Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-486/2022 10.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs oğlunun, barəsində Bakı şəhər Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlunun 13 fevral 2022-ci il tarixdə saat 10:00-da “Mercedes Benz C 180” minik markalı ** SU *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmiş və bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə saat 10 radələrində, idarə etdiyi “Mercedes Benz C 180” minik markalı ** SU *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə, Bakı şəhəri, Nizami rayonu Babək prospekti ilə hərəkətdə olarkən, dönmə işığını yandırmadığına görə yol polisi əməkdaşı tərəfindən saxlanılmış və sənədləri yoxlanılarkən, alkotestr müayinəsindən keçirilmiş və onun işkili olduğu müəyyən edilmişdir. Halbu ki, həmin gün saat 12:30-da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinədən keçmiş və onun ayıq olduğu müəyyən edilmişdir. Odur ki, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, inzibati orqanın nümayəndəsi naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati orqanın nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb qeyd edir ki, toplanmış sübutlarla Şəxs təqsiri tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Alkotestr müayinəsinin nəticəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 10:03-də Şəxs oğlunun müayinəsi zamanı onda alkoqol miqdarının 0.319 promil olduğu müəyyən edilmişdir. İnzibati işə əlavə olunmuş Şəxs oğlunun 13 fevral 2022-ci il tarixli izahatından görünür ki, Şəxs həmin gün saat 07-də az miqdarda spirtli içki qəbul etdiyini etiraf etmiş, həkim müayinəsinə getməyə ehtiyac olmadığını və alkotestr müayinəsinin nəticəsi ilə razı olduğunu bildirmişdir. İnzibati işə əlavə olunmuş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 2/2209 №-li xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, həmin gün saat 12:30-da tibbi müayinədən keçmiş Şəxs oğlunun ayıq olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AD seriyalı 206740 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs oğluna verilmiş BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2029-cu il tarixədək etibarlıdır. Məhkəmə, Şəxs oğlunun xx.xx.2022-ci il tarixdə saat 12:30-da sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə zamanı ayıq olması haqqında 2/2209 №-li xx.xx.2022-ci il tarixli Protokola əsasən inzibati məsuliyyətdən azad edilməsini mümkün saymır. Belə ki, müdafiə tərəfinin təqdim etdiyi həmin sənədlə müəyyən olunmuş hal, iş üzrə toplanmış digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs oğluna tənbeh növünün təyin edilməsi məsələsi müzakirə edilərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Şəxs oğlunun barəsində cərimə inzibati tənbeh növünün tətbiq edilməsini mümkün sayır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsinin sanksiyası çərçivəsində müəyyən edilmiş həddə cərimə ilə tənbeh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. AD seriyalı 206740 saylı sürücülük vəsiqəsi Şəxs oğluna qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-486/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-486/2022
10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver