Məhkəmə qərarları › İş №3(007)-4841/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4841/2025

09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4841/2025 09.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 09 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli, Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 09 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, toplanmış sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmənin 09 oktyabr 2025-ci il tarixli qərardadına əsasən həmin protokollar üzrə 3(007)-4841/2025 və 3(007)-4842/2025 nömrəli inzibati xəta haqqında işlər bir icraatda birləşdirilmiş və birləşdirilmiş işdə 3(007)-4841/2025 nömrəsi saxlanılmışdır. 09 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 08 oktyabr 2025-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin inzibati binasında ucadan nalayiq söyüşlər işlədib səs-küy salmış, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərlə xırda xuliqanlıq etmiş, bu zaman onun bu qanunazidd hərəkətlərinin qarşısını almağa çalışan ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. 09 oktyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 08 oktyabr 2025-ci il tarixdə saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81B ünvanında yerləşən Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə aparıldıqdan sonra, 09 oktyabr 2025-ci il tarixdə, saat təxminən 11:30 radələrində Respublika Narkoloji Mərkəzində ekspress-test üsulu ilə müayinəsi zamanı sidik nümunəsində istehlak etdiyi narkotik və ya psixotrop tərkibli maddələr “AMP” (+), “THC” (+), “MET” (+) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X5 protokolların məzmununa uyğun izahat vermiş və Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, durduğu yerdə, heç bir əsas olmadan çevik polisin əməkdaşı ona yaxınlaşmış, polislər də, o da əsəbi olmuşlar, aralarında mübahisə yaranmışdır. Üstündə sənədi olmamışdır. Sonra onu 24-cü polis şöbəsinə aparmışlar. Şöbədə o, söyüş söyməmiş, yalnız ucadan danışmışdır. Qaçmağa cəhd etməmiş, yalnız bayıra çıxıb siqaret çəkmək istəmişdir. Nalayiq ifadəni ümumi olaraq işlətmiş, kiməsə ünvanlamamışdır. Narkotik vasitəni isə təxminən 4-5 gün əvvəl istifadə etmiş, marixuana olmuşdur. Hazırda əməlindən peşmandır. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili X3 izahatında göstərmişdir ki, 08 oktyabr 2025-ci il tarixdə, saat 14:25 radələrində X9 əməkdaşları tərəfindən şübhəli şəxs qismində Şəxs 24-cü polis şöbəsinin inzibati binasına gətirilərək raportla təhvil verilmişdir. Şəxs polis şöbəsinin inzibati binasında olarkən, təxminən saat 14:30 radələrində heç bir əsas olmadan ucadan nalayiq söyüş və ifadələr işlətmiş, bu hərəkəti ilə müvafiq səbəblərdən şöbəyə fəlmiş vətəndaşların narahatlığına səbəb olmuş, iş rejimini pozmuşdur. Həmin şəxsi nizam-intizama dəvət etsələr də, o, polis əməkdaşı kimi onların qanuni tələblərinə tabe olmamış, aqressiv formada onlarla mübahisə etmiş və öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Daha sonra həmin şəxs polis şöbəsinin inzibati binasını tərk edərək qaçmağa cəhd etmiş, bayırda saxlanılaraq geri qaytarılmışdır. Sonra söhbət zamanı Şəxs narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Raport yazmaqla qeyd olunanları şöbə rəhbərlyinin nəzərinə çatdırmışlar, həmin şəxsin Respublika Narkoloji Mərkəzində tibbi müayinəsi həyata keçirilmiş və onun narkotik vasitədən istifadə etdiyi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin polis sahə inspektoru X6, şahid M.E.Umudovla eyni məzmunlu izahat vermişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Həmin Qanunun 17-ci maddəsinə əsasən üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək və s. hüquqları vardır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istehlak etdiyi narkotik vasitə və ya psixotrop maddəni könüllü surətdə təhvil verməmişdir, qanunsuz olaraq həmin maddələri istifadə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmış, tibbi müayinə zamanı bu fakt öz təsdiqini tapmışdır, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. “Elektron məhkəmə” informasiya sistemində qeydə alınmış məlumatdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 mart 2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati tənbeh tətbiq edilmişdir. Ona görə məhkəmə həmin halı inzibati xəta törətmiş şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən halları, o cümlədən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini nəzərə alaraq, onun barəsində İXM-nin 206-cı maddəsinin (baxılan iş üzrə daha ciddi xəta) sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 08 oktyabr 2025-ci il tarixdə, saat 14:25 radələrində faktiki olaraq saxlanılaraq azadlıq hüququ məhdudlaşdırılmışdır, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, habelə qanunvericiliyin tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət (iş saatları) üçün Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 saylı qərarına əsasən hüquqi yardım haqqı müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510, 535.1 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-cı maddəsi ilə barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 08 oktyabr 2025-ci il, saat 14:25-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-in İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 5 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 müvafiq hesablaşma hesabı üzərindən 55 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar