Məhkəmə qərarları › İş №3(007)-4843/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4843/2024

15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4843/2024 15.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və iş üzə icaata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli elektron qərar tərtib edilərək, İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmaya görə 20 AZN cərimə olunmuşdur. EQ seriyalı, 23966663 nömrəli elektron qərara əlavə edilmiş fotoşəkillərə nəzər saldıqda açıq-aydın görünür ki, idarə etdiyi **-NT-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT” yük markalı avtomobil xx.xx.2024-cü il tarixdə Nizami rayonu, Babək prospekti 56 ünvanında 2 zolaqdan ibarət yolda yolun sol çiynində dayanmışdır. Qoşmaya əlavə edilmiş və tərəfindən çəkilmiş fotoşəkildə ərazidə qeyd olunan yolun sağ çiynində quraşdırılmış “dayanma və durma qadağandır” nişanı vardır ki, həmin nişan yolun sağ hissəsinə aiddir və həmin istiqamətdə heç bir avtomobil dayanmamışdır. Lakin buna baxmayaraq yolun sol çiynində heç bir yol nişanı olmadığı üçün bir neçə sürücü tərəfindən qanuni şəkildə avtomobillərin parklanması görünür. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsizvəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Lakin razılığa gələn tərəflər yuxarıda, 1-ci yarımbənddə göstərilən şəraitdə hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitələrini o halda "durmuş” hesab edə bilərlər ki, bu vəziyyətin müddəti milli qanunvericiliklə müəyyənləşdirilmiş vaxt həddindən artıq olsun, eləcə də yuxarıda 2-ci yarımbənddə göstərilən şəraitdə hərəkətsiz vəziyyətə gətirilmiş nəqliyyat vasitələrini o halda "dayanmış” hesab edə bilərlər ki, bu vəziyyətin müddəti milli qanunvericiliklə müəyyənləşdirilmiş vaxt həddindən artıq olmasın. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 30-cu bəndinə əsasən məcburi dayanma - texniki nasazlıq və ya aparılan yükün, sürücünün (sərnişinin) vəziyyətinin və ya yolda maneə yaranmasının doğurduğu təhlükə üzündən nəqliyyat vasitəsinin hərəkətinin dayandırılmasıdır. Yaşayış məntəqələrində yol çiyni olmadığından nəqliyyat vasitələrinə yolun sağ tərəfindəki hərəkət hissəsinin kənarında, səki varsa səkinin yanında bir cərgədə dayanmağa və durmağa icazə verilir. Hərəkət hissəsinin vəziyyətindən və ya hər hansı maneə olub-olmamasından asılı olmayaraq ancaq sağ zolaqda dayanmaq lazımdır. Yəni dayanmaq qadağan olunan yerlərdə nəqliyyat vasitəsi: Texniki nasazlıq baş verdikdə, sürücünün və ya sərnişinin vəziyyəti pisləşdikdə, yolda maneə yarandıqda nəqliyyat vasitəsi dayandırıla bilər. “Yol hərəkəti haqqında” Qanunun 55-ci maddəsinin 2-ci bəndinə əsasən, dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. “Yol hərəkəti haqqında” Qanundan və əlavə edilmiş fotoşəkillərdən də görünür ki, qanunla heç bir inzibati xəta törədilməmişdir. Bütün toplanmış əsaslı materialları nəzərə alaraq sözügedən məsələyə hüquqi baxımdan yanaşılmasını, baş vermiş mövcud halı və qanunvericiliyin tələblərini nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş DYPİ tərəfindən texniki səhv olaraq tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli elektron qərarın etibarsız hesab edilməsi və qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 məhkəmə iclasına gəlməmiş və Azərbaycan Respublikası DİN Baş X6 İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, “FORD TRANSİT” yük markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X3 xx.xx.2024-cü il tarixdə, saat 15:05-də Babək prospekti 56 ünvanında dayanma qaydalarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 20 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 23966663 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar