Məhkəmə qərarları › İş №3(007)-4891/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-4891/2024

23.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-4891/2024 23.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qədirli Nigar Aftandil qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində baxaraq müəyyən etdi: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola görə Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1044/2023 saylı, xx.xx.2023-cü il tarixli və 2(007)- 1088/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasından boyun qaçıraraq Nizami rayon İcra Şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.5-ci maddəsinə görə inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli protokol tərtib olunsa da, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1490/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi sübuta yetrilimədiyindən və inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmamışdır. Beləliklə, icra məmuru tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin 528.1-ci maddəsi qeyd edilməli olduğu halda, İXM-nin 528.1-1-ci maddəsi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə geri qaytarılsın. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar