Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4856/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 01:46 radələrində idarə etdiyi “HONDA CİVİC HİBRİD” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmasına baxmayaraq tibbi müayinədən keçməkdən imtina etmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin Yol patrul xidməti baş inspektoru, polis leytenantı X3 tərəfindən İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhər Baş Polis İdarəsi X6 İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:46 radələrində Şəxs idarə etdiyi “HONDA CİVİC HİBRİD” minik markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılması təklif olunaraq həkimə aparılmış, lakin, o, tibbi müayinədən keçməkdən imtina etmişdir. Bununla bağlı müvafiq protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 01:46-da Bakı şəhəri, Nizami rayonu, İsmayıl Məmmədov küçəsində idarə etdiyi avtomobillə hərəkətdə olarkən DYPİ-nin əməkdaşı onu saxlatmışdır. İnspektor ona yaxınlaşıb, özünü təqdim etmədən avtomobilin kimə məxsus olduğunu, avtomobili niyə sərxoş vəziyyətdə idarə etdiyini soruşduqda, inspektora avtomobilin ona məxsus olduğunu və sərxoş olmadığını bildirmişdir. Dediklərinə məhəl qoymayan inspektor ondan avtomobili irəli sürməyini tələb etdikdə avtomobili irəli sürüb saxlamışdır. İnspektor ona, “sən içkilisən” dedikdə, razılaşmamışdır. Onu Bakı şəhəri, Nizami rayonu, Cəfər Cabbarlı küçəsinə həkim müayinəsinə gətirmişlər. Həkimin yanına gəldikdə polis əməkdaşlarına və həkimə sərxoş olmadığı halda həkim müayinəsindən nəyə görə keçməyini soruşduqda, onlar “narahat olma özümüz yoluna qoyacayıq” demişlər. Həmin vaxt həkimdən xüsusi texniki vasitənin sertifikatının təqdim edilməsini tələb etmiş, həkim ona “özün bil istəmirsən müayinədən keçmə” demişdir. Belə olan halda o, etiraz edərək veriləcək tibbi müayinənin nəticəsi ilə razı olmadığını, iradını bildirmiş, təkrar tibbi müayinənin həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılmasını tələb etmişdir. Onlar da problem yoxdur deyərək, “gedə bilərsən” demişlər. Qanunvericiliyə görə şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsinə göndərilməsindən ötrü protokol tərtib edilir. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Müayinə olunan şəxs tibbi müayinənin nəticəsi ilə razı olmadığı təqdirdə, tibb müəssisəsinin rəhbəri tərəfindən təkrar tibbi müayinənin həkimnarkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada aparılması barədə qərar qəbul edilir. Göründüyü kimi onun sərxoşluq vəziyyətinin müəyyən edilməsindən ötrü həkim müayinəsinə göndərilməsinə dair protokol tərtib edilməmiş, həmin protokolun surəti ona təqdim edilməmiş, sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən də hal şahidlərinin iştirakı təmin edilməmiş, yol polisi qurumunun vəzifəli şəxsinin onun tibbi müayinədən keçirilməsinə dair göndərişinin surəti iş materiallarına əlavə edilməmiş, onun tibbi müayinənin nəticəsi ilə razı olmadığı halda həkim-narkoloqlar tərəfindən təşkil edilən komisyon qaydada müayinə aparılmamışdır. Ən əsası isə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah edilməmişdir. Halbuki qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hər bir şəxsə onun barəsində aparılan icraatla bağlı hüquq və vəzifələri dərhal izah edilməli, eləcə də onun hüquq və vəzifələrinin aydın olması barədə protokolda müvafiq qeyd aparılmalıdır. Qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Lakin nə iş materiallarında, nə də inzibati xəta haqqında protokolda ona inzibati xəta haqqında protokolun surətinin nə vaxt verilməsi ilə bağlı heç bir sübut əlavə edilməmiş və sözügedən protokolda bu barədə heç bir qeyd aparılmamışdır. Həmçinin onun izahatı alınmamış, protokolun məzmunu barədə mülahizəsinin olması və imzası göstərilməmiş, eləcə də inzibati xəta haqqında protokolda izahat verməkdən, imza etməkdən və protokolla bağlı hər hansı şikayət və tələbinin olması barədə fikirlər bildirməsindən imtina etməsi barədə heç bir qeyd aparılmamışdır. Qeyd olunanlara əsasən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/19131 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:45 radələrində Şəxs tibbi müayinədən keçməkdən imtina etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 8ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 37-ci maddəsinin 13-cü bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının tələbi ilə alkoqol, narkotik vasitələr, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin yuxarıda sadalanmış bəndlərinin tələblərini pozmuş və bu hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 343.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4856/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4856/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver