Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-4876/2023 02.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Ermənistan Respublikasının Ararat rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:10-da ünvan 3 ünvanında yerləşən “Şirin Bəbələr” uşaq bağçasında məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 300 (üç yüz) manat gəlir əldə etdiyi müəyyən olunmuşdur. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin ONİ-nin dövlət vergi müfəttişi Ç.T.Nəbiyev və B.R.Qasımova tərəfindən xx.xx.2023-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, ünvan 4 ünvanda yerləşən “Şirin Bəbələr” uşaq bağçası və tədris mərkəzi 2023-cü ilin yanvar ayından fəaliyyət göstərir. Uşaq bağçasında 3-6 yaş arasında olan uşaqların təlim və tərbiyyəsi ilə müvafiq sahədə təhsil alan müəllimələr məşğul olurlar. Bağça həftədə 5 gün, səhər saat 08:00-dan 18:00-dək fəaliyyət göstərir. Əvvəllər bağça kimi fəaliyyət göstərsədə, hal-hazırda obyektin təyinatını dəyişərək tədris mərkəzinə çevirmək qərarına gəlmiş, lakin obyektin şəraiti standartlara cavab vermədiyinə görə xüsusi razılıq lisenziya ala bilməmişdir. Obyektdə hal-hazırda 11 uşaq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyyəsi ilə məşğul olurlar. Bir nəfər uşağın aylıq təhsil haqqı 100 manat təşkil edir. Bağça fəaliyyəti ilə əlaqədar olaraq fəaliyyət göstərdikləri dövrdə təxminən xərclər çıxdıqdan sonra 300 manat gəlir əldə etmişdir. Onun fəaliyyət göstərdiyi sahə üzrə lisenziya tələb olunmadığı üçün, əməlində hər hansı inzibati xətanın tərkibi yoxdur. Qeyd olunanları nəzərə alaraq əməlində Azərbaycan Respublikası İXM-nin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, AZ1119, ünvan 5 ünvanında yerləşən, Şəxs (VÖEN **********) məxsus olan “X2 Mərkəzi” (**********-16001) adlı obyektdə xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi ilə bağlı operativ vergi nəzarəti keçirilməsi qərara alınmışdır. İşdə olan lisenziya tələb olunan fəaliyyət növləri ilə belə lisenziya olmadan məşğul olan şəxslərin aşkar edilməsi üzrə operativ vergi nəzarətinin nəticələri haqqında xx.xx.2023-cü il tarixli, DVX seriyalı, 000694 nömrəli aktdan görünür ki, “Şirin Bəbələr” uşaq bağçasında Şəxs lisenziya tələb olunduğu halda belə lisenziya olmadan məktəbəqədər təhsil fəaliyyəti (bağça) ilə məşğul olduğu müəyyən edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs “Şirin Bəbələr” uşaq bağçasında məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya tələb olunduğu halda, belə lisenziya olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta törətməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarı nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qıznın məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xəta nəticəsində əldə edilmiş gəlirin iki misli miqdarında, yəni 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-4876/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-4876/2023
02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver