Məhkəmə qərarları › İş №3(007)-4865/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4865/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4865/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Vəliyeva Nazlı Eldar qızının katibliyi, X1 iştrakı ilə, X2 Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31044795 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31044795 saylı qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şikayətçi şikayətində və məhkəmə iclasında şikayətini onunla əsaslandırlmışdır ki, Bakı şəhər X6 İdarəsinin inzibati Xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, EQ 31044795 saylı qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13:56 radələrində idarə etdiyi **-RE-*** dövlət nömrə qeydiyyat nişanlı minik avtobobili ilə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 25 ünvanında qayda pozuntusu ilə bağlı ASAN pay tədbiqindən bildiriş almışdır. ASAN kabinetə cərimə ilə bağlı gələn foto şəkillərdən açıq aşkar görünür ki, yazılan cərimə əsassızdır. Piyadalar piyada keçidinə daxil (1-ci zolaqda) olanda onun avtomobili 3-cü zolaqda piyada zolağının sonunda hərəkətdə olduğu açıq-aşkar BDYPİ-nin əlavə etdiyi fotoşəkildən görünür. Göründüyü kimi piyadaların hərəkətinə qətiyyən mane olmadığı, bundan əlavə onunla bərabər və ondan sonrada piyadaya yaxın 2-3 avtomobilin də piyadaya mane olmadığını açıq görsənir. Güründüyü kimi cərimə əsassızdır, Bakı şəhər X6 idarəsinin İnzibati Xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, EQ 31044795 saylı Qərarını qanunsuzdur. Qeyd olunanlara əsaslanaraq, Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31044795 saylı qərarın ləğv edilməsi və cərimənin silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqanın məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, EQ 31044795 saylı elektron qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək və işdə olan sübutları müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Təqsirsizlik prezumpsiyası prinsipindən bəhs edən İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin sübutların qiymətləndirilməsindən bəhs edən 84-cü maddəsində qeyd olunmuşdur ki, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş hər hansı hüquqi qüvvəsi yoxdur. İş materialları araşdırılan zaman müəyyən edilir ki, Ceyhun Aslanova cərimə yazılmasına əsas İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi olmuşdur. Məhkəmə həmin normanın nəzərdən keçirilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə görə sürücü tərəfindən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Qərardan şikayət vermiş şəxsin inzibati qaydada cərimə edilməsi üçün həqiqətən də qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqin tapmalıdır. Bir sözlə qərarı qəbul etmiş orqan sübuta yetirməlidir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs tərəfindən inzibati xəta törədilmişdir. İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2 və 99.3-cü maddələrində qeyd olunmuşdur ki, məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Şikayət vermiş şəxsə inzibati tənbeh tətbiq edilən normanın struktur elementi olub, subyektlərin hüquq və vəzifələrini, davranışın mümkün və icbari variantını nəzərdə tutan dispozisiyasına nəzər yetirilən zaman müəyyən edilir ki, şəxsə nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə cərimə tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun əsas anlayışlardan bəhs edən 1-ci maddəsinin 10-cu hissəsində göstərilmişdir ki, piyada keçidi - yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahə, yaxud mühəndis qurğusudur Həmin Qanunun 54-cü maddəsinin İ hissəsində qeyd olunmuşdur ki, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. İş materiallarında olan foto görüntülərdən müəyyən edilir ki, “X7 Hibrid” minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ceyhun Aslanov tərəfindən piyadaya piyada keçidində hər hansı maneə törədilməmişdir. Belə ki, foto görüntüdən görünür ki, piyadalar piyada keçidində 1-ci hərəkət zolağından 2-ci hərəkət zolağına daxil olarkən nəqliyyat vasitəsi 3-cü hərəkət zolağında piyada keçidinə daxil olur. Beləliklə. sürücünün hərəkətləri nəticəsində piyadanın hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi həmin foto görüntülərdən müəyyən edilmir. Bu halda sürücüyə cərimə tətbiq edilən inzibati normada göstərilən xəta tərkibi yaranmır. Çünki inzibati xəta tərkibinin yaranması üçün göstərilən normanın qeydindəki hərəkətlər olmalıdır. Həmçinin qərarında şikayət verilən orqan tərəfindən məhkəməyə təqdim olunmuş video materiala baxış keçirilərkən müəyyən olunmuşdur ki, “X7 Hibrid” minik markalı, **- RE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi piyada keçidinə daxil olarkən piyada keçidində hərəkət edən piyadalara heç bir maneçilik yaratmır, həmin piyadalar öz sürətlərini və hərəkət istiqamətlərini dəyişmədən, həmçinin dayanmadan eyni qaydada hərəkətə davam edirlər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsində “X7 Hibrid” minik markalı, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ceyhun Aslanovun hər hansı piyadaya yol verməməsi iş materialları ilə təsdiqini tapmır, onun əməlində inzibati xəta tərkibi yoxdur. Şəxsin həqiqətən də inzibati xəta törətmiş olması yetərli sübutlarla təsdiq olunmur. Həmçinin həmin şəxsin özünün təqsirli olmamasını sübuta yetirməsinə zərurət yoxdur. Bu təqsirsizlik prezumpsiyası prinsipindən irəli gəlir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsində müəyyən edilmişdir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati məsuliyyətin əsaslarından bəhs edən İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir (İnzibati Xətalar Məcəlləsinin 6.1 və 6.2-ci maddələri). Məhkəmə diqqətə çatdırır ki, Ceyhun Aslanov barəsində qərar qəbul edilərkən gəlinmiş nəticənin təsdiqi yetərli sübutlarla təsdiq edilməmişdir. Qeyd olunmalıdır ki, hazırki vəziyyətdə inzibati xəta haqqında protokolu tərtib edən və şəxsin təqsirli olmasına dair qərar qəbul edən vəzifəli şəxs sübut etməlidir ki, şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə də qərar qəbul edərkən konkret sübuta istinad etməlidir. Həmin sübut şəxsin təqsirliliyini təkzibedilməz qaydada müəyyən etməlidir. Məhkəmənin istinad etdiyi və əsaslandığı sübut İnzibati Xətalar Məcəlləsinin 75, 82-ci maddələrində əks olunan mövqeyə, yəni Qanunun tələblərinə uyğun məzmunda və növdə olmalıdır. Hakim həmin sübutları göstərilən Məcəllənin 84-cü maddəsinin tələblərinə uyğun əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsində təsbit edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, sadalanan xüsusatlara görə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, mübahisələndirilən inzibati xəta haqqında qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114, 115, 133-135-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində İXM-in 330.0.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 31044795 nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar