Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4873/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətini, şikayətə əlavə olunan sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 məhkəməyə şikayət verərək, barəsində olan 05 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti ona əlavə edilən sənədlərlə birlikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xətalar qanunvericiliyinə görə, məhkəmədə inzibati xəta haqqında işlərə baxılması iki mərhələdən ibarətdir: inzibati xəta haqqında işin baxılmağa hazırlanması və işin mahiyyəti üzrə baxılması. Hər bir mərhələ icraatın müstəqil hissəsi olmaqla yanaşı, hər birinin özünə məxsus məqsəd və vəzifələri vardır ki, bu da, öz növbəsində inzibati xəta haqqında materialların məntiqi ardıcıllıqla baxılmasını ehtiva edir. Başqa sözlə, işin baxılmağa hazırlanması zamanı Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsində göstərilən hallar ardıcıl həll edilməli, bundan sonra işə mahiyyəti üzrə baxılmaqla yekun qərar qəbul edilməlidir. İstinad olunan maddənin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 noyabr 2021-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, ... inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsinin təyinatı iş üzrə sübutların qiymətləndirilməsinə yönələn hərəkətləri etmədən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxılması üçün şəraitin təşkil edilməsindən, onun uğurla həyata keçirilməsi üçün ilkin təminatların yaradılmasından ibarətdir... Şikayətdən, eyni zamanda şikayətə əlavə olunan qərardan görünür ki, X3 daha əvvəl məhkəməyə şikayət verərək, barəsində olan 05 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli, 3(007)-3084/2025 nömrəli qərarı ilə şikayət qismən təmin edilmiş, həmin qərar ləğv olunmuş və inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsinin X5 İdarəsinə göndərilmişdir. Buna baxmayaraq, X3 məhkəmə qərarı əsasında ləğv olunaraq araşdırılması üçün göndərilmiş eyni qərardan təkrarən şikayət vermişdir. Beləliklə, hesab edirəm ki, X1 şikayəti geri qaytarılmalı, müvafiq araşdırma nəticəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında yeni qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ izah olunmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118 və 128-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 05 may 2025-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti geri qaytarılsın. Müvafiq araşdırma nəticəsində səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında yeni qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-4873/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4873/2025
17.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver