiyi şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №3(007)-4837/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4837/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver