Məhkəmə qərarları › İş №3(007)-487/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-487/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-487/2025 17.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, qərardan şikayət vermiş X11 nümayəndəsi X3, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X7 iştirakları ilə, X11 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin 12 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. X17 tərəfindən şikayətlə yanaşı, qərardan şikayətə onun yaşayış yeri üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılması və qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlər verilmiş, hər iki vəsatət təmin olunaraq işə məhkəmədə mahiyyəti üzrə baxılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X8 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarı ilə barəsində 3500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qərarda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 555.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların tərəfindən törədildiyi qeyd olunmuş və Məcəllənin 34-cü maddəsi tətbiq edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə 3500 manat məbləğində cərimə tətbiq edilmişdir. Aşağıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmiş, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar nəzərə alınmamışdır: 1. Qərarda qeyd edilmişdir ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdiri X4 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alındığı və həmin gün qüvvəyə mindiyi, bu səbəbdən X4 Mil-Muğan Təhsil İdarəsində həmin tarixlər ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “bağça müdiri” vəzifəsi üzrə işlərin görülməsinə cəlb olunduğu müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta, yəni “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi” inzibati xətası törədildiyi qeyd olunmuşdur. Bununla bağlı bildirir ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdirinin xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əmək müqaviləsi mövcud olmuşdur. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə ümumi təhsil müəssisələrinin direktorlarını işə qəbul və işdən azad etmək səlahiyyəti “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə verilmişdir. Yəni məktəb direktorlarının işəgötürənləri dəyişdirilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli 3- 29/3-1-1519 K/2023/2 nömrəli əmri ilə Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdiri X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmiş və onunla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında xx.xx.2023-cü il tarixdən əmək müqaviləsi bağlanmışdır. X2 əmək münasibətləri fasiləsiz davam etmiş və onun hər hansı əmək hüququ pozulmamışdır. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə 6200 sayda təhsil müəssisəsinin rəhbərlərinin vəzifəyə təyin edilməsi barədə Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdə əmrlər verilmişdir. Təhsil müəssisələrinin sayının çoxluğu səbəbindən 6200 nəfərdən çox şəxsin əmək müqavilələrinin bir gün ərzində elektron informasiya sisteminə daxil edilməsi mümkün olmamışdır. Bundan əlavə, həmin vaxt elektron informasiya sistemində əvvəlki tarixlə əmək müqavilələri bildirişlərinin sistemə daxil edilməsi imkanı yaradılmışdır. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə müəyyən edilmiş hüquqi məsuliyyət qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə nəzərdə tutulmuşdur. Dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində əmək müqavilələrinin elektron informasiya sisteminə gec daxil edilməsi (əmək müqaviləsi vaxtında bağlanır) yalnız formal xəta ola bilər. Bu formal xəta ictimai münasibətlərə qəsd hesab edilmir. Bundan əlavə, həmin formal xətada da onun təqsiri olmamışdır. Eyni zamanda, X9 xx.xx.2022-ci il tarixdən Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdiri işləyir. Dolayısı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Əsassız olaraq barəsində həmin maddə ilə nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə cərimə tətbiq edilmişdir. 2. Qərarda qeyd edilmişdir ki, “Aynur” körpələr evi-uşaq bağçasının işçisi X6 ilə bağlı xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə hadisə günü məlumat verilməmişdir. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni “istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə” törədildiyi qeyd olunmuşdur. Bununla bağlı bildirir ki, baş vermiş bədbəxt hadisə barədə “Aynur” körpələr evi-uşaq bağçasının müdiri X1 və tabe olduğu Agentliyin Bakı şəhəri üzrə Təhsil İdarəsini xəbərdar etməmişdir. Məlumat üçün bildirir ki, Agentliyin tabeliyində 6200-dən çox təhsil müəssisəsi var və həmin təhsil müəssisələrinin rəhbəri onun tərəfindən vəzifəyə təyin edilir. Həmin təhsil müəssisələri Respublikanın ayrıayrı şəhər, rayon, qəsəbə və kəndlərində yerləşir. Yəni baş vermiş bədbəxt hadisədən onun məlumatının olması mümkünsüzdür. Burada bədbəxt hadisə deyəndə hansısa təhsil müəssisəsinin rəhbərinin iş vaxtı ərzində yüngül zədələnməsi başa düşülür. Məsələn, təhsil müəssisəsinin rəhbərinin ayağı burxulur və o, müayinə üçün həkimə müraciət edir və sair. Bu kimi hallar barədə onun məlumatlı olmağı mümkünsüzdür. Ümumiyyətlə, əmək qanunvericiliyində və həmin qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət müəyyən edən inzibati xətalar qanunvericiliyində işəgötürən anlayışından daha çox müəssisə rəhbəri kimi istifadə olunur. Aydındır ki, müəssisə rəhbəri işçilərlə bağlı məlumatlı olmalıdır və bu mümkündür. Lakin Agentliyin tabeliyində olan təhsil müəssisələrinin rəhbərlərinə münasibətdə, onlar Respublikanın ayrı-ayrı şəhər, rayon, qəsəbə və kəndlərində yerləşdiyi üçün, məlumatlı olmaq mümkün olmur. Çünki bu yalnız xəsarət alan təhsil müəssisəsinin rəhbərinin Agentliyə, tabe olduğu İdarəyə məlumat verməsindən asılıdır. Göründüyü kimi, inzibati xətanın törədilməsində - istehsalatda baş vermiş bədbəxt hadisə barədə X13 Xidmətinə hadisə günü məlumat verilməməsində təqsiri olmamışdır. Qanunvericiliyin tələblərinə əsasən, hesab edir ki, “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar ədalətli olmamış, qanunla qorunan ictimai münasibətlərə qəsd edən əməl mövcud olmamış, əməldə inzibati xəta əlamətlərinin bütün tərkibi mövcud olmamış, qərarda qeyd olunan əməlin törədilməsində onun təqsiri olmamış, qərarda qeyd olunan əməl onun öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı olmamışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X8 “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X11 nümayəndəsi X10 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X15 şikayətdə qeyd olunanlarla razılaşmayıb izahatında göstərmişdir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçi işə cəlb olunmuşdur. Belə ki, maddənin tərkibində göstərilir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minməsi üçün elektron informasiya sisteminə daxil edilməlidir. Burada işçinin sayının çoxluğu və ya azlığı hər hansı qeyd kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir. Burada da işçinin çoxluğu və ya azlığı səbəbindən məlumat verilməzsə bunun üzrlü səbəb kimi sayılması ilə bağlı hər hansı bir qeyd yoxdur. Qeyd olunanlara əsasən məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər İdarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Aynur” körpələr evi-uşaq bağçasının işçisi X6 ilə xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə X13 Xidmətinə məlumat verilməmiş, eyni zamanda vətəndaş X4 xx.xx.2023-cü il tarixli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alındığı və həmin gün qüvvəyə mindiyi, bu səbəbdən X20-Muğan Təhsil İdarəsində həmin tarixlər ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bağça müdiri vəzifəsi üzrə işlərin görülməsinə cəlb olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X11 barəsində 26 noyabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli və 03 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokollar əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 555.1-ci maddələri (İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 192.1-ci maddəsi) ilə nəzərdə tutulan inzibati xəta törətməyə görə 3500 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə ehtimal olunan xətanı törətmiş şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, əmək qanunvericiliyinə görə, əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında isə göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyində müddətlərin yuxarıda göstərilən qaydada hesablanmasını nəzərdə tutan və tənzimləyən normalar nəzərdə tutulmadığından, qanun analogiya üzrə tətbiq edilməlidir. Belə ki, məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə tənbeh edilməsinə, Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdiri X4 19 dekabr 2023-cü il tarixli əmək müqaviləsinin 19 yanvar 2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınması və həmin gün qüvvəyə minməsi, bu səbəbdən X4 Mil- Muğan Təhsil İdarəsində həmin tarixlər ərzində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən “bağça müdiri” vəzifəsi üzrə işlərin görülməsinə cəlb olunması əsas olmuşdur. Hansı ki, Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdirinin 21 noyabr 2022-ci il tarixdən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əmək müqaviləsi mövcud olmuşdur. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə ümumi təhsil müəssisələrinin direktorlarını işə qəbul və işdən azad etmək səlahiyyəti “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə verilmiş, bununla da məktəb direktorlarının işəgötürənləri dəyişdirilmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 15 dekabr 2023-cü il tarixli 3-29/3-1-1519 K/2023/2 nömrəli əmri ilə Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdiri X9 ilə bağlanmış əmək müqaviləsinə 18 dekabr 2023-cü il tarixdən xitam verilmiş və onunla Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi arasında 19 dekabr 2023-cü il tarixdən əmək müqaviləsi bağlanmışdır. Buradan da görünür ki, X4 əmək münasibətləri fasiləsiz davam etmiş və onun hər hansı əmək hüququ pozulmamışdır. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə 6200 sayda təhsil müəssisəsinin rəhbərlərinin vəzifəyə təyin edilməsi barədə Agentlik tərəfindən 19 dekabr 2023-cü il tarixdə əmrlər verilmişdir. Təhsil müəssisələrinin sayının çoxluğu səbəbindən 6200 nəfərdən çox şəxsin əmək müqavilələrinin bir gün ərzində elektron informasiya sisteminə daxil edilməsi mümkün olmamışdır. Bu texniki maneə nəzərə alınaraq həmin dövrdə elektron informasiya sistemində əvvəlki tarixlə əmək müqavilələri bildirişlərinin sistemə daxil edilməsi imkanı yaradılmışdır. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə müəyyən edilmiş hüquqi məsuliyyət qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə nəzərdə tutulmuşdur. Bu mənada, əmək müqaviləsi vaxtında bağlansa da, dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində əmək müqavilələrinin elektron informasiya sisteminə gec daxil edilməsinin yalnız formal xəta ola biləcəyi ilə bağlı dəlili məhkəmə əsaslı hesab edir. Ümumiyyətlə isə, bu formal xəta ictimai münasibətlərə qəsd hesab edilməməlidir, belə ki, Elm və Təhsil Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Beyləqan rayonu Yuxarı Aran qəsəbə uşaq bağçasının müdiri X9 ilə bağlanmış əmək müqaviləsinə 18 dekabr 2023-cü il tarixdən xitam verilmiş, 19 dekabr 2023-cü il tarixdən isə əmək müqaviləsi bağlanmaqla onun əmək münasibətləri fasiləsiz davam etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, ehtimal olunan inzibati xəta 19 dekabr 2023-cü il tarixdə, əmək müqaviləsinin elektron informasiya sistemində qeydiyyata alınmaması ilə törədilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli Qərarında izah edilmişdir ki, hüquq nəzəriyyəsində “davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. “Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi müəyyən edilmiş inzibati xətalara (məsələn, əmək qanunvericiliyinin pozulmasına) görə tənbeh xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 9 mart 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. Normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Bir müddəanın müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. Bu mənada, məhkəmə qeyd edir ki, ehtimal olunan inzibati xətanın törədilmə vaxtı, əmək müqaviləsinin bağlandığı 19 dekabr 2023-cü il tarixindən törədilmiş hesab olunmaqla uzanaraq 19 yanvar 2024-cü il tarixdə elektron informasiya sistemində qeydiyyata alınanadək davam etmiş və həmin gün bitmişdir. Müvafiq səlahiyyətli orqanın mübahisələndirilən 12 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvəyə minmədiyindən, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən Qərarı ilə gəldiyi hüquqi mövqe baxımından Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X12 münasibətdə insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi təmin edilməli, onun uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını alınmalı, əmək qanunvericiliyinin pozulmasına görə tənbehin xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilməsi nəzərə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə tənbeh edilməsinə, “Aynur” körpələr evi-uşaq bağçasının işçisi X6 ilə bağlı 27 avqust 2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə hadisə günü məlumat verilməməsi əsas olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi - həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində təsbit edilmiş inzibati xətanın törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edilməli olduğu gün hesab edilməlidir, çünki qanunverici istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün məhz hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi halında həmin maddə ilə məsuliyyət nəzərdə tutmuşdur. Qeyd edildiyi kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində 6200-dən çox təhsil müəssisəsi vardır və həmin təhsil müəssisələri Respublikanın ayrı-ayrı şəhər, rayon, qəsəbə və kəndlərində yerləşir. Bu mənada, Agentliyin rəhbərinin baş vermiş bədbəxt hadisədən onun baş verdiyi gün məlumatının olmasının mümkünsüz olması realdır, bu, yalnız xəsarət alan təhsil müəssisəsinin rəhbərinin Agentliyə, tabe olduğu İdarəyə məlumat verməsindən asılıdır. Ona görə bu formal xəta da ictimai münasibətlərə qəsd hesab edilməməlidir. Müddətlərin saatlar, günlər, aylar və illərlə hesablandığı, müddətlər günlərlə hesablanarkən müddətin birinci gün gecə saat 12-də başlayıb, müddətin sonuncu gününun gecə saat 12-də qurtarması nəzərə alındıqda, məhkəmə hesab edir ki, baxılan iş üzrə inzibati xətanın törədilmə tarixi 27 avqust 2024-cü il tarixi kimi qəbul edilməli, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etməyə imkan verən dörd aylıq müddətin axımı həmin tarixdən başlanmalı, 27 dekabr 2024-cü il tarixdə isə həmin müddət başa çatmış hesab olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X11 şikayətində irəli sürülən dəlillər öz təsdiqini tapmışdır, baxılan şikayətə münasibətdə əməlində inzibati xəta tərkibi olmadığından, eləcə də inzibati məsuliyyətə cəlb etmə müddətləri keçdiyindən mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 555.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməyə görə 3500 manat məbləğində inzibati cərimə növündə tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Bakı şəhər idarəsinin rəis müavini X16 tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar